Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 10:48

Azərbaycan melanjı zərərsizləşdirməyə başlayır


NATO-nun Baş qərargahı, Brüssel
NATO-nun Baş qərargahı, Brüssel

Melanj - Azərbaycana sovet dövründən miras qalmış raket yanacağıdır. Hazırda Mingəçevirdə və Bakının yaxınlığında - Ələt qəsəbəsində 1.400 ton melanj yanacağı saxlanır. İyulun 4-də Ələtdə melanjı zərərsizləşdirəcək qurğu - mini zavod işə salınacaq. Qurğu gündə ən azı 5 ton melanjı gübrəyə çevirəcək.


Azərbaycan hökuməti 2003-cü ildə NATO-ya müraciət edərək, melanjın zərərsizləşdirilməsinə kömək göstərməyə çağırıb.


Layihənin NATO tərəfdən təmsilçisi Volfqanq Spira «Azadlıq» radiosuna müsahibəsində belə deyir: «Çox şadıq ki, sabahdan melanjı zərərsizləşdirməyə başlayırıq. Onu gözəl bir məhsula - gübrəyə çevirəcəyik. Düzdür, bu məhsul Azərbaycana lazım olan gübrənin yalnız kiçik bir hissəsi olacaq, ancaq istənilən halda, ölkənin meyvə, göyərti yetişdirmək üçün bir neçə min ton əlavə gübrəsi olacaq».


Cənab Spira melanjı zərərsizləşdirəcək qurğunu hazırlamış şirkəti idarə edənlərdəndir və düşünür ki, bu proses ətraf kəndlərə, habelə işi görən mühəndislərə heç bir təsir göstərməyəcək.


Mütəxəssislərin fikrincə, Azərbaycan Avropa Birliyi standartlarına cavab verən belə bir layihənin həyata keçirildiyi ilk ölkədir. Milli Elmlər Akademiyasının prezidenti Mahmud Kərimov deyir ki, digər keçmiş sovet respublikaları da iyulun 3-də Bakıda keçirilən melanja dair beynəlxalq simpoziuma qatılaraq, Azərbaycanın təcrübəsini öyrənmək istəyirlər. Bundan əvvəl Moldova melanjı zərərsizləşdirməyə çalışıb, ancaq bu elə də effektli olmayıb: «Bunun üçün yüksək temperatur lazımdır. Moldova melanjı tam zərərsizləşdirə bilməyib».


Melanjın zərərsizləşdirilməmiş vəziyyətdə qalması isə, ətraf mühit, insan sağlamlığı üçün risk yaradır. Belə ki, melanj dəmir çənlərdə saxlanılır, bu maddə dəmiri tədricən aşılayır və havaya yayılır.


NATO-dan Volfqanq Spira melanjın insan orqanizmində törədəcəyi fəsadlardan danışır: «Bu maddə istənilən orqanı - gözü, qaşı, burunu zədələyə bilər. Əvvəlcə bir hüceyrə zədələnir, sonra yayılır. Bu maddəylə zəhərlənmiş havanı udanda isə, ağciyər zədələnə bilər. Dişinizi çıxaranda keçirdiyiniz ağrıları təsəvvür edin».


Melanjı zərərsizləşdirmə layihəsi bir ilədək çəkə bilər. NATO layihəyə 2 milyon avroya yaxın vəsait ayırıb.


Melanjı zərərsizləşdirmə layihəsi NATO-nun Sülh Naminə Tərəfdaşlıq - Etimad Fondu Konsepsiyası çərçivəsində həyata keçirilir.


Ötən ilin noyabrında NATO Azərbaycanda sovet dövründən qalma daha bir hərbi obyektin zərərsizləşdirilməsi layihəsinə başlayıb. Bu layihə çərçivəsində isə, Ağstafa rayonundakı Saloğlu kəndində sovet dövründən qalmış silah-sursat, piyadalar əleyhinə minalar zərərsizləşdirilir.


Azərbaycan Avropa Birliyi standartlarına cavab verən belə bir layihənin həyata keçirildiyi ilk ölkədir


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG