Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:44

Hər il təxminən 1 milyon adam intihar edir


Səhiyyə Nazirliyinin baş psixiatrı Gəray Gəraybəyli
Səhiyyə Nazirliyinin baş psixiatrı Gəray Gəraybəyli

Baş psixiatr Gəray Gəraybəyli: «Özünə qəsd edənlərin 65-70 faizi psixi cəhətdən tam sağlam insanlardır»

«Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hər il təxminən 1 milyon adam özünü öldürür. Bu rəqəmin təxminən 1 faizi Azərbaycanın payına düşür». «Can Bakı» proqramının qonağı olan Səhiyyə Nazirliyinin baş psixiatrı Gəray Gəraybəyli belə deyir.
Onun sözlərinə görə, əslində, dünyada intiharların dəqiq statistikası yoxdur. Çünki bir çox sui-qəsd halları qeydiyyatsız qalır:

«Ümumdünya Səhiyyə Təşkilatının açıqlamasına görə, dünyada intiharların sayına görə birinci yeri Macarıstan və İsveç bölüşür. Son iki ildə Azərbaycanda da belə statistika aparılır. Suisidoloqların fikrincə, Azərbaycanda intihar halları 1 faizin ətrafındadır. Dünya ölkələri ilə nisbətdə bizim ölkədə bu sahədə elə də böyük artım yoxdur».

Gəray Gəraybəylinin sözlərinə görə, Azərbaycan Tibb Universitetinin psixiatriya kafedrasında bir nəfər doktorluq dissertasiyası, iki nəfər isə namizədlik dissertasiyasını məhz suisidologiya sahəsinə həsr edib: «Apardığımız araşdırmaların nəticəsini yaxın aylarda açıqlayacağıq».

Həkim onu da dedi ki, dünyada özünə qəsd edən insanların təxminən 15 faizi psixi xəstədir. Digər 15 faizi psixiatr və psixoloqun nəzarətində ola bilərdilər: «Yəni, bu insanlar psixi xəstə deyillər. Lakin hansısa şəxsiyyət pozuntuları, psixoloji problemləri olub. Bəlkə də vaxtında həkimə müraciət etsəydilər, sui-qəsdin qarşısı almaq mümkün olardı. Maraqlıdır ki, intihar edənlərin 65-70 faizi psixi cəhətdən tam sağlam insanlardır».

Gəraybəyli onu da dedi ki, intihar üzrə dünyada cavanlar arasında qadınlar, orta yaşlılar arasında isə kişilər üstünlük təşkil edir. Şəhərdə sui-qəsdlərin sayı daha çoxdur. Kənd yerlərində intihara nadir hallarda rast gəlinir.

Gəray Gəraybəylinin əlavəsinə görə, Azərbaycanda intihar hallarının qarşısını almaq üçün psixoloji problemləri olan insanlar üçün xüsusi məsləhətxanalar yaratmalı, psixiatr və psixoloqların cəmiyyətə rolunu qaldırmaq lazımdır: «Yeri gəlmişkən, dünyada intihar probleminin profilaktikası cəmi 25 faiz həkimlərin üzərinə düşə bilər. Qalan 75 faiz isə qeyri-tibbi məsələlərlə bağlıdır».
XS
SM
MD
LG