Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:27

Salyanda narkomaniya


Ekspertlər deyir ki, narkomaniyanın regionlarda inkişafına səbəb işsizlikdir
Ekspertlər deyir ki, narkomaniyanın regionlarda inkişafına səbəb işsizlikdir
Salyan sakinləri deyir ki, burda qız verməyə oğlan tapılmır. Sizcə Niyə?! Oğlanlar işləmək üçün rayonu tərk edib? Yox! Məsələ bunda deyil. Heç rayonda oğlanların sayının az olması da problem deyil. Əslində qız ataları etiraf edir ki, Salyanda istənilən qədər oğlan var, amma qız verməyə oğlan yoxdur.

Belə atalardan biri qızını istəyən oğlanın kimliyini araşdıranda məlum olub ki, hamının tərbiyəli, əxlaqlı və savadlı bir şəxs kimi tanıdığı həmin oğlanı bu yaxınlarda narkotik istifadəçisi kimi polis saxlayıbmış. Heç polisin də inanmağı gəlməyib ki, saxladığı gənc narkomandır. Amma reallıq budur ki, təkcə bu ilin altı ayı ərzində Salyanda narkotiklərlə bağlı 80-ə yaxın fakt aşkarlanıb. Bu faktların çoxu narkotiklərin satışı və istifadəsilə bağlı olub.

«SALYAN BİR İLƏ TANINMAZ DƏRƏCƏDƏ DƏYİŞƏCƏK»


Rayon polisində 6 ay ərzində nə qədər narkotik maddə tutulduğunu konkret rəqəmlərlə deməsələr də, külli miqdarda olduğunu bildirdilər. İndiyə qədər narkotik bitkilər əkilmiş xeyli sahə aşkarlanaraq məhv edilib. Üstəgəl İrandan gələn xeyli miqdarda heroin, həşiş və tiryək tutulub. Rayon polisində hesab edirlər ki, bu qədər fakt heç paytaxt Bakının ən böyük rayonlarında da yoxdur. Polisin etiraflarına görə, qız verməyə oğlan bir yana, artıq rayonda narkomaniya orta məktəblərə də ayaq açıb. Bu ilin martında fəaliyyətə başlayan rayon polis şöbəsinin rəisi Fuad Məmmədli deyir ki, onlar rayonda narkomaniyaya ölüm elan ediblər. Rayon polisi söz verir ki, Salyanı bir il ərzində tanınmaz dərəcədə dəyişdirəcəklər, narkotiklərin kökünü kəsəcəklər. Bəzi məlumatlara görə, əslində bu ilin martında rayon polisindəki dəyişiklik də elə Salyandan yuxarılara gedən ciddi məlumatlarla bağlı olub. Yeni polis rəisinin qarşısına narkomaniyaya qarşı ciddi mübarizə aparmaq tələbi qoyulub.

Salyan rayon Polis Şöbəsi
Amma rayon sakinləri deyir ki, əgər belə mübarizə varsa, onda nəticə hanı. Gəncləri məhv edən hansı narkobaron həbs edilib, hansı ciddi fakt üzə çıxarılıb?

NARKOBARONLAR HƏRƏSİ BİR YERƏ QAÇIB

Rayon polisi isə bir müddət əvvəl bir narkobaronun həbs edildiyini misal gətirir. Həmin şəxsin həqiqətən narkobaron olub-olmadığını məhkəmə müəyyənləşdirəcəkmiş, amma istintaq bitməmiş həbsxanada dünyasını dəyişib. Hər halda, polis rəisi deyir ki, rayonda at oynadan narkobaronların bir qismi həbs edilib, qalanları da hərəsi bir yerə qaçıb. Polis rəisi deyir ki, onların narkomaniyaya qarşı mübarizəsinə çətinlik yaradan bir məsələ var ki, bu da polisin təqib elədiyi adamların hay-küy salmasıdır.

Polis rəisi prezidentə məktub yazıb günahsız olduğunu, həbs olunan oğlunun azadlığa buraxılması üçün polisin ondan 20 min manat rüşvət istədiyini bildirən Səməd Məmmədovun da narkobaron olduğunu deyir. Rayon məhkəməsinin qərarı ilə bu ilin iyulunda 3 aylıq həbsə məhkum olan Səməd Məmmədovun həyat yoldaşı Xatirə Məmmədova isə deyilənləri təkzib edir. O iddia edir ki, evlərindən tapılan narkotik maddəni də, tərəzini də polislər özləri onların evinə qoyublar:

«Deyirlər narkotik kitabın arasından tapılıb, amma mən nə qədər elədim kitabı istintaq materialı kimi götürmədilər. Bundan başqa deyirlər bizim evdən narkotik maddə ölçmək üçün tərəzi də tapılıb. Amma bizdə heç vaxt elə tərəzi olmayıb, onu polislər özləri gətirib qoyublar».

3 aylıq həbsə məhkum olan Səməd Məmmədovun həyat yoldaşı Xatirə Məmmədova
Amma istintaq materialları içərisində həbsdə olan Səməd Məmmədov və onun oğlunun yazdıqları izahat var. Burada onlar evlərindən narkotik maddənin tapıldığını etiraf ediblər.

«İNDİ ÜÇ DƏFƏ HƏCCƏ GEDİB GƏLƏN DƏ NARKOMAN ÇIXA BİLƏR»


Rayonda narkotiklərin polisin təzyiq vasitəsinə çevrilməsi barədə xeyli söz-söhbətlər də var. Adamlar deyirlər ki, əslində narkotik maddə məsələsi insanlara təzyiq etmək, onları qorxutmaq və pul almaq üçün yaxşı vasitədir. Müsavat Partiyası Salyan Rayon Şöbəsinin sədri Mirzağa Axundov deyir ki, əslində siyasi fəaliyyəti məhdudlaşdırmaq üçün də narkotik maddə məsələsindən geniş istifadə olunur:

«Narkomaniya bizim siyasi fəaliyyətimizin bəlasıdır. İstənilən siyasi fəaliyyətdə, hətta xoş niyyətlə seçkilərdə iştirak etmək istəyəndə də üzümüzə deyirlər özünüzü yığışdırın sizi atarıq içəri. İstənilən adamı, hətta üç dəfə həccə gedib-gələn adamı narkomanlıq maddəsilə həbs edə bilərlər. O bizdə çox asan işdir. Hələ bizim özümüzü narkomaniya ilə tutmurlar mən onlara təşəkkür bildirmək istəyirəm. Belə bir vəziyyət var rayonda. Amma indi deyirlər narkomaniyaya qarşı mübarizə aparırlar. Əgər həqiqi mübarizə aparırlarsa sağ olsunlar. Amma uşaq-muşağı tuturlarsa, baronlar, dillerlər, nə bilim krallar azadlıqda qalırsa bu mübarizə deyil».

Demokratiyaya Yardım İctimai Birliyinin rəhbəri Emil Məmmədov
Mirzağa Axundova görə, əgər narkotik maddə sərhəddən keçirsə, demək bu ticarəti yuxarılarda himayə edənlər var. Onun fikrincə, himayədarları olmayanlar nə külli miqdarda narkotik maddəni sərhəddən keçirməyə, nə də onu satmağa heç vaxt cürət etməzlər.

Polis rəisi deyir ki, yersiz hay-küy, prezidentə şikayətlər narkomaniya ilə mübarizəyə mane olur. Amma burda problemin kökünü kəsmək həm də ona görə çətindir ki, Salyan tranzit yolun üzərində yerləşir.

Yuxarılarda narkobaronları himayə edən qüvvələrin olduğunu rayon polisində də etiraf edirlər. Burdakı əməkdaşların dediyinə görə, narkoticarətçilər problemsiz fəaliyyət göstərmək yçün polisə 300 min manat verməyə belə hazırdırlar.

«Yəni gizlətmək lazım deyil. Bu işlər polisin «xeyir-duası» ilə baş verirdi. Bu isə Salyandakı Demokratiyaya Yardım İctimai Birliyinin rəhbəri Emil Məmmədovdur. Hüquq müdafiəçisi narkomaniyanı rayonun ən ciddi problemi sayır. Onun sözlərinə görə, son 6-7 ildə rayonda narkotik maddələrin yayılmasının bir başa polis tərəfindən himayə olunması heç kimə sirr deyildi.

«Hətta Daxili İşlər Nazirliyinin yoxlamalarından sonra bir neçə polis əməkdaşı buna görə işdən uzaqlaşdırıldı, düzdür bu polislər başqa adla işdən çıxarılsa da, rayon sakinləri nazirliyin bu addımını alqışladılar. Hətta polis rəisinin dəyişdirilməsi də narkomaniyaya qarşı mübarizəni xeyli gücləndirdi».

Hüquq müdafiəçisinə görə, bu ö demək deyil ki, indi Salyanda polisin fəaliyyəti çox nümunəvidir.

«İndi narkotik maddə satanlar, istifadə edənlər əvvəllər olduğu kimi polisə aparılandan sonra pul alınıb buraxılmır. Amma bunun əvəzində indi rayonda bəzi polis əməkdaşlarının insanları əsassız polisə aparması halları, insan hüquqlarının kobud pozulması halları xeyli çoxalıb. O gün olmur ki bizə bu barədə müraciət daxil olmasın».

Narkomaniyaya qarşı aparılan mübarizəyə baxmayaraq hüquq müdafiəçisi rayonda problemin hələ də gənclər arasında ciddi olduğunu deyir. Ekspertlər deyir ki, narkomaniyanın regionlarda inkişafına səbəb işsizlikdir. Salyanda sosial-iqtisadi problemlər barədə növbəti reportajlarımızda danışacağıq.
XS
SM
MD
LG