
Vergilər Nazirliyinin mətbuat xidmətindən isə bu məlumatı nə təsdiq, nə də təkzib edirlər. Nazirliyin bu yaxınlarda təqdimatını keçirdiyi veb saytında son illərə aid məlumatlar yerləşdirilsə də, bu ilin birinci rübüylə bağlı rəqəmlər hələlik öz əksini tapmayıb.
Ancaq Dövlət Statistika Komitəsinin 2009-cu ilin sosial-iqtisadi inkişafıyla bağlı bülletenində göstərilib ki, yanvar-fevral ayı ərzində büdcəyə vergidən daxilolma təxminən 500 milyon manat olub. Ötən ilin analoji aylarında isə bu rəqəm 1 milyard manata çatıbmış.
Söhbətləşdiyimiz iqtisadçılar isə vergi gəlirlərinin azalmasını təbii sayırlar. Onların sözlərinə görə, ölkədə bəzi müəssisələrin fəaliyyəti dayanıb, o cümlədən neft sektorunda gəlir azalıb. Dünya bazarında neftin qiymətinin düşməsi isə mənfəət vergisinə öz təsirini göstərib.
Milli Büdcə Qrupunun eksperti Fuad Rəsulov deyir ki, o da vergi ödənişində azalmalar olduğundan xəbardardır və hesab edir ki, bu, dünya maliyyə böhranının ölkə iqtisadiyyatına təsirindən doğub:
- Dünya bazarında neftin qiyməti azalıb. Aydındır ki, bu, neft şirkətlərinin ödədiyi vergiyə öz təsirini göstərəcək. Amma proqnozun 30 faiz kəsirdə qalmasını neftin qiymətilə izah etmək düz olmaz. Qeyri-neft sektorunda da bəzi müəssisələrin istehsalı, dövriyyədəki gəlirləri azalıb. İri istehsal müəssisələri öz fəaliyyətini dayandırıb. Məsələn, Gəncədə alüminium zavodu dayandı.
Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin ilk üç ayında bəzi neft məhsullarının istehsalında ötən ilin analoji dövrüylə müqayisədə 20-30 faiz azalma müşahidə olunub. Məsələn, mazut istehsalı 30 faiz azalıb.
Fuad Rəsulov deyir ki, vergi ödənişlərinin azalması gələn aylarda da davam etsə, bu, büdcənin formalaşmasına öz təsirini göstərə bilər. Ekspertin fikrincə, büdcədə bəzi dəyişikliklər etməyə, xərcləri azaltmağa ehtiyac var.
Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Nazim Məmmədov isə deyir ki, may ayının axırlarında büdcəyə yenidən baxılması gözlənir. Onun da fikrincə, ölkədə bəzi müəssisələrin dayanması və ya istehsalını azaltması vergi yığımına öz təsirini göstərməliydi. Amma millət vəkili ümid edir ki, vergi sahəsindəki illik proqnoz gələn aylarda yerinə yetiriləcək:
- Əgər yaddaşım məni aldatmırsa, 6 milyard 750 milyon manat yığılmalıdır. Ötən il qeyri-neft sektorunda istehsal 14 faiz artıb. Uzun illər qeyri-neft sektoruna qoyulan vəsaitlər artıq vergi qismində yığılmalıdır və mən buna ümid edirəm.