Keçid linkləri

2024, 16 May, Cümə axşamı, Bakı vaxtı 15:13

Dana oğurluğunda ittiham olunan YAP-çı


Elşah Mirzəyev deyir ki, indi ona təzyiqlər edilir ki, polisdən şikayətçi olmasın
Elşah Mirzəyev deyir ki, indi ona təzyiqlər edilir ki, polisdən şikayətçi olmasın
Salyanda siyasi vəziyyət heç də ürəkaçan deyil. Rayondakı siyasi partiya nümayəndələrinin dediyinə görə, indi Salyanda siyasətlə məşğul olmaq təhlükəli və riskli bir peşəyə çevrilib. Rayon müxalifətçiləri deyirlər ki, siyasətlə məşğul olanda onlara meydan, əkinçiliklə məşğul olanda isə kombayn vermirlər:

«Sənin əkin sahən varsa, sabah onu suvarmaq problemi ortaya çıxa bilər. Sahəni əlindən ala bilərlər. Kombaynı, traktoru sahənə buraxmaya bilərlər. Adam müxalifətçi olanda nə olar, axı o da ailəsini dolandırmalıdır. O, taxıl əkir, bir il əziyyət çəkir ki, ailəsini dolandırsın. Və yaxud kimsə bazarda alver edirsə, deyirlər, sabahdan bu yerə çıxma. Sanki bələdiyyə sədrləri, sahə müvəkkilləri, ərazi nümayəndələri yuxarılar qarşısında öhdəlik götürüblər ki, onların nəzarət etdiyi ərazidə müxalifətin fəaliyyətinə imkan verməyəcəklər».

DADI QAÇAN DOSTLUQ VƏ KİLİDİ PAS ATAN PARTİYA QAPILARI

Müsavatçı deyir ki, qərargahları var, amma ora hərdənbir gedir
Müsavat Partiyasının Salyan rayon təşkilatının sədri Mirzağa Axundovla evlərinin qarşısında görüşdüm. Dediyindən belə aydın oldu ki, qərargahları var, amma ora hərdənbir gedir. Bu da səbəbsiz deyil. Gedən kimi ev sahibinin atası ondan gərargahı boşaltmağı tələb edir. M.Axundov deyir ki, kirayələdiyi mənzil onun uşaqlıq dostunundur. Dostuyla yola getsələr də, atası başqa fikirdədir:

«Atası iki gündən bir gəlib deyir ki, müəllim, qərargahı boşalt, məni incidirlər, artıq bezmişəm».

Müsavatçı deməsə də, araşdırmalarımızdan məlum oldu ki, üç ildən bəri ondan kirayə haqqı ala bilməyən ev sahibi kirayənişini çıxarıb həmin qərargahda mağaza açmaq istəyir.

Rayonda qərargahı olan iki-üç partiyadan biri də Milli İstiqlal Partiyası olsa da onun nümayəndəsini heç cür tapa bilmədim. Amma qərargahın qapısına vurulan kilidin paslanması bura çoxdan kimsənin ayaq basmamasından xəbər verirdi.

Yeni Azərbaycan Partiyasının rayon təşkilatı isə şəhərin mərkəzində bütün şəraiti olan iki mərtəbəli qərargahda yerləşir.

DANA OĞURLUĞUNDA İTTİHAM OLUNAN YAP-ÇI

«Əgər mən oğruyamsa, məhkəmədə bunu sübut eləsinlər, nə iş düşür versinlər. Niyə məndən rüşvət alıb buraxırlar?»

Belə odlu-alovlu danışan YAP-ın Salyan rayon təşkilatının üzvü Elşah Mirzəyevdir. O, Salyanın Şəkərli kəndində yaşayır. YAP-çı olmaqla yanaşı, həm də rayon Baytarlıq İdarəsinin kənddəki nümayəndəsidir. Dana oğurluğunda ittiham olunan Elşah Mirzəyev bu ilin aprelində polis bölməsinə aparılıb və iki gün orda saxlanandan sonra sərbəst buraxılıb. Amma polisdən çıxanda məlum olub ki, onun buraxılması üçün qardaşından 1500 manat pul alınıb:

«Azərbaycanda hansı demokratiyadan danışırlar ki, məni həbs edib sonra da qardaşımdan 1500 manat alırlar».

YAP-ÇI NİYƏ SOYUNMAQ ÜÇÜN POLİSDƏN AYRICA OTAQ İSTƏYİB?

Polis bölməsində Elşah Mirzəyevə Yeni Azərbaycan Partiyasının üzvü olması da kömək etməyib:

«Gəldim polis bölməsinə, bileti təqdim elədim, dedim ki, mən YAP-ın üzvüyəm və belə hərəkətlərə yol vermərəm. Polis dedi ki, ondan hərənin cibində beş dənə var».

Elşah Mirzəyev iddia edir ki, belə olan halda onu cibinə narkotik maddə atmaqla hədələyiblər:

«Mən polisə dedim ki, əlini yığışdırsın, cibimdə nə var özüm göstərəcəm, dedim mənə ayrıca otaq verin, lap paltarımı da soyunacam».

POLİSDƏ XATIRLANMAYAN XATİRƏLƏR

Amma Salyan rayon polisində YAP-çının dediklərini heç kim xatırlamır. Deyirlər, aprel ayı polisdə kadr dəyişiklikləri dövrü olduğundan kimin-kimə rüşvət verib-aldığından xəbərsizdilər.

YAP-çı həbsdən azad olunması üçün qardaşının polislərə verdiyi pulu qaytarıb. Amma indi o, qardaşından pul alan polislərin cəzalandırılmasını istəyir. Elşah Mirzəyev deyir ki, bir tərəfdən, onu dana oğrusu çıxarıblar, üstəlik, özü həbsdə ola-ola qardaşından pul alıb onu əsassız yerə xərcə salıblar:

«Gedək Şəkərli kəndinə, görün mağazalara nə qədər borcum var. Mən borclarımı ödəyə bilmirəm».

Elşah Mirzəyev deyir ki, indi ona təzyiqlər edilir ki, polisdən şikayətçi olmasın. Amma YAP-çı bu işin sonuna cıxacağını deyir:

«Lap mənə güllələnmə versinlər, bu işin axrına çıxacam, görüm əgər həqiqətən də İlham Əliyev mən düşündüyüm kimi prezidentdirsə, üzləşdiyim bu haqsızlığa necə reaksiya verəcək».

Salyan rayon polisində YAP-çının dediklərini heç kim xatırlamır
YAP-çı çox ümidlidir ki, onun bu müraciətindən sonra həbsdən buraxılması üçün qardaşından rüşvət alan polislər cəzalandırılacaqlar.

Bələdiyyə seçkilərinə üç aydan bir az çox vaxt qalsa da, nə rayondakı siyasi partiyalarda, nə də ictimai qurumlarda bu sahədə hazırlıq işləri hiss olunmur. Demokratiyaya Yardım İctimai Birliyinin sədri Emil Məmmədov isə deyir ki, rayonda bələdiyyə seçkilərinə marağın belə zəif olması əslində, bələdiyyələrin getdikcə səlahiyyətsiz qurumlara çevrilməsi, daha çox icra hakimiyyətinin bir şöbəsinə çevrilməsilə bağlıdır. Hüquq müdafiəçisinə görə, onların ötən il apardığı araşdırmalardan belə aydın olub ki, onsuz da heç bir yerdən gəliri olmayan bələdiyyələr onlara büdcədən dotasiya kimi ayrılan pulları da rayonda aparılan hansısa abadlıq işlərinə xərcləməyə məcbur ediliblər.
XS
SM
MD
LG