Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 20:42

Gəncə zavodu «UAZ» markalı avtomobillərin yığılmasını dayandıra bilər


Gəncə Avtomobil Zavodu «UAZ» markalı avtomobillərin yığılmasını dayandıra bilər. Bu barədə «Azadlıq» radiosuna məlumat verən zavodun Mətbuat Xidmətinin rəhbəri Məqsəd Rəhimovun sözlərinə görə, iyulun 1-dən Rusiyada «EVRO 2» standartının tətbiq edilməsinə baxmayaraq, Ulyanovsk Zavodu öz istehsalında keyfiyyət dəyişikliyi aparmayıb: «Belə davam edərsə, onda bizim rəhbərlik Ulyanovsk zavoduyla müqaviləni dayandıracaq».


Cənab Rəhimov onu da bildirdi ki, son vaxtlar «UAZ»ın yığımı üçün zavodun göndərdiyi avtomobil komplektlərində çatışmazlıqlar aşkar edilib: “Bəzi avtomobil hissələri komplektin içində olmayıb. İndi 50-yə yaxın avtomobil yığılmalıdır, ancaq ya hansısa hissə çatışmır, ya da xarabdır. Biz bu barədə «UAZ»a yazılı müraciət etmişik, çünki Gəncə zavodunun bu maşınları öz gücünə yığmaq imkanı yoxdur. Əgər «UAZ» rəhbərliyi müraciətə müsbət cavab verməsə, onda biz bu problemi sivil yolla həll etməyə calışacağıq”.


Gəncə Avtomobil Zavodu ilə «UAZ» arasında əməkdaşlığa 2005-ci ildən başlayıb və müəssisələr arasında müddətsiz müqavilə imzalanıb. Müqavilə əsasında Gəncə zavodu indiyədək 460-a yaxın «UAZ» markalı müxtəlif modelli avtomobil yığıb və satışını təşkil edib.


250 nəfərin çalışdığı bu zavod hazırda Cinin iki avtomobil şirkətiylə də əməkdaşlıq edir.


XS
SM
MD
LG