2001-ci ildən etibarən isə 24 iyun Kələkidə «Türklük günü» kimi də bayram edilir
İyunun 24-ü eks-prezident Əbülfəz Elçibəyin doğum günü anadan olduğu Ordubad rayonunun Kələki kəndində də anıldı. Elçibəyin yaxınlarının təşəbbüsü ilə hər il iyunun 24-ü sabiq prezidentin xatirəsi Kələkidə hamılıqla qeyd edilir.
Nəzər yetir
Anım mərasimində Naxçıvan Muxtar Respublikasının digər rayonlarından gələn qonaqlar da iştirak edirdi. Elçibəy Kələkiyə 1992-ci ildə qısa prezidentlik dövründən sonra - 1993-cü ildə bir daha qayıtdı və 1997-ci ilədək burda yaşadı. İndi onun yaşadığı ev kənd sakinlərinin təşəbbüsləri ilə muzey kimi qorunur. Onun əl yazıları, oxuduğu kitablar, hətta oturduğu stul belə xatirə kimi saxlanır.
Muzeyin qoruyucusu Sabir Lətifli: «Vətəni, milləti sevməyi ondan öyrəndik. O özü buradan gedəndə şəxsən mənə tapşırdı ki, bu evdən, bu həyətdən muğayat ol. İndi mən də heç bir təmənnasız buranı qoruyuram».
Yaxınlarının təşkil etdiyi tədbirdə iştirak etmək üçün İrandan gələn qonaqlar kəndə buraxılmadılar. Bir qrup iranlı Elçibəysevər Ordubad rayonunun hüquq-mühafizə orqanları tərəfindən geri qaytarıldı. Onların Culfa gömrük keçid məntəqəsinədək müşayiət edildiyi bildirildi.
Elçibəyin bacısı Xumar xanım isə deyir ki, yubileyin keçirilməsi Kələkidə artıq ənənə halını alıb: «Bu, belə də davam edəcək».