Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:05

Müsavatda axtarış, qocaman məmurlar, «Əbu Bəkr» məscidində partlayış və...


Mətbuat icmalı
Mətbuat icmalı
PROKURORLUQ MÜSAVAT QƏRARGAHINDA 5 SAAT AXTARIŞ APARDI

«Yeni Müsavat» qəzeti
yazır ki, aprelin 26-da qərargahda aparılan axtarış zamanı İctimai Palataya aid sənədlər ələk-vələk edilib; iqtidar müxalifəti daha artıq sıxışdırır.

İctimai Palatanın Koordinasiya Şurasının üzvü, hüquqşünas Vidadi Mirkamal bildirib ki, İctimai Palata tamamilə başqa qurumdur, dövlət qeydiyyatından keçməyib. Tamamilə başqa bir qurumla bağlı sənədlərin axtarışının digər bir partiyanın qərargahında aparılması qanunsuzluqdur və absurddur:

«Hakim Elnur Həsənovun İctimai Palataya görə Müsavatın qərargahında axtarış aparılması barədə qərar çıxarması qanun pozuntusudur. Bu məntiqlə ADP-nin də qərargahlında axtarış aparılmalıdır. Çünki 2 aprel mitinqi ilə bağlı qərar ADP-nin qərargahında martın 24-də keçirilən İctimai Palatanın sessiyasında verilmişdi. Başqa bir qanunsuzluq istintaqın lazım bildiyi sənədlər əvvəlcədən İctimai Palatadan yazılı və ya şifahi şəkildə istənilmədən bellə bir məhkəmə qərarının çıxarılmasıdır. Öncə İctimai Palataya sənədlər bağlı məktub və ya müraciət göndərilməli idi».

«ƏLİYEVİN VƏZİFƏDƏN YAPIŞAN MƏMURLARI»


«Azadlıq» qəzeti hakimiyyətdə təmsil olunan məmurların yaşlarını hesablayıb. Məlum olub ki, istər parlamentdə, istərsə də hökumətdə kifayət qədər yaşlı insan təmsil olunub.

«Başlayaq səlahiyyətinə görə ölkənin ikinci şəxsi olan Baş nazir Artur Rəsizadədən. Baş nazirin 76 yaşı var və o, 1996-cı ildən bəri bu postu tutur. Onun müavinləri də özü kimi çoxdandır pensiya yaşına çatıb və uzun müddətdir eyni vəzifənin sahibidirlər. Baş nazirin 4 müavini var: Yaqub Eyyubov, Elçin Əfəndiyev, Əli Həsənov və Abid Şərifov. Baş nazirin birinci müavini Yaqub Eyyubov 1945-ci ildə anadan olub və hazırda 66 yaşı var. Elçin Əfəndiyev 1943-cü ildə anadan olub və 68 yaşı var. Əli Həsənov da uzun illərdir eyni vəzifənin sahibidir. 1998-ci ildən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Baş nazirin müavini olan Həsənovun da yaşı 60-dan çoxdur. Abid Şərifov 1940-cı ildə anadan olub. 70 yaşlı Şərifov 2003-cü ildən Baş nazirin müavinidir. Bu günlərdə 73 yaşını tamam etmiş Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev də uzun müddətdir vəzifədə qalanlardandır...».

«YAP GƏNCLƏRƏ ƏN DÜZGÜN YOL GÖSTƏRƏCƏK ƏZƏMƏTLİ SİYASİ TƏŞKİLATDIR»


Əli Əhmədov
«Gənclər bu qənaətdədirlər ki, özlərini ifadə etmək üçün ən əlverişli mühit YAP-dadır. Bu partiyanın üzvü olmaqla onlar həm Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak etmək imkanları əldə etmiş olur, həm də onların bir vətənpərvər olaraq ifadə etmək imkanları əhəmiyyətli dərəcədə artır».

«Yeni Azərbaycan» qəzeti
YAP sədrinin müavini-icra katibi Əli Əhmədova istinadən belə yazır.

«Təəssüf ki, gənclərin kiçik bir hissəsini Azərbaycanın inkişafını gözü götürməyən qüvvələrin sifarişini həyata keçirən müxalifət partiyalarının radikal qanadı öz ətrafında toplayıb. Həmin qüvvələr bu gənclərdən öz məqsədləri üçün istifadə etməyə çalışırlar. Amma sağlam düşüncəli gənclər onları bu səhv yoldan çəkindirmək üçün ciddi şəkildə çalışmalıdır».

«ƏBU-BƏKR» MƏSCİDİNİN PARTLADILMASI PLANI BAKIDA HAZIRLANIB


«Meşə qardaşları» silahlı birləşməsinin başçısı Samir Mehdiyevin cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

«Bizim Yol» qəzeti
yazır ki, cinayətlə bağlı yeni təfərrüatlar ortaya çıxıb:

«2008-ci il avqust ayının 14-də Samir Mehdiyev Elnur Bəşirovu yaşadıqları evin arxasındakı parkda istintaq sirri olduğundan adı açıqlanmayan bir nəfərlə tanış edərək, onunla birlikdə «Əbu Bəkr» məscidinə getməyi və terror törətməyi tapşırıb. Terrorda əsas məqsəd çoxlu sayda insan tələfatının baş verməsi ilə əhali arasında vahimə yaratmaq, ölkədə sabitliyi pozmaq olub. Elnur Bəşirov tapşırığa əməl edərək həmin şəxslə birlikdə «Əbu Bəkr» məscidinə gəlib. Adı açıqlanmayan dəstə üzvü məscidin ətrafını gəzərək, giriş və çıxışını, pəncərələrinin yerini müəyyənləşdirib. Bundan bir gün sonra E. Bəşirovla həmin şəxs yenidən məscidin yaxınlığına gəlib, həyətin necə işıqlandırılmasını, özlərinin mövqe tutacaqları yerləri və digər detalları dəqiqləşdirib. Hazırlıqdan sonra onlar məsciddə partlayışı axşam namazı zamanı törətməyi qərara alıb və bu barədə Samir Mehdiyevi məlumatlandırıblar. S. Mehdiyev Elnur Bəşirova 1 ədəd əl qumbarası verib. Avqustun 17-də Elnur Bəşirov həmin şəxslə birlikdə «Əbu Bəkr» məscidinə gedən yolun kənarında gözləyib. Artıq namazın başlandığını və çoxlu sayda adamların toplaşdığını yəqin etdikdən sonra Elnur pusquda durub, həmin şəxs arxa tərəfdən məscidin pəncərəsinə qalxıb əlindəki dəmir parçası ilə şüşəni sındıraraq qumbaranı içəri atıb. Məsciddə partlayış baş verəndən sonra onlar hadisə yerindən uzaqlaşıblar... İstintaqla müəyyən edilib ki, partlayış namaz qılanların səcdə etdikləri anda baş verdiyindən, qumbaranın qəlpələri insanlardan yan keçərək ətrafa səpələnib və nəticədə az insan ölüb».

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG