Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:14

Buna görə Azərbaycanı tərk edir


Əli Evsen Türkiyədən Azərbaycana gəlsə də, türk mətbuatı onu artıq azərbaycanlı iş adamı kimi təqdim edir

Mediada «Evsen Group»un prezidenti, Türkiyə vətəndaşı Əli Evsenin Azərbaycandan birdəfəlik getməsilə bağlı xəbərlər dolaşır. Yayılan xəbərlərə görə, Ə.Evsen Fransanın «Eagle», Albaniyanın isə milli aviaşirkəti olan «Albanian Airlines»i satın aldıqdan sonra Azərbaycandakı biznes strukturlarını sataraq Tiranaya köçüb.

EVSENİ UÇ(M)AĞA MƏCBUR EDƏN SƏBƏBLƏR

Evsen 1989-cu ildən Azərbaycan iqtisadiyyatına böyük sərmayə yatıran xarici investorlardan sayılır. Əli Evsen Türkiyədən Azərbaycana gəlsə də, türk mətbuatı onu artıq azərbaycanlı iş adamı kimi təqdim edir.

Şirkətin Şamaxıda məişət avadanlıqları və Fransanın «Peugeot» şirkətinin bazasında AZSAMAND markalı avtomobillər istehsal edən iki zavodu, xalça sexi, Bakıda isə geniş spektrli «Elit» adlanan ticarət mərkəzi, eyni adlı oteli var. Əli Evsenin yaratdığı son qurum isə «A lizinq» şirkətidir.

«Evsen Group»un ölkədən getməsinin əsas səbəbi kimi yüksək rütbəli məmurlarla indiyə qədər qüvvədə olan qeyri-rəsmi pay bölgüsünün dəyişdirilməsi göstərilir. Yerli mətbuat iddia edir ki, yeni qaydalarla razılaşmayan Evsen Azərbaycandakı biznesini oliqarxlardan birinə sataraq ölkədən birdəfəlik gedib.

İCRA BAŞÇISI FORUMA NİYƏ GƏLMƏDİ?

İqtisadi İnkişaf Nazirliyinin (İİN) keçmiş əməkdaşlarından birinin sözlərinə görə, 2008-ci ilin ilk aylarından şirkət üzərində qara buludlar görünməyə başlayıb. Nazirliyin sabiq əməkdaşı Əli Evsenin 2008-ci ilin may ayında Şamaxıda 23 dövlətin qatıldığı beynəlxalq forum keçirməsini də önləyici tədbir kimi dəyərləndirir:

- O zaman foruma rəsmilərdən yalnız İİN-in təmsilçiləri qatıldı. Hətta Şamaxı rayon İcra Hakimiyyətinin başçısı tədbirdə bir neçə dəqiqə oturmaqla kifayətləndi. Məncə, bu, hakimiyyətin şirkətə rəsmi münasibətindən xəbər verirdi. Çünki Şamaxıda xeyli sayda iş yerləri açan, Azərbaycanda indiyə qədər görünməmiş texnologiyaların istehsalına başlayan bir şirkətə münasibət tamamilə fərqli olmalıydı.

Müsahibim foruma 2 gün qalmış Şamaxının girəcəyində magistral yolun təmir adı ilə qazılmasını, qonaqların forum keçirilən məkana kəndlərarası palçıqlı yollarla gəlməsini də bu anlaşılmaz münasibətə misal kimi göstərir.

DİN VƏ İQTİSADİYYAT MƏSƏLƏSİ

İİN təmsilçisindən başqa forumda bir də Şeyxülislam Allahşükür Paşazadə iştirak edib. Şeyx isə Ə.Evsenilə yaxın qohumdur. 2005-ci ildə Paşazadənin yeganə oğlu Əli Evsenin qızı ilə evlənib.

Evsenin bir neçə ay bundan əvvəl aldığı «Eagle aviations» şirkəti Səudiyyə Ərəbistanında geniş kontraktlar udması ilə məşhurdur.

Nazirliyin keçmiş işçisi bildirir ki, bundan sonra Ə.Evsenin hakimiyyətdə ən yaxın münasibətləri olduğu Heydər Babayev də vəzifəsindən kənarlaşdırılandan sonra sərmayəçinin ölkədə dayaqları xüsusilə zəifləyib.

Şamaxı sakinləri isə bildirirlər ki, Əli Evsenin zavodları bir müddət fəaliyyətini dayandırdıqdan sonra işini yenidən bərpa edib.

«EVSEN GROUP» İŞLƏYİR

«Evsen Group» isə yayılan xəbərləri təkzib edir. Şirkətin adını çəkməyən nümayəndəsi AzadlıqRadiosuna bildirib ki, «Evsen Group»un bütün strukturları öncəki qaydada işləyir:

- Şamaxıdakı zavodlar, Bakıdakı bütün şirkətlər öncəki qaydada fəaliyyətini davam etdirir. «Evsen Group» öz biznesini inkişaf etdirməkdədir. «Albanian Airlines»in alınması deyilənlərə sübutdur.

Əli Evsenin Bakıda olub-olmadığını soruşanda isə, şirkətin təmsilçisi bildirdi ki, o, hərdən Bakıya gəlir.
Qubad İbadoğlu
Elə şirkətin rəsmi İnternet səhifəsində də son xəbər «Albanian Airlines»in alınması ilə bağlıdır. Xəbərlər son dəfə 2008-ci ilin avqustunda təzələnib.

PƏRVİZ, ARABUL, EVSEN…

Bir müddət öncə Azərbaycanda armatur istehsalı ilə məşğul olan xarici investor Paolo Pərvizə məxsus «Baku-Steel Company»nin bağlanmasını, «Barmek-Azərbaycan» MMC-nin prezidenti Hüseyn Arabulun həbsi ilə müşayiət olunan qapanmasını, indi isə ölkədə avtomobil və məişət texnikası istehsal edən yeganə zavodun sahibi ilə yaranan problemi ekspertlər hakimiyyətin iqtisadiyyatın bütün sahələrini öz monopoliyalarında saxlamaq cəhdi kimi dəyərləndirir. İqtisadçı Qubad İbadoğlu:

- Bu, investor yox, daha çox kapital məsələsidir. Azərbaycanda müəyyən miqdarda kapital sahibi olan şəxslər hakimiyyətə tabe olmalı, onun proqramlarını maliyyələşdirməlidir, ya da öz kapital və imkanlarından imtina edib ölkədən getməlidir. Burada əsas məsələ həmin iş adamının nə qədər kapitala nəzarət etməsidir. Bu isə daha çox siyasi məsələdir. Baş verənlər açıq şəkildə göstərir ki, hakimiyyət şəxslərin sərəncamında böyük kapitalın olmasından əndişələnir. Buna görə də istənilən yolla həmin insanların ölkədən uzaqlaşdırılmasına çalışır. Əgər Paolo Pərvizin timsalında bu, belə demək mümkünsə, xoşluqla baş verdisə, Arabulun timsalında məsələ hətta investorun həbsinə qədər gedib çıxdı.

Qubad İbadoğlu deyir ki, bu səbəbdən son illər xarici investorlar Azərbaycana böyük sərmayə yatırmır. Ölkə içərisində əlində böyük kapital toplanan xarici investorların sırası isə çox seyrəlib. Hakimiyyətə yaxın münasibətləri olduğu bildirilən «Azersun Holding» Şirkətlər Qrupunun prezidenti Abdolbari Goozaldan başqa qeyri-neft sektorunda xarici investor demək olar qalmayıb.

Rəsmilər isə ölkədə azad sahibkarlıq mühitinin cəlbedici olduğunu bildirirlər. Hər yarımilin iqtisadi yekunları ilə bağlı Nazirlər Kabinetinin geniş tərkibli toplantılarında prezident İlham Əliyev son illər Azərbaycanda xarici investorlar üçün geniş imkanlar yaradıldığını, bu sahə üzlə qanunvericilik bazasının təkmilləşdirildiyini deyir və xarici investorları dayanıqlı Azərbaycan iqtisadiyyatına investisiya qoymağa çağırır.
XS
SM
MD
LG