Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 10:53

İntiharlar artır...


Təkcə avqust ayında 30-a yaxın intihar hadisəsinin çoxu ölümlə nəticələnib
Təkcə avqust ayında 30-a yaxın intihar hadisəsinin çoxu ölümlə nəticələnib
«Mən intihara hazırlaşanda ancaq ölmək istəyirdim. Dərman içdim. Ancaq elə oldu ki, evdəkilər duyuq düşdü, xəstəxanaya tez çatdırdılar. Həkimlər də həyatımı xilas elədi. İndi fikirləşirəm ki, nə yaxşı onda ölmədim...»

Bir neçə il əvvəl intihara cəhd eləmiş Tamilla Qurbanova deyir ki, ölmək istəyinə nişanlısıyla dalaşması səbəb olmuşdu.

Bu ilin yaddaqalan intihar hadisələrindən biri ali məktəblərə qəbul imtahandan keçə bilməmiş yeniyetmənin özünü öldürmək cəhdi oldu. O, çoxlu dərman qəbul etsə də, xoşbəxtlikdən sağ qaldı.

STATİSTİKA APARILMIR, ANCAQ İNTİHARLAR ARTIR

Psixoloqlar deyirlər ki, son illərdə Azərbaycanda intihar edənlərin sayı artıb. Ölkədə intihar edənlərin statistikası aparılmasa da, hüquq-mühafizə orqanlarının qeydə aldığı rəqəmlər təkcə avqust ayında 30-a yaxın intihar hadisəsinin çoxu ölümlə nəticələnib.

İntihar edənlər arasında sahibkar, iki uşaq anası, gənc oğlan və qız, ailəli kişi, tənha adamlar da var. Bu siyahıda 70-80 yaşlı adamların və 5 nəfər məktəblinin olması isə psixoloqları daha çox düşündürür:

«İldən-ilə Azərbaycanda intiharların sayı artır. Bu daha çox adamların qapalı yaşayış şəraitinə üstünlük verməsi, hər şeyin ona darıxdırıcı gəlməsiylə bağlıdır. Elm-texnika inkişaf edir, insanda adaptasiya getmir. Əvvəllər beləydi ki, qadınlar daha çox intiharlardan danışırdılar, kişilər isə intihar edirdilər. Son zamanlar isə qadınların intihar etməsi çoxalıb».

Regional Psixologiya Mərkəzinin baş psixoloqu Dəyanət Rzayev deyir ki, Azərbaycandakı intiharların səbəbləri sırasında iqtisadi faktorlar, ailə problemləri, anlaşılmazlıq öndə dayanır.

«İNSAN ÖZ PROBLEMLƏRİYLƏ TƏNHA QALANDA İNTİHARA DAHA ÇOX MEYLLİ OLUR»

Bunu Azərbaycanın baş psixiatrı, Tibb Universitetinin Psixiatriya Kafedrasının müdiri Gəray Gəraybəyli deyir. O deyir ki, yeniyetmələr arasında intiharların artmasının xüsusi araşdırmaya ehtiyacı var :

Gəray Gəraybəyli
«Nə vaxtsa yeniyetmələr və uşaqlar arasında intihar halları nadir hallarda olurdu. Son zamanlar isə bu artıb. Bu xüsusilə araşdırılmalıdır. Bu iki qat, on qat faciədir. Yeniyetmələr çox qapalı olurlar. Onların arasında intiharların sayının artması isə psixoloji gərginlik, stress, həm də son vaxtlar eşitdiyimiz, xüsusi ideologiyaya meyllənmələriylə bağlı ola bilər. Naməlum ideologiya onların daxili aləmini dəyişir, valideyn isə onu bilmir».

Baş psixiatr deyir ki, valideynlər bu dövrdə uşaqlarına daha yaxın olmalı, onların problemləriylə çox maraqlanmalı, qapalı olmalarına imkan verməməli, onlarla dostlaşmalıdırlar.

«İNTİHAR EDƏNİ DƏLİXANAYA YOX, XƏSTƏXANAYA APARMAQ LAZIMDIR»

«Həkimlər intihar edənlərə düzgün tibbi yardım göstərə bilmirlər. Psixoloq Dəyanət Rzayev deyir ki, onun pasienti az qala həyatını itirəcəkmiş:

«Mənim bir xəstəm vardı, şizofreniyadan əziyyət çəkirdi. Çoxlu dərman içmişdi. Təcili Yardım kömək üçün psixiatrik briqada gətirmişdi. Ancaq əvvəlcə onu toksikologiyaya aparıb həyatını xilas etmək lazım idi. Onu ruhi xəstəxanaya aparmışdılar, bu adam isə ölürdü. Sonra təzədən toksikologiyaya göndərmişdilər».

DƏRDİNİZİ BÖLÜŞÜN

Bəs intihar etmək istəyən bundan necə çəkinməlidir? Baş psixiatr Gəray Gəraybəyli:

«İntihar edən adam onu çəkindirə biləcək saman çöpündən yapışır. Tapanda bu onu intihardan çəkindirə bilər, tapmayanda isə özünə əl qaldırır. Məsləhət görərdim ki, adamın problemi varsa, bunu gizlətməsin. Mütəxəssisə, yaxın bildiyi adamlara dərdini danışsın. Hər bir vəziyyətdən çıxış yolu var. Problemi danışmaqdan utanıb çəkinmək lazım deyil».

Mütəxəssislər deyir ki, indi fəaliyyəti sıfır dərəcəsində olan psixoloji xidmətlərin fəaliyyətini artırmaq vacibdir. Bu da adamları intihar cəhdindən çəkindirə bilər.
XS
SM
MD
LG