Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:22

«Azərbaycan hökumətindən müsbət siqnallar aldıq»


Yan Mikallef
Yan Mikallef
Avropa Şurası Azərbaycan hökumətini bələdiyyələrə keçiriləcək seçkilərin demokratikliyini təmin etməyə çağırıb.

Yerli və Regional Hakimiyyətlər Konqresi sədrinin səlahiyyətlərini icra edən Yan Mikallef sentyabrın 12-də mətbuat konfransında belə deyib:

«Əvvəlki seçki ilə bağlı hesabatda göstərdiyimiz çatışmazlıqlar növbəti seçkilərə qədər öz həllini tapmalıdır ki, nəticədə azad və müstəqil seçkilər keçirilmiş olsun. Ümid edirəm ki, siyasi partiyalar da bu seçkilərdə iştirak edəcəklər»

Konqres seçkiqabağı situasiyanı, həmçinin seçkiləri qiymətləndirmək üçün müşahidə missiyası yollamaq niyyətindədir. Seçkiqabağı kampaniyada sərbəst toplaşmaq və ifadə azadlığının təmin edilməsinə xüsusi diqqət yetiriləcək.

Avropa Şurası Konqresini narahat edən məqamlardan biri də Azərbaycan Konstitusiyasının 146-cı maddəsinə dövlətin bələdiyyələr üzərində nəzarətini nəzərdə tutan düzəlişin edilməsidir.

Y.Mikallef Azərbaycan hökumətindən artıq müsbət siqnallar aldıqlarını deyir:

«146-cı maddəyə edilən dəyişikliklər qüvvəyə minməzdən əvvəl rəy üçün Venesiya Komissiyasına təqdim olunacaq. Söz verdilər ki, Azərbaycan hökuməti ilə Konqres arasında müvafiq məsləhətləşmələr də keçiriləcək».

Y.Mikallef Bakı Bələdiyyəsinin yaradılması və paytaxt merinin seçilməsi barədə xüsusi qanunun qəbul edilməsinin zəruriliyini qeyd edib:

«Bu, yeni bir təklif deyil. Bu təklifi biz 6 il əvvəl irəli sürmüşdük. Bu dövr ərzində başqa paytaxt şəhərlərində artıq merin seçilməsi qanunvericiliklə müəyyən olunub, o cümlədən Tbilisi və Yerevanda».

Y.Mikallef bələdiyyələr sahəsində qanunvericiliyin təkmilləşdirilməsi üzrə tədbirlər cədvəlinin tərtib olunmasını istəyir:

«İndiyə qədər Azərbaycanda yerli idarəetmə sistemi məhdud səlahiyyət, məhdud imkanlar, məhdud maliyyə və məhdud muxtariyyətə malik olan bir sistemdir. Ona görə də biz xahiş etdik ki, Özünüidarəyə dair Avropa Xartiyasının baza tələblərinin hansı formada yerinə yetiriləcəyi barədə ciddi bir plan təqdim olunsun».

«Tövsiyələrin yerinə yetirilməsinin gecikdiriləcəyi təqdirdə Konqres Azərbaycan üzrə xüsusi məruzəçi təyin edə bilər», - deyə Mikallef jurnalistlərin suallarına cavab verərkən bildirib.
XS
SM
MD
LG