Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:53

«Eurovision-2009»-da Azərbaycan ifaçıları birinci yerə iddialıdırlar


Aysel və Araşın finala vəsiqə qazanmasını Bakıda həm musiqi həvəskarları, həm də peşəkarlar uğur sayırlar
Aysel və Araşın finala vəsiqə qazanmasını Bakıda həm musiqi həvəskarları, həm də peşəkarlar uğur sayırlar
«Eurovision-2009» mahnı müsabiqəsində Azərbaycanı təmsil edən Aysel və Araşın finala vəsiqə qazanmasını Bakıda həm musiqi həvəskarları, həm də peşəkarlar uğur sayırlar. Ancaq həm ifaçılar, həm də onların oxuduqları «Always» mahnısı haqqında fikirlər birmənalı deyil.

Bəstəkar Eldar Mansurov deyir ki, duetin ifası güclü deyildi. Onun fikrincə, builki müsabiqədə Azərbaycan təmsilçiləri yüksək yer qazana bilməyəcək:

«Nə bilim vallah, oxuyublar də. O mahnının mənə elə bir təsiri olmadı. Bunlardan mən heç nə gözləmirəm. Çünki keçən ilkilər onlardan güclüdür, indikilər zəifdirlər. O Araşı çox şişirdib qoyublar dağın başına ki, bütün Avropa onu tanıyır. Mən onu tanımamışam. Deyirlər onu cavanlar tanıyır, deməli, mən qocayam. O qız da - Aysel, çox zəifdir. Qəşəngdir, ancaq oxuyan deyil axı. Mən bilmədim Aysel azərbaycanlı qızıdır, yoxsa avropalıdır. Azərbaycanın adına görə azarkeşlik edirəm, ancaq sənət baxımından orda elə bir şey görmürəm. Mənə elə gəlir ki, yuxarı yer götürə bilməyəcəklər».

Keçənilki müsabiqədə ifa olunan «Day after day» mahnısının bəstəkarı Gövhər Həsənzadə isə deyir ki, builki müsabiqə güclü olduğu üçün rəqabət aparmaq elə də asan olmayacaq:

«Yarımfinallar mənim üçün göstərici deyil, göstərici final olacaq. Hansı ki, orda Fransa, Almaniya, Britaniyanı təmsil edən təcrübəli peşəkarlar oxuyacaq. Fikrimcə, Azərbaycan onluqda olacaq, heç kim göylərdə uçub olmayan şeyləri arzulamasın. Avropada onluqda olmaq özü qələbədir».

Bəstəkar Vaqif Gərayzadə isə fikirlərini müsabiqənin finalından sonra bölüşəcəyini bildirdi.

Azərbaycanı təmsil edən Aysel və Araş isə finalda böyük uğur qazanacağını düşünür. Bunu Azərbaycan nümayəndə heyətinin sözçüsü Leyla Quliyeva deyir. Onun fikrincə, ifaçıların rəqabət imkanları güclüdür və ən azı ilk üçlüyü düşünürlər:

«Dünən çox güclü yarımfinal idi. Müsabiqənin ən güclü ifaçıları toplaşmışdı. Onların sırasında biz rəqabətə tab gətirdik, adımız püşkatmada birinci çıxdı. Onların sırasında nailiyyət əldə etmək çox çətindir. Ancaq iddiamız çox böyükdür, çünki buna potensialımız var. Həm Araş, həm Aysel, həm də xoreoqraflar komanda olaraq çox çalışıb. Səsvermə zamanı dünyadakı azərbaycanlı diasporunun köməyinə ehtiyacımız var. İddiamız birinci yerədir, ancaq ilk üçlüyü düşünürük».

Dünənki yarımfinal müsabiqəsində Azərbaycan təmsilçilərinin çıxışını qeyri- peşəkarlar da müzakirə edir. Söhbət etdiyim Bakı sakinlərinin fikirləri belədir:

- Yaxşıydı, xoşuma gəldi.
- İnşaallah, uğur qazanacaqlar.
- Məncə, bir az cəsarətli olmaq lazım idi. Hərəkətlərində çəkingənlik vardı, tam sərbəst deyildilər.
- Məncə, yeddilikdə olacaqlar.
- Birinci, ikici yer düşünmürəm.
- Yeddilikdə olarlar.
- Mahnı yaxşıydı, ancaq yaxşı təqdim etmədilər.
- Keçənilki mahnıdan yaxşı idi.
- İlk beşliyə düşə bilərlər.
- Həm Araş, həm də Ayseldə həyacan hiss olunurdu, ancaq yaxşı çıxış idi...

Müsabiqənin finalı mayın 16-da olacaq. 24 finalçı arasında Azərbaycan təmsilçiləri 11-ci çıxış edəcək.
XS
SM
MD
LG