Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 15:39

Üç qardaş və narkotik vasitə hekayəti


Həqiqət Zeynalova
Həqiqət Zeynalova
Bakı sakini Həqiqət Zeynalovanı «Qaynar xətt»ə gətirən səbəb oğul dərdidir. Bəlkə də oğlanlarının desək, daha yerinə düşmüş olar. Çünki Həqiqət xanımın 3 oğlu narkotik vasitə satmaqda günahlandırılıb və həbsə alınıblar. Həqiqət xanım oğlanınlardan ikisinin narkotika istifadəçisi olduğunu etiraf eləyir, amma deyir ki, onlar narkotik vasitə satmayıblar. Ananın iddiasına görə, bu, polisin qurduğu işdir.

Həqiqət Zeynalova danışır ki, bu ilin fevral ayında bir yerdə yaşadığı oğlunun ardınca polis gəlib, amma evdə onlardan ayrı yaşayan iki oğlu olub. Polis də onları həbs eləyib. Həqiqət xanımın sözlərinə görə, oğlanları vaxtilə narkotika üstündə həbs olunublar. Qayıdaq indiki hadisəyə. Həqiqət Zeynalova iddia eləyir ki, Yasamal rayon Polis İdarəsinin bəzi əməkdaşlarına vaxtaşırı pul ödəyib ki, onun uşaqlarına dəyməsinlər. İddiasına görə, daha pul vermədiyi üçün oğlanları narkotika tələsinə salınıb:

- Mən Raminlə yaşayıram, polislər də onun arxasınca gəlmişdilər. Amma o evdə yox idi. O biri iki oğlum isə mənə baş çəkməyə gəlmişdilər. Əgər order Raminin adına olubsa, o ikisini niyə həbs elədilər? Mən Yasamal rayon Polis İdarəsinin bəzi əməkdaşlarına pul verirdim ki, oğullarıma dəyməsinlər.

- Nə vaxt verirdiz? Hər ay, yoxsa hər il?

- Elə olurdu ki, hər ay pul dalınca gəlirdilər.

- Nə qədər verirdiz?

- 3 min istəyiblər, 2 min vermişəm, 200 manat verdiyim olub. Qohum-qonşu borc verməkdən bezmişdi. Uşaqlar deyirdi ki, niyə verirsən? Deyirdim ki, qorxuram sizi yenə tutalar, mən yenə türmə yolunda qalam. Ramin məktub yazıb ki, özümü öldürəcəm. Mən dözə bilmirəm artıq. Anayam mən…

«POLİSDƏN ŞİKAYƏT ETSİN»

Həqiqət xanımın məktubundan danışdığı oğlu Ramin Zeynalovdur. O, məktubunda məhkəmənin tez-tez təxirə salınmasından narahat olduğunu yazır və deyir ki, əgər məhkəmə prosesi başlamasa, həyatına qəsd edəcək. Elə bu ərəfədə Zeynalovların vəkili İlqar Abdullayevdən məlumat aldıq ki, artıq üç qardaşın məhkəməsi başlayıb. Vəkilin ittihama münasibəti barədə bir az sonra danışacağıq. Hələlik, Həqiqət Zeynalovanın polislərlə bağlı iddiası barədə. Biz Yasamal rayon Polis İdarəsinin məsələyə münasibətini öyrənmək istəsək də, rəis müavini İslam müəllim sualımızı eşitmək belə istəmədi. Amma Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov məsələyə öz münasibətini açıqladı:

- Xanım razı deyilsə, polisləri günahlandırırsa, buyursun şikayət yazsın. Ya Daxili İşlər Nazirliyinə, ya da Respublika Prokurorluğuna. Bakı Şəhər Baş Polis İdarəsinə də müraciət edə bilər. Onun da şikayəti araşdırılsın, hüquqi qiymətini alsın.

«STAJLI» HAL ŞAHİDLƏRİ

Narkotik maddə saxlamaqda və satışında günahlandırılan Zeynalovların isə artıq məhkəməsi başlayıb. Onların vəkili İlqar Abdullayev məhkəmə istintaqında ortaya çıxanlardan danışır:

- İş üzrə əsas şahidlərin hamısı polis əməkdaşları və onların dəvət etdiyi hal şahidləridir. Halbuki bizdə dəqiq məlumat var ki, həmin şahidlər digər işlər üzrə də hal şahidi qismində iştirak ediblər.

- Bunu təsdiqləyəcək sübutlarınız varmı?

- Var, bir neçə məhkəmə hökmü var ki, bu hal şahidləri həmin məhkəmə proseslərində də hal şahidliyi ediblər. Digər məqamlar da budur ki, polislər ziddiyyətli ifadələr verdilər. Bu da onu göstərir ki, hadisə heç də ittiham tərəfinin dediyi kimi olmayıb.

«PULUMU VERİN!»

Bakı sakini Raya Əsədova isə iki il əvvəl «Akkord» Şirkətlər Qrupundan pulunu hər ay ödəmək şərtilə ikiotaqlı mənzil alıb. Amma 24 aydan sonra artıq yerdə qalan pulu ödəyə bilməyəcəyini görüb müqaviləyə uyğun mənzili geri qaytarmaq istəyib. Mənzil geri qayıdandan 3 gün sonra başqa birinə satılıb. Amma Raya Əsədova müqavilə şərtinə uyğun ona ödənməli pulunu ala bilmir.

- Hər gün zəng eləyirdim. Axırda məni çağırdılar ki, gəl pulundan bir azını apar. Mənə 9 min manatdan çox pul ödəməlidirlər. Getdim, mənə 2 min manat təklif elədilər ki, 2300 manatı da sonra apararsan. Dedim ki, qalan məbləğ nə qədərdir? Dedilər ki, 4300.

Raya Əsədovanın problemiylə bağlı «Akkord» Şirkətlər Qrupunun ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afaq Quliyevaya müraciət elədik. Afaq xanım məsələni araşdırandan sonra bildirdi ki, Əsədovanın pulu ödəniləcək, bunda heç bir problem yoxdur:

- Xanım intizamlı müştəri olub, hər ay pulu ödəməkdə şirkətə heç bir problem yaratmayıb. Sadəcə, onunla maliyyə şöbəsi arasında anlaşılmazlıq yaranıb. Onun pulu ödəniləcək.

- Ümumiyyətlə, belə hallarda müştəriyə pul nə vaxta qədər qaytarılmalıdır? Müddət limiti varmı?

- Uzun çəkməyəcək. Yəqin ki, yaxın vaxtlarda xanımın pulu qaytarılacaq.

ÜNVANLI SOSİAL YARDIMI İKİ AYDIR VERMİRLƏR

Bakının Sabunçu rayonunda yaşayan Surxay Rzayev isə ünvanlı sosial yardımı vaxtlı-vaxtında ala bilmir. Deyir ki, ayda alacağı 80 manatdır, onu da son iki aydır ki, vermirlər:

- Mən başa düşmürəm, əgər bu, yardım sayılırsa, deməli, hər ay verilməlidir. Bu insanların yardıma ehtiyac varsa, o, çörək alıb yeməlidirsə, bu gün yeməlidir də. İki ay gözləməli deyil ki…

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ünvanlı sosial yardım şöbəsiylə əlaqə saxladıq. Əməkdaşlardan birinə dinləyicimizin şikayətini çatdırdıq və təxminən bir neçə dəqiqədən sonra cavab aldıq ki, bəli, Surxay Rzayevin dediyi kimi, son iki ayın ünvanlı sosial yardımını almayıb. Amma bunun elə də ciddi səbəbi yoxdur. Artıq pulun verilməsinə başlanıb.

Buna da bax:

XS
SM
MD
LG