Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:50

Çingiz Hüseynov: «80 ilin hər gününü Azərbaycanla olmuşam»


Yazıçı Çingiz Hüseynov
Moskvada yaşayan tanınmış Azərbaycan yazıçısı Çingiz Hüseynov 80 yaşını haqladı. Təxminən iki ay öncə geniş infarkt diaqnozuyla xəstəxanaya yerləşdirilən ünlü yazıçı artıq özü-özünə «keçmiş olsun» deyə təsəlli vermək səviyyəsinə qədər sağalıb və yenə həmişə olduğu kimi yaradıcı formadadır.

Çingiz bəy 3 ildir üzərində çalışdığı «Xatirələr» kitabını tamamlayıb.
Kitab artıq nəşriyyatdadır və yay aylarında çıxacağı gözlənilir. «Yubileyimi kitabın təqdimatıyla bir yerdə keçirmək istəyirəm. Yalnız yubiley xətrinə yubiley keçirmək mənlik deyil».

Ünlü yazıçı bizim: «80 yaşdan geri boylananda, hansı hallarda öz həyatınızla Azərbaycanın həyatı kəsişir?»- sualımızı belə cavablayıb: «Mən 80 ilin hər gününü Azərbaycanda olmuşam!»

«Rusiyada da xalqı düşünmürlər, Azərbaycanda da»

60 ildir Moskvada yaşamağıma baxmayaraq, Moskva haqqında bir sətir də yazmamışam. Əslində Azərbaycanda baş verənlər məni daha çox narahat edir, nəinki Rusiyada baş verənlər. İnterneti açan kimi Azərbaycanı axtarıram və hər dəfə təəccüblənirəm. Rusiya ilə Azərbaycan elə bil doğmaca qardaşdırlar. Bir-birinə çox bənzəyirlər. Orda olan xalqı düşünməmək, xalqın qeydinə qalmamaq burda da var. Görünür dünya nə isə yolunu azıb. Bəzi meyarlar, mənəvi keyfiyyətlər laxlamağa başlayıb. Bundan qurtulmağın yolu - ilahi mənliyini qorumaq, şeytanla sazişə girməməkdir…

Dostum yazıçı Sabir Əhmədlinin ölümü məni çox sarsıtdı

Onu adına layiq basdırmadılar, çünki bu adı indi hökmranlıq edən ailənin vaxtında almamışdı. Düzdür, Sabir Əhmədli üçün hazırda bunun heç bir əhəmiyyəti yoxdur. Bəlkə də o, xalqın içində olmağı daha üstün tutardı. Ancaq mən ədalətsizlik görəndə dözə bilmirəm və bəlkə də bu bizim millətə xas keyfiyyətdir».

«Mən məcbur oldum rusca yazmağa»

«Azadlıq» radiosunun «Bəs yazıçı Çingiz Hüseynov bu 80 ildə nəyi bacardı və nəyi bacarmadı?» sualının cavabı isə belə olub:

«Məni rusdilli yazıçı adlandırırlar. Halbuki rus dilinə qədər mənim Azərbaycan dilində 5 kitabım çıxmışdı. Mən məcbur oldum rusca yazmağa. Çünki çap eləmirdilər yazdıqlarımı. «Məhəmməd peyğəmbər»i rusca yazdım, «Fətəli fəthi»ni 2 dildə. Tamam fərqli əsərlərdir. Azərbaycan dilində yazanda, təzə əsər yazmalı oluram. Bu da məni qorxudur. Bax, indi istəyirəm «Məhəmməd peyğəmbər» romanım azərbaycanca səslənsin. Olduğu kimi çevirsəm, bu tərcümə əsəri olacaq. Ancaq mən orijinal əsər yaratmaq istəyirəm».

«Bu günü keçmişə qəti dəyişmərəm»

Ünlü yazıçı sonda yubileylə bağlı təbrik mesajları aldığını da söylədi: «Azərbaycan Yazıçılar Birliyindən gələn təbrikə çox sevindim. Halbuki ötən yubileylərimdə yada salmamışdılar. Mən müstəqil Azərbaycana görə qürur duyuram. Bizim ən böyük nemətimiz ruh azadlığımızdır. O vaxt baş verənlər indikinin yanında uşaq oyuncağına bənzəsə də, bu günü keçmişə qəti dəyişmərəm».

Çingiz Hüseynovla müsahibənin tam səsyazısını mayın 2-də efirə gedəcək «İz» mədəniyyət proqramında dinləyə bilərsiniz.

«Azadlıq» radiosunun bütün əməkdaşları adından ünlü yazıçımızı bir daha yubileyi səbəbindən təbrik edir, ona, şübhəsiz ki, bütün zamanlar üçün «ən böyük nemət olan cansağlığı» diləyirik. Bu olsa «Fətəli fəthi», «Doktor N.», «Bitmək bilməyən məktub» və s. əsərlərin davamı da olacaq.
XS
SM
MD
LG