Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:22

Gül mühəndisliyi


Dilsuz Məmmədov
Dilsuz Məmmədov
- Hansı institutu bitirmisiniz və neçənci illərdə?
- 80-ci illərdə Moskvada Ümumittifaq Politexnik İnstitutunu bitirmişəm.
- Niyə Moskvada oxudunuz?
- Orada olimpiya obyektində işləməyə getmişdim. Bir az işlədim, sonra instituta daxil oldum. Oxudum qurtardım, yenə bir az işlədim, sonra qayıtdım Bakıya.
- Sonra nə oldu?
- (Gülür) Sonra da kı, belə...

Məmmədov Dilsuzun 53 yaşı var. Xutorda yaşayır. Bir oğul, üç qız atasıdır. Yaşıllaşdırma və bitkilərin mühafizəsi stansiyasında işləyir. Altı ildir bu işlə məşğuldur. Bütün Bakı şəhəri üzrə yaşıllığın dərmanlanması işinə o baxır. Yaz və yay aylarında Şəhidlər Xiyabanında xəstəlik və zərərvericilər tələf olmasın deyə, gülləri, ağacları dərmanlayır. Mən onunla rastlaşanda sarı rəngli dərman balonunu işə salıb güllərin üzərinə dərman çiləyirdi.

- Nə yaxşı bəs bu işi seçdiniz?
- Başqa iş tapa bilmədim ona görə.
- İxtisasınız nədir?
- Mühəndis mexanik.
- Bu işi görmək üçün kimdənsə nəsə öyrəndiniz?
- Əlbəttə. Təcrübəli aqronomların yanında bir müddət öyrəndim.
- Dolandırır sizi işiniz?
- Məni saxlayır.
- Yalnız sizi ya bütün ailəni?
- Yox, mənim pulum ancaq özümə çatır.
- Ailədə neçə nəfərsiniz?
- Altı nəfərik. Yoldaşım da işləyir, ailəni, uşaqları əsasən onun maaşı dolandırır (Gülür).
- Hərdən uşaqların yanında xəcalətli qalan vaxtlar da olur?
- Olur, niyə olmur. Yaşıllaşmada elə pul yoxdur axı.
- Başqa yerdə də iş yoxdur?
- Başqa iş də yoxdur. Mənim üçün yoxdur də…
- Niyə yoxdur?
- Nə bilim. Götürmürlər işə.
- Heç müraciət etmisiniz iş üçün?
- Əvvəllər etmişəm. İndi daha yox.
- Bəs niyə indi etmirsiniz, həvəsdən düşdünüz?
-…Bu iş yaxşıdır. Xoşuma gəlir.
- Güllərə münasibətiniz necədir?
- Yaxşıdır.
- Heç fikirləşirdiniz ki, nə vaxtsa güllərlə işləyərsiniz?
- Əvvəllər yox. Amma bu işə düzələndən sonra öyrəşdim.
- Uşaq vaxtı gül əkmisiniz?
- Yox, mən əkmirdim. Ancaq yığırdım. Dağarda yığırdım özü də.
- Hansı rayonda gül yığa-yığa böyüyürdünüz?
- Ermənistanın Kirovakan rayonunun Heydərli kəndində.
- Ağlınıza gələrdi ki, vətəndaşı olduğunuz Ermənistanın Azərbaycana münasibəti gələcəkdə o həddə çatacaq ki, burada belə bir Şəhidlər Xiyabanı yaranacaq, böyüyəcək və siz onun məzarları arasında əkilmiş gülləri xəstəliklərdən, ziyanvericilərdən qoruyacaqsınız?
- Yox, inanmazdım.
- Ordan nə vaxt gəldiniz Azərbaycana?
- Mən ordan 1973-cü ildə çıxmışam. Oxumağa gəldim. Ancaq ata-anam azərbaycanlıların Ermənistandan sonuncu deportasiyası zamanı gəliblər.
- Xiyabana gələndə saat neçədən neçəyədək işləyirsiniz?
- Səhər 8-dən axşam 4-dək.
- Demək olarmı ki, siz Xiyabandakı bütün gülləri, ağacları tanıyırsınız?
- Təqribən hə. Tanıyıram.
- Bayaq dediniz ki, adam hərdən uşaqların yanında xəcalətli olur, bəs güllərin necə, yanında xəcalətli olmusuz?
- (Gülür) Yox, güllərin yanında heç vaxt xəcalətli olmamışam.
- Necə düşünürsünüz, nə vaxtadək güllərlə məşğul olacaqsınız?
- Düzü, mən bu barədə düşünmürəm. Hər gün işləri görüb qurtarandan sonra hər şeyi unudub axşam balaların nə yeyəcəyi barədə fikirləşirəm (Gülür). Mən ancaq onu fikirləşirəm.
- Amma nə vaxta qədər belə gedəcəyini bilmirsiniz?
- Nə vaxta qədər gedər getsin. Təki iş olsun. Bekarçılıq pis şeydir. Nizami Gəncəvi demişkən, «İnsan əliboş qalmasın gərək».
- Hansı əməllərdən uzaq durmağın tərəfdarısınız?
- Pis əməllərdən.
- Pis əməllər hansılardı?
- Oğurluq, quldurluq, siqaret çəkmək, araq içmək.

P.S.

Dilsuz boş vaxtlarında şeir oxumağı çox xoşlayır. Ən çox sevdiyi də Sədi Şirazidir. Deyir onun hikmətli kəlamları ürəyincədir. Bir az da taleyini xatırladır:

Biliklə artsaydı insanın varı
Acından ölərdi aləmdə nadan.
Qanmaza o qədər dövlət çatır ki,
Qalır bu əmələ yüz alim heyran.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG