Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:24

Nardaranda mitinq baş tutmadı


Nardaran, 8 oktyabr 2008
Nardaran, 8 oktyabr 2008
Nardaran sakinlərinin İsrail prezidenti Şimon Peresin Azərbaycana səfərinə etiraz mitinqi baş tutmadı. İyunun 24-ü səhər saat 12-yə təyin olunan aksiyaya gələn olmadığı üçün təşkilatçılar mitinqi saat 15-dək təxirə saldılar. Ancaq saat 15-də də kənd sakinləri Nardaranın mərkəzindəki İmam Hüseyn meydanında görünmədilər.

«AKSİYANIN BAŞ TUTMAMASINA SƏBƏB HAVANIN İSTI OLMASI VƏ VAXT DARLIĞIDIR»

Nardaran ağsaqqallarından Məşədi Natiq deyir ki, aksiyanın baş tutmamasına səbəb havanın isti olması və vaxt darlığıdır. Buna qədərki mitinqlər təxminən 10 gün əvvəldən təyin edilirdisə, son aksiyanın keçirilməsinə 2 gün əvvəl qərar verilib. Bununla belə, təşkilatçılar media nümayəndələrinə qətnamələrini açıqladılar. Qətnamədə deyilir:

- Hakimiyyət strukturlarına olan təzyiqi başa düşürük. Bu, sadə bir məsələ deyil ki, bir neçə yüz insanın tələbi ilə ləğv edilsin. Biz işğalla üzləşən Azərbaycan torpaqlarına belə insanların daxil olmasına etiraz edirik. Azərbaycan hökumətindən xahişimiz və tələbimiz də budur.

Nardaran sakinləri deyirlər ki, İsrail hakimiyyətindən kimisə Azərbaycanda görmək istəmirlər. Onların fikrincə, İsraillə münasibətlərin dərinləşdirilməsi Azərbaycanı islam dünyasından ayrı salır və ölkənin milli maraqlarına uyğun gəlmir.

Kənd sakinləri mitinqin baş tutmamasına bundan əvvəlki aksiyadan sonra 2 nardaranlının həbsinin təsir göstərmədiyini deyirlər. Bu il yanvarın 9-da İsrailin Fələstində çoxsaylı insan tələfatı ilə nəticələnən raket hücumlarına etiraz mitinqindən sonra Nardaran kəndinin 2 sakini həbs edilib. Onlar aksiyada deputat Sabir Rüstəmxanlıya ölüm fitvası verdiklərinə görə qarşıdakı 1 ili həbsxanada keçirəcəklər.

«BU ETIRAZLAR İRANDAN QAYNAQLANIR»

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Asim Mollazadə isə düşünür ki, Nardaran sakinlərinin etirazı kənar dövlətlərdən yönləndirilir:

- İran adlanan ölkənin maraqlarını müdafiə edən insanlar bu əməkdaşlığın əleyhinədir. Düşünürəm ki, bu etirazlar İrandan qaynaqlanır və Azərbaycanın mənafeyinə ziddir. Mən daha çox istərdim ki, bu insanlar Azərbaycanın mənafeyinə uyğun olan məsələlərə yox, İran prezidenti Mahmud Əhmədinejadla Ermənistan prezidenti Serj Sarkisyanın dostluğuna öz etirazlarını bildirəydilər.

Diplomatik mənbələrin verdiyi xəbərə görə, İsrail prezidenti Şimon Peresin Azərbaycana səfəri iyunun 28-29-na planlaşdırılıb. Bu, qarşılıqlı münasibətlər tarixində İsrail prezidentinin Azərbaycana ilk səfəridir. Azərbaycan rəhbərləri ilə görüşlər zamanı iki ölkə arasında qarşılıqlı əməkdaşlıqla bağlı bir neçə sənədin imzalanacağı da gözlənilir.
XS
SM
MD
LG