Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 12:07

Ərk Qalası dağılır


Ərk Qalası, may 2009
Ərk Qalası, may 2009
Siyasi rejimlər dəyişdikcə, İrandakı tarixi abidələr də cildən-cildə düşür. Təbrizdəki Ərk Qalasının muzeylərdəki şəkilləri və indiki görünüşü bunu deyir.

«Azadlıq» radiosunun əməkdaşı Abbas Atilayın Təbrizdə bələdiyyə binasının arxiv muzeyində gördükləri:

«1967-ci ildə qalaya bayırdan pilləkənlə çıxmaq olurmuş. İndi pilləkən hissəsi tamamilə sökülüb. 1967-ci ildən daha əvvəllərə aid foto isə göstərir ki, tarixi Ərk Qalası dörd qala divarından ibarət imiş. Sonralar isə qalanın giriş divarı uçurdulub».

25 ildən artıqdır ki, Təbrizdən Oslo şəhərinə köçmüş azərbaycanlı Əsəd Tağızadənin uşaqlıq xatirələri Ərk Qalası ilə bağlıdır. O, qalanın yaxınlığındakı məhəllələrdən birində yaşayıb:

«Ərkin arxa divarlarında toplardan açılan atəş izləri var idi. O divar Səttarxanın səngəri idi. O zaman Ərk topla vurula-vurula yıxılmayıb. Bu, mənim üçün bir ideal idi ki, Ərk ayaq üstədir, Təbriz ayaq üstədir. Biz düşünürdük ki, Ərk nə qədər ki, topla yıxılmayıb, Təbrizin inqilabçılığı da yıxılmayacaq. Onun ətrafında bir bağ da vardı, indi dağıdıblar oranı. Əvəzində namaz üçün bir yer düzəldiblər, bu da ki onun arxitekturasını bir-birinə vurub».

Əsəd Tağızadə hesab edir ki, İran hökumətinin abidələrə münasibətində milli ayrı-seçkilik özünü göstərir:

«1967-ci ildə qalaya bayırdan pilləkənlə çıxmaq olurmuş. İndi pilləkən hissəsi tamamilə sökülüb»
«Qeyri-fars millətlərin abidələrinə əhəmiyyət verilmir. O cümlədən Ərk Qalasına. Orda yüksək amfiteatr var idi, inqilabdan sonra söküb-dağıtdılar. Məncə, bu, assimilyasiya siyasətinin əsasındadır. İranda belə bir şüar var ki, «Bir məmləkət, bir millət, bir etnik, bir dil, bir tarix» olmalıdır. Bunu sübut etmək üçün də gərək o biri azlıqların, o biri millətlərin abidələri, tarixləri də aradan gedə. Hətta burda YUNESKO tərəfindən tanınan abidələrə də əhəmiyyət verilmir. Hətta onların da məhv olmasına yardım edirlər. «Bir millət, bir mədəniyyət» şüarı ona gətirib çıxarıb ki, bu abidələr də, tarix də, iqtisadi azadlıqlar da diskriminasiyaya məruz qalırlar».

Kanada universitetində şərqşünaslıqdan dərs keçən Əlirza Əsgərzadə də İran İslam Respublikasının tarixi abidələrə yad münasibətindən narahatdır. O, bunu aradan qaldırmaq üçün bir neçə mexanizm olduğunu deyir:

«Biri odur ki, orda – Azərbaycanda bizim insanlarımız bu işin qarşısında müqavimət göstərsinlər. Ərki dağıdıb məscid tikəndə gərək özləri çıxsınlar xiyabanlara, qoymasınlar bu işi görməyə. Təbrizdə, Urmiyada, Ərdəbildə gənclər bu məsələləri düşünürlər, etirazlarını bildirirlər. Amma bu gərək daha çox olsun, hökumətin qulağına yetişsin ki, xalq narazıdır bu vəziyyətdən. Onun tarixi abidələrinə, kültürünə, hürriyyətinə hörmətsizlik olur. Çünki o tarixi abidələr xalqın hürriyyətinin bir parçasıdır».

Ərk Qalası ilə bağlı bir neçə il öncə Təbrizdən olan millət vəkili Əkbər Ələmi də parlamentdə tənqidi çıxışlar etmişdi. Amma tənqid qalaya münasibəti dəyişməyib.

«Ərk ayaq üstədir, Təbriz ayaq üstədir»
Əlirza Əsgərzadə deyir ki, digər tərəfdən, Azərbaycan diasporunun üzərinə məsuliyyət düşür:

«İmkanı olan adamlar, mediaya əli çatanlar, yazıb-poza bilənlər bunu dünya ictimaiyyətinin nəzərinə çatdırmalıdırlar».

İran prezidenti Mahmud Əhmədinejad may-iyun aylarında seçkiqabağı çıxışlarında azərbaycanlıların İran tarixinə töhfələrindən danışıb, bu ölkədə mədəni, dini, milli diskriminasiyaya yol verilmədiyini deyirdi.

Əlirza Əsgərzadə Talibanın tarixi abidələrlə davranışını nümunə çəkərək deyir ki, bu, bəşəri məsələdir:

«Əfqanıstanda Buddanın heykəllərini, mücəssəmələrini vurub dağıdanda, bütün dünya bu vəhşiliyə etiraz etdi. Çünki o, yalnız Əfqanıstanın abidəsi deyildi, bütün bəşəriyyətin mədəni mirasıdır. Eyni sözü Azərbaycanın abidələri haqqında demək olar».

Şərqşünas-alim problemin YUNESKO-nun, BMT-nin diqqətinə çatdırılmasının vacibliyini bildirir.
XS
SM
MD
LG