Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 00:03

Nəzir qutusu yoxsullar üçün deyil


Orucluğun axırıncı günündən bayram namazına qədər hər dindar fitrə zəkatı verməlidir
Orucluğun axırıncı günündən bayram namazına qədər hər dindar fitrə zəkatı verməlidir
Ramazan ayı bitdi, daha doğrusu, bayram namazı qılındı. Müsəlman adətinə görə, orucluğun axırıncı günündən bayram namazına qədər hər dindar fitrə zəkatı verməlidir.

HƏR KƏSİN SÜFRƏSİ

«Təzə Pir» məscidinin axundu Faiz Nağızadə deyir ki, hər müsəlman adambaşına ya 3 kilo buğda, ya arpa, ya xurma və yaxud da düyü götürməli və bunu gündəlik çörəkpulu qazana bilməyən adama verməlidir. Əgər borcunu natura şəklində yox, pulla ödəmək istəyirsə, onda bu, ərzaq məhsullarından birini bazar qiymətlərinə uyğun hesablayır.

Axundun sözlərinə görə, imkanlı ailələr fitrəni bahalı ərzaq məhsulunun qiymətilə də hesablaya bilərlər. Kasıblara, yoxsullara fitrə paylamağın mənası odur ki, müsəlman aləmində müqəddəs ay sayılan Ramazan bayramında hər bir kəs süfrə aça bilsin.

YOXSULU HARDAN TAPMALI?

Axund Faiz Nağızadə deyir ki, hər bir müsəlman orucluq girəndən gərək fitrəsini kimə verəcəyini müəyyənləşdirsin. Qohum-əqrəba, qonşu arasında fitrəyə ehtiyacı olan ailəni müəyyənləşdirsin. Yoxsa, bayrama bir-iki gün qalmış əl-ayağa düşməklə fitrəsini gecikdirə bilər:

- Bəs məscidlərdən yoxsulları tapmaq üçün kömək istəyənlər olurmu?

- Olur. Gəlirlər ki, kimə verək, ya da bizə verirlər. Amma biz təbliğat aparmışıq ki, məscidə fitrə vermək günahdır. Əvvəllər 300-500 manat yığılırdı. İndi az adam gətirib verir.

- Bəs siz neyləyirsiz o pulu?

- Bizə müraciət eləyən yoxsullara veririk. Elə indicə qabağınızla bir qadın gəlmişdi, (xatırlayıram ki, mən axundun otağına yaxınlaşanda bir qadınla qız uşağı pilləkənləri enirdi - S.A.) dedi ki, yetimə baxır, əri ölüb. Biz də sənədlərinə baxdıq, gördük ki, doğurdan da yoxsul ailədi. Fitrədən verib yola saldıq.

- Sizdən pul istəyən şəxs mütləq sənəd göstərməlidir ki, yoxsul olduğuna inanasız?


- Əlbəttə, inam olmalıdır. Yoxsa fitrə verənin ayağında qalar bu borc. Ödənilməmiş sayılar.

- Bu qadına nə qədər verdiz?

- 55 manat.

«NƏZİR QUTUSUNA FİTRƏ ATMAQ OLMAZ»

- Bəs nəzir qutusuna fitrə atmaq olarmı?


- Xeyr. Bayaq dediyim kimi, fitrə mütləq sahibinə çatmalıdır. Nəzir qutusuna atanda məsuliyyət qalar bizim ayağımızda.

- Bəs sizə müraciət edən fəqirlərə nəzir qutusuna yığılan puldan yardım edirsizmi?

- Xeyr. Nəzir qutusuna yığılan pullar yalnız məscidin saxlanmasına yönəlir. Bunun o qədər kommunal xərci var ki…Hələ işçilərin maaşı. Hamısı məscidin hesabınadır. Dövlət məscidə heç bir vəsait ayırmır axı.

- Nəzir qutusu hər gün açılır, yoxsa, müəyyən günlərdə?


- Ayda bir və ya iki dəfə. Hər məscidin də komissiyası var. Bu komissiyanın iştirakıyla nəzir qutusu açılır.
XS
SM
MD
LG