Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 22:48

İranda siçan-pişik oyunu


İranda xarici agentliklərin müxbirlərinə küçə nümayişlərindən məlumat verməyə icazə vermirlər. Bu işi iranlılar özləri görür
İranda xarici agentliklərin müxbirlərinə küçə nümayişlərindən məlumat verməyə icazə vermirlər. Bu işi iranlılar özləri görür
O QƏDƏR QADAĞA VAR Kİ…

İranda etiraz etməyin nə qədər çətin olduğuna bir neçə misal. Hələ indiki siyasi etirazlardan qabaq Mühafizə Şurası bütün qəzetlərə qadağan olunan mövzuların siyahısını göndərmişdi. Hətta daxildə benzinin qiyməti də qadağan olunan mövzular siyahısında idi.

Və yaxud İranda bu yaz paltarı qaydası ilə geyinməyən neçə adam saxlanıb? – 150 min. Bunu ölkənin polis rəisi deyir.

Və yaxud hökumət mətbuatı keçmiş prezident Xatəmini ittiham edirdi ki, Romada olanda tanımadığı qadına əl verib. Bununla da islam qaydalarını pozub.

İrandan son xəbərlər
Bütün bunları «Nyu York Times» yazır və bu baxımdan İranda etiraz həm də asandır - o qədər qadağa var ki, indi bunlardan birini pozmağın özü artıq etirazdır - istədiyin kimi geyinmək, istədiyin mövzuda yazmaq, tanımadığın qadına əl vermək…

«Sərhədsiz Reportyorlar»ın «ən böyük media həbsxanası» adlandırdığı İranda siçan-pişik oyunu gedir. Bu ifadə «Associated Press» agentliyinindir. İranlılar gizlincə mobil telefonlarla küçədən şəkillər ya video çəkirlər. Burda əsas qoçaqlıq odur ki, pişiklər - polislər bunu görməsin, yoxsa tutacaqlar ya da döyəcəklər.

İranda xarici agentliklərin müxbirlərinə küçə nümayişlərindən məlumat verməyə icazə vermirlər. Bu işi iranlılar özləri görür. Sonra da çəkdikləri videoları, şəkilləri «YouTube»a qoyurlar. İranda SMS göndərmək və ya telefonla danışmaq çox təhlükəli olub, ona görə etirazçılar bundan istifadə etmirlər.

İRANDA PEYK ANTENNALARINA DA QADAĞAN YADA DÜŞÜB

«Associated Press» yazır ki, iranlılar küçədən şəkil çəkməkdə Ginnesin rekordlar kitabına düşəcəklər. Küçədən – polis zorakılığından şəkillər çəkmək və yaymaq İranda bəlkə də ən geniş yayılmış və fəal etiraz formasıdır.

İranda etirazlar başlayandan hökumət onlarla saytı bağlayıb və İnternetin sürətini çox aşağı salıb.

Hökumətin internetə qoyduğu filtrin əleyhinə proqram olmasa, iranlılar «YouTube»a, «Twitter»ə, «Facebook»a çıxa bilmirlər.

Telefonların SMS xidməti demək olar ki, işləmir.

İranda satellit televiziyası texniki baxımdan qadağandır. Ancaq buna göz yumurdular. Etirazlar başlayandan İranda peyk antennalarına da qadağan yada düşüb.

Belə şəraitdə iranlılar neyləyirlər? 28 yaşlı tehranlı Saminejad «Twitter»lə gündə 5 min adama onlarla mesaj göndərir. O deyir ki, onun filtr əleyhinə proqramı var, hökumət internetə nəzarət edə bilmir və bilməz də.

«ALLAHU ƏKBƏR»

İranda etirazların özünəməxsus formalarına gəldikdə, heç də hamı nümayişə, dəyənək qabağına, gözyaşardıcı qaza qarşı çıxa bilmir, ancaq etirazçılarla həmrəydir.

Belə adamlar yaşıl lent ya yaylıq bağlayırlar. Evlərinin kəndarından göyə yaşıl rəngdə şar buraxırlar.

Bir az aktiv olanlar «Allahu Əkbər» qışqırırlar. Polis ya bəsic bunun əleyhinə gedə bilmir. Təkcə müsəlmanlığa görə yox. «Allahu Əkbər» İran islam inqilabının əsas şüarıdır. Bunu qışqıranı polis döyə bilməz. Ona görə bəziləri şüar deyib, axırına «Allahu Əkbər» əlavə edirlər, məsələn, «Diktatora ölüm», «Allahu Əkbər». Maşınları olanlar işıqlarını yandırıb-söndürürlər. Gizli yolla qəzet buraxırlar. Qəzetlərin adları maraqlıdır - «Səbz», «Kəlami Səbz».

«Səbz» sözü adlarda mütləq işlənir, bu da «yaşıl» deməkdir. Yaşıl rəng etirazçıların simvoludur. Başqa gizli qəzetin adı «Xiyaban»dır. Bu da yenə dolayı da olsa, yaşıllıq mənasındadır.
XS
SM
MD
LG