Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 06:23

Daşqınlardan zərərçələn bir qrup sakin Bakıda olub


Aprelin 28-də daşqınlardan zərərçəkən bir qrup Hacıqabul rayonu Meyniman kənd sakinləri prezident Administrasiyası və Fövqəladə Hallar Nazirliyində olub.

Kənd sakini Ağaqardaş Mürvətovun Azadlıqradiosuna verdiyi məlumata görə, onlar hələ də daşqınların əkin sahələrinə vurduğu ziyana görə kompensasiyanı ala bilmirlər.

«Bütün rayonlarda adamlara hər hektara görə 250 manat kompensasiya verilsə də biz heç cür bu kompensasiyanı ala bilmirik. Bir də mənim 87 hektar sahəm var ona görə mənə də 1000 manat pul ayrılır, 4 hektar sahəsi olana da».

Ağaqardaş Mürvətovun sözlərinə görə, Fövqəladə Hallar Nazirliyində onlara bir qədər gözləmək məsləhət görülüb.

«Bizə dedilər ki, hazırda daşqınlarla bağlı pul ayrılması dayandırılıb və yaxın vaxtlarda yenidən vəsait ayrılması gözlənilir. Ola bilər onda bu məsələyə baxıldı».

Ağaqardaş Mürvətovun deməsinə görə, bu sözləri onlara Prezident Administrasiyasında da deyiblər.

Meyniman kəndinin daşqınlardan zərərçəkən sakinləri indiyə qədər Bakıda bir neçə dəfə aksiya keçiriblər.

Mart ayında keçirilən sonuncu etiraz aksiyasından sonra sakinlərin narazılıqlarını yerində araşdırmaq üçün dövlət komissiyasının üzvləri adı çəkilən kənddə olublar. Daşqından zərərçəkən evlərə və ərazilərə baxış keçirilib. Amma kənd sakinləri deyir komissiyanın bu gəlişindən sonra heç bir şey dəyişməyib.

Daşqınlarla bağlı indiyə qədər dövlət büdcəsindən 310 milyon manata yaxın vəsait ayrılıb.Həmin vəsaitin 7 milyon manata qədəri daşqınlar zamanı əkin və həyatyanı sahələri su altında qalan sakinlərə kompensasiya verilməsi üçün nəzərdə tutulub.
XS
SM
MD
LG