Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:23

Qeydiyyatsız məscidlər bağlana bilər


Bakı. Əbu Bəkr məscidi
Bakı. Əbu Bəkr məscidi
«Azərbaycanda məscid və ya dini icmaların qeydə alınması dayandırılıb. Qeydə alınmayan dini icmaların sayı isə 200-300-dür».

Bunu Müşfiqabad məscidi dini icmasının rəhbəri Mübariz Qaçayev deyir.

Onun sözlərinə görə, aprelin 25-də dini icmanın qeydiyyatı ilə bağlı Qafqaz Müsəlmanları İdarəsində Əlirza Qafarovla görüşüb.

«Hacı Əlirza ilə görüşdüm. Deyir ki, hələlik qeydiyyat dondurulub, Şeyx qol çəkməlidir sonra. Nəyə görə dondurulub. O da açıqlanmır. Biz 2009-cu ilin noyabrında sənədlərimizi Qafqaz Müsəlmanları İdarəsinə vermişik. Şeyx qol çəkməlidir ki, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi qeydiyyatımıza baxsın. Bu günə kimi bu iş dayandırılıb. Bizi kimi 200-300 məscid var ki, sənədləri Qafqaz Müsəlmanları İdarəsindədir».

«CÜMƏ MƏSCİDİ QILINAN, CAMAATIN AXIN ETDİYİ MƏSCİDLƏR QEYDİYYATA ALINMIR»

Mübariz Qaçayevin iddiasına görə, əhalinin çox gəldiyi məscidlərin qeydiyyatı dayandırılıb. O bunu ayrı-seçkilik kimi dəyərləndirir:

«Harda ki, camaat çoxdur, onların qeydiyyatı dayandırılıb. Harada cümə namazı qılınır qeydiyyat dayandırılır. Məsələn, bizim məscid, Hidayət məscidi. Yəni bu əqidəyə (Sələfiləri nəzərdə tutur- ŞB) axın çoxdu deyə. Bu da kiminsə xoşuna getmir də yəqin. İstəmirlər bu əqidə irəli getsin. Camaat düşünür ki, bu ayrı-seçkilikdir. Qaradağda bir-iki məscid qeydiyyatdan keçib. Bizim məscid, Ələt məscidi, Qobustan məscidi qeydiyyatdan keçirilmir».

«AYRI-SEÇKİLİKDƏN SÖHBƏT GEDƏ BİLMƏZ»

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi mətbuat xidmətinin rəhbəri Saleh Aslanov isə belə deyir.

«Əgər kiminsə bununla bağlı şikayəti varsa, buyursunlar, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə. Qeydiyyata alınma şəffaf və qanun əsasında keçirilir. Dinlərarası, təriqətlət arası və ya məzhəblər arası heç bir fərq qoyulmur».

Komitədən deyirlər ki, müsəlman dini icmaları qeydiyyatdan keçmək üçün Qafqaz Müsəlmanları İdarəsindən rəy almalıdırlar. Təkrar qeydiyyatdan keçmək üçünsə onlara 2010-cu ilin yanvarına kimi vaxt da verilib. Həmin müddət bir ildən çoxdur ki, başa çatıb.

Qeydiyyata alınmayan dini icmalar, xüsusən də müsəlman icmaların sayını isə onlardan öyrənə bilmirik.

Konkret Müşfiqabad məscidi dini icmasına gəlincə, Saleh Aslanov deyir ki, onların sənədi Komitəyə daxil olmayıb deyə qeydiyyatdan söhbət gedə bilməz. Səbəb də onların rəy ala bilməməsidir.

«MƏSLƏHƏTDİRSƏ SƏNƏDLƏRİ GÖNDƏRİRİRİK»


Qafqaz Müsəlmanları İdarəsindən deyirlər ki, hüquqi ünvanı olmayan dini icmaya rəy verilmir. O cümlədən də Müşfiqabad məscidi dini icmasının hüquqi ünvanı olmadığından onlara rəy verilməsi indiyə kimi yubanır.

İdarədə təşkilat şöbəsinin müdiri Əlirza Qafarov müsəlman dini icmaları və ya məscidlər arasında fərq qoyulması haqda deyilənləri təkzib edir.

«Bizim üçün bütün dini icmalar eyni hüquqa malikdir» deməklə kifayətləndi.

«Qeydiyyata almaq Komitənin işidir. İcmalarla əlaqədar bizdə problem yoxdur. Şübhəsiz, bizə daxil olan icma sənədlərinə məsləhətdirsə, yəni sənəd doğru-düzgündürsə rəy verib Komitəyə göndəririk. Əgər o icmanın sənədləri, rəyi indiyədək yubanıbsa, bu onunla bağlıdır ki, icma icra hakimiyyətindən hüquqi ünvan ala bilmirlər. Hüquqi ünvanı olmayan icmaya biz necə rəy verək? Qanuna müvafiq deyil. Hüquqi ünvanları nə zaman olar, o zaman rəy verilər. Qeydiyyatsa Komitənin işidir. Bizdə problem yoxdur».

Bəs qeydə alınmamış icmaların aqibəti necə olacaq? Komitənin sözçüsü Saleh Aslanov: «Artıq vaxt bitdiyi üçün sənədlərini təqdim etməmiş dini icmaların qeydiyyat məsələsi qalacaq».

Cümə namazı. Bakı.
Bu dini icmalar fəaliyyət göstər bilərlərmi? Saleh Aslanov deyir ki, bəzi icmalar əvvəllər qeydiyyatdan keçiblər deyə onun əsasında fəaliyyət göstərirlər. Amma dərhal da əlavə edir ki, yenidən qeydiyyatdan keçməlidirlər. «Əgər qeydiyyatdan keçməsələr qanunla onların fəaliyyəti ilə bağlı müvafiq qərar çıxarıla bilər».

Nə qərar çıxarıla bilər? Sualın cavabı açıq qalır... Bu o demək deyilmi ki, istənilən an belə icmaların fəaliyyəti dayandırıla bilər?

Yeri gəlmişkən, təkrar qeydiyyatdan keçməyən Müşfiqabad dini icmasının rəhbəri Mübariz Qaçayev deyir ki, az qala ayda iki dəfə polisə çağırılır. Ondan məscidin bağlanmasını tələb edirlər.

Saleh Aslanov deyir ki, dini icma bununla bağlı Komitəyə müraciət etsin. O ki qaldı, qeydiyyatsız dini icmaların gələcək fəaliyyətinə, sənədlərini vaxtında təqdim etməyiblərsə, günah onların özündədir.

Elşad Miri
LABİRİNTDƏN ÇIXIŞ VARMI


Dini ekspert Elşad Miri deyir ki, bu məsələ əməlli-başlı dolaşığa düşüb. Onun fikrincə bəziləri də bundan yararlanır.

«Bu labirintdən istifadə edirlər. Ən böyük günah Qafqaz Müsəlmanları İdarəsinin üzərinə düşür. İkincisi, bir dini icmanın başqa icmaya rəy verməsi aradan qaldırılmalıdır. Üçüncü məsələ, hüquqi ünvan məsələsidir. Bir şirkət qeydiyyatdan keçmək üçün hər hansı ünvanın, məsələn, evin çıxarışını verməklə qeydiyyata düşür. Bunu dini icmalar üçün də etmək olar».

Elşad Miri deyir ki, artıq bu məsələdə dolaşığı çözmək vaxtıdır.
XS
SM
MD
LG