Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:03

«Danışıqlar davam etsə, gərginlik də azalacaq»


Vadim Dubnov
Vadim Dubnov
İyulun 17-də Azərbaycan və Ermənistan prezidentləri Moskvada görüşəcəklər. Növbəti dəfə Dağlıq Qarabağ münaqişəsini müzakirə etmək üçün. Bakıda danışıqlarda dönüş olacağına ümid qalmayıb. Bəs Rusiyadan baxanda bu görüş haqda nə düşünürlər? «Azadlıq» radiosunun rus xidmətinin şərhçisi Vadim Dubnova da bu sualla üz tutduq.

VASİTƏÇİLƏR MƏQSƏDLƏRİNƏ ÇATACAQLAR?

-Mən danışıqlardan prinsipial dəyişikliklər gözləmirəm. Yalnız bir şey baş verəcək, tərəflər artıq açıqlanmış Madrid prinsiplərini geniş şəkildə, rəsmən qəbul edəcəklər. Bu da gələcək fəaliyyət və növbəti təmaslar üçün əsas verəcək. Prezidentlər razılaşsalar, bu həm də çərçivə sazişinin hazırlanması yönündə komissiya yaradılmasına səbəb olacaq. Amma konkret nəsə baş verməyəcək. Sadəcə, hər iki prezident öz ölkəsinə qayıdarkən bəyanat verəcək ki, danışıqlarda müəyyən uğur əldə edilib. Bu prezidentlərin edəcəyi iş. Vasitəçilərin və ümumiyyətlə, bu danışıqların iştirakçılarının isə qarşısında bir məqsəd durur – bölgədəki gərginliyi bir qədər azaltmaq. Əliyevlə Sarkisyan Madrid prinsiplərini sonrakı danışıqlar üçün ümumi baza kimi qəbul etsələr, həmsədrləri təbrik etmək olar. Demək ki, onlar başlıca vəzifələrinin öhdəsindən gəliblər. Gərginliyi hansısa formada azaltmaq mümkün olacaq.

AZƏRBAYCANLA ERMƏNİSTANIN MÖVQELƏRİ UZLAŞA BİLMƏZ…

- Vadim, necə fikirləşirsiniz, Azərbaycan və Ermənistan prezidentlərinə razılığa gəlmək üçün nə mane olur? Bu yenə də Dağlıq Qarabağın statusu məsələsidir, yoxsa siyasi iradələri çatmır?

- İş ondadır ki, Azərbaycanın da, Ermənistanın da mövqeləri qətiyyən uzlaşmır. Uzlaşa da bilməz. Çünki Azərbaycan Dağlıq Qarabağın müstəqilliyini tanıya bilməz. Ermənistan isə Dağlıq Qarabağın Azərbaycanın bir hissəsi olması fikrini qəbul etmir. Bu başlıca məsələdir. Danışıqılarda razılığın əldə olunmaması bax bununla, mövqelərin heç cür uzlaşmaması ilə bağlıdır. Yanaşmalardakı fərqlər də özünü göstərir. Azərbaycan mərhələli həllin tərəfdarıdır, Ermənistan isə paket həllin. Bu da konkret razılığa gəlməyə imkan vermir.

DANIŞIQLAR DAVAM ETMƏSƏ…

- Bir ildə prezidentlər altı dəfə görüşüblər və bu da az deyil. Nəticə əldə olunmursa, bəlkə danışıqları dayandırmaq lazımdır?

- Bilirsiz, adətən belə yerdə deyirlər ki, danışıqları davam etdirmək daha yaxşıdır, nəinki dayandırmaq. Danışıqlar dayananda vəziyyət daha da gərginləşir. Ötən ilin avqustunda Gürcüstanda baş verənlərdən sonra məlumdur ki, Qafqazda istənilən anda vəziyyət nəzarətdən çıxa, gərginlik arta bilər.

«MÜNAQİŞƏNİN HƏLLİ RUSİYANIN PLANINA DAXİL DEYİL»

- Bakıda belə fikirlər var ki, razılığın əldə edilməsi üçün Rusiya indiki məqamda tərəflərə, daha doğrusu, Ermənistana təzyiq göstərməlidir. Bu haqda nə düşünürsünüz?

- Rusiya nə Ermənistana, nə Azərbaycana real təzyiq göstərə bilməz. Rusiya üçün bu faktın özü vacibdir ki, danışıqlar üçtərəfli keçsin. Bu halda o başlıca vasitəçiyə çevrilir. Bu formal baxımdan belə görünəcək. Əslindəsə bu görüş hər üç vasitəçinin səyi nəticəsində mümkün olub. Dediyim kimi Rusiya təpki göstərə bilməz, sadəcə, vəziyyətdən məqsədləri üçün yararlana bilər. Bunu da edir. Bilirsiniz ki, Ermənistanın Türkiyə ilə yaxınlaşması Rusiyaya fürsət yaratdı ki, Azərbaycanla uğurlu oyun oynasın. Azərbaycan da Moskva ilə Qərb arasında manevr etməyə başladı. Moskva da bu vəziyyətdən məqsədləri üçün istifadə etdi. Bax bir tərəfdən buna görə, münaqişənin həlli yönündə konkret nəticənin əldə olunması mümkün deyil. O biri tərəfdənsə bu həm də Rusiyanın planlarına daxil deyil. Məhz münaqişənin tənzimlənməməsi Rusiyanı vacib tərəfə çevirir. Bu da indiki məqamda Rusiyanın başlıca məqsədi sayılır.

QARABAĞ DANIŞIQLARI İLƏ BAĞLI FORUMDA İŞTİRAK ET.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG