Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:11

Darıxan hesablar


Pərviz CƏBRAYIL
"Azadlıq" qəzeti


Dünən sosial şəbəkədə neçə adamın və ya “hesab”ın darıxdığını oxudum. Elə beləcə də yazıblar statuslarına: DARIXIRAM

Yazanlardan biri tanınmış yazardı. Özüm də səbəbsiz-filansız qəhərdən boğulsam da, eyni statusu yazmadım. Çünki bunu yazmağa belə əlim qalxmırdı.

Sanki həyat sönüb, arzular tunelinin sonunda işıq görünmür. Hər şey cəfəng gəlir.

Atmağa çalışdığın siqareti də birə-beş artırmağa başlayırsan. Əlin heç bir işə yatmır.

Bu kitabı götürüb, o birini qoyursan. Normal vaxtda özünü zorlayaraq oxuduğun Coys, indi heç bir məna daşımayan sözlər yığını kimi gəlir, Markes şarlatan təsiri bağışlayır, Füzuli tamada kimi səslənir, Dostoyevski köşə yazıları üstdə roman manipulyasiyası eləyən jurnalistdən o yana keçmir. Ən əsası isə...

Ən əsası isə, özünsən. Özün bu halınla tarakana bənzədiyini hiss eləyirsən.

Elə bil birdən-birə dərk eləyirsən ki, sən az-çox tanınan adam, əslində hamını çox ustalıqla aldada bilibsən və bu fəndindən özünün də xəbərin olmayıb.

Sən bir heçliksən, heç kimsən, sadəcə özünü bir şey zənn edibsən.

Üstünə gələnlərin belə nə qədər əbləh olduğunu düşünürsən. Axı bir heçliyin üstünə getməyə onları sövq eləyən nədi? Məgər onlar sənin nə qədər mənasız olduğunu görmürlərmi?

Çat pəncərəsini açıb-bağlayırsan. Həmin adamlardı. Səni tərifləyənlər və sənin təriflədiklərin.

Sənin “əzizim” dediklərin və sənə “əzizim” deyənlər. Tez pəncərəni bağlayırsan. Axı bu adamlarla nə danışmaq olar? Axı bu adamlarla indiyəcən necə danışmışam, nə danışmışam.

Və bu adamlar... və bu dostlar indiyə kimi səninlə yazışmağa, söhbətləşməyə necə dözüblər, bu qədər boş, bomboş adamla necə kəlmə kəsiblər. Heyrət ya!

Bir azdan yenə çatı açırsan. Guya dostlar beş dəqiqədən sonra dönüb başqa adam olacaqmışlar. Yenə də tələsik çat pəncərəni bağlayırsan. Birdən kimsə çaşıb salam yazar.

Bu cür darıxmağın dərmanı bəlkə bir yenilik olsa, düşünürsən və budu, istədiyin yar idi, yetirdi pərvərdigar; sənə yeni bir dostluq dəvəti gəlib.

Yox bu dəvət Vermut Vermutov, Khanka Qizi Qizi, nə bilim Deni Petkova kimi əbləh, yapmacıq adlardan gəlməyib, bu sənin 20 il əvvəlki bir dostundu, xaricdə yaşayır, səni axtarıb tapıb, indi yaxşı imkanları var, səni çox özləyib, DARIXIB səninçün.

Gözlərinə işıq gəlir, dərhal dostluğu qəbul eləyirsən və inbox-una bir neçə xoş söz yazır, özünün də onun üçün çox qəribsədiyini, hətta xiffətini çəkdiyini, 20 illik ayrılıqdan sonra bu buluşmadan çox sevindiyini bildirirsən, bir gün mütləq görüşəcəyinizə inandığını söyləyirsən.

O isə dərhal sənə cavab yazır inbox-a.

Sən bu arada çat pəncərəsini aça və 20 il həsrətlisi olduğun dostla canlı söhbət eləyə bilərsən, ama açmırsan, mesaj qutusunun arxasında gizlənib dostuna “üzünü göstərmədən”, onunla pıçıltıyla danışmağı üstün tutursan.

Və o sənə cavabında yazır: “Səni burada hər an gözləyirəm”.

Bilirsən ki, sən “hə” deyəcəyin halda bütün xərclər o dostun boynunadı, o buna işarə də vurur: “Təki sən gəl”. Sən isə boğulursan. Və dəvətdən anında qorxuya düşüb yazırsan: “Inşallah görüşür və uzun-uzun söhbətləşirik”.

Elə qorxursan ki, sanki, bir “hə” desən, dostun bu dəqiqə əlini uzadıb, səni mesaj qutusunun arxasından çıxaracaq və bir təkanla öz ölkəsinə, öz yuvasına atacaq.

Dostun sənə Skayp və MSN adlarını yazır - barı video-görüş qurasınız.

Sən isə bir heçlik olduğunun faş ediləcəyindən it kimi qorxaraq daha dostuna heç nə yazmırsan. “Qoy elə düşünsün ki, artıq şəbəkədə deyiləm”.

Heç nə ifadə eləməyən baxışlarını kompüterin monitoruna dikib it nəcisinin qoxusunu verən “West” siqaretindən birini odlayırsan.

Deyilənə görə, sən savaşçısan. Rejimlə savaşanlardan birisən... Yoxmu sənə “eşq olsun bə” deyəcək biri?

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG