Keçid linkləri

2024, 16 İyun, bazar, Bakı vaxtı 09:18

Tələbə siyasətlə məşğul olarsa....


Bakı Dövlət Universitetinin tələbəsi Aqil Familoğlu və «Tələbə.az» portalının rəhbəri Mürsəl Əliyev
Bakı Dövlət Universitetinin tələbəsi Aqil Familoğlu və «Tələbə.az» portalının rəhbəri Mürsəl Əliyev
Tələbə ictimai cəhətdən necə fəal olmalıdır ki, bu fəaliyyəti sonradan onun universitetdən qovulması ilə nəticələnməsin?

«Azadlıq» radiosunun «14-24» verilişinin qonaqları Bakı Dövlət Universitetinin tələbəsi Aqil Familoğlu və «Tələbə.az» portalının rəhbəri Mürsəl Əliyev bu sualı müzakirə ediblər.

Aqil Familoğlu deyir ki, universitet daxilindəki təşkilatlarda fəaliyyət göstərən tələbələrin buna görə, heç bir problemi olmur:

«Universitetdən kənardakı təşkilatlarda, siyasi partiyalarda aktivlik göstərən tələbələrin də əksər hallarda problemləri olmur. Problem nə vaxt yaşanır? Əgər bu tələbə siyasi fəaliyyətlə məşğuldur və özünü ancaq o istiqamətə kökləyib, dərsə gəlmir, universitet daxilində müəyyən siyasi təbliğatla məşğul olur. Bu, universitet nizamnaməsinin pozulması kimi qiymətləndirilir.

-Nizamnamədə bunlar göstərilibmi?

-Bəli. Universitet daxilində siyasətlə məşğul olmaq, siyasi və dini cərəyanların təbliğatını aparmaq qadağandır. Bu cür qaydalar var.

-Amma, Bakı Dövlət Universitetində hakim Yeni Azərbaycan Partiyasının tədbirləri keçirilir…

-Yox, universitet daxilində müəllimlərin toplaşdıqları iclaslar olur. Bu tək universitetdə yox, digər strukturlarda da var. YAP-ın, ümumiyyətlə digər partiyaların müxtəlif orqanlarda yerli, ilk təşkilatları var. Həmin təşkilatların tədbirləri keçirilir. Və o ancaq onların özləri ilə məhdudlaşır. Ancaq heç kəsin universitetə daxil olub, tutalım, YAP-ın lehinə, digər bir partiyanın əleyhinə təbliğat aparmaq hüququ yoxdur».

Mürsəl Əliyev isə deyir ki, bütün dünyada tələbələr siyasi fəaliyyətlə məşğuldurlar: «Bu yaxınlarda Moldovadakı aksiya iştirakçılarının çoxu tələbələr idi. Heç eşitmədim ki, hansısa tələbə məhz bu fəaliyyətinə görə, universitetdən qovulsun».

«Dalğa» Gənclər Hərəkatının üzvü Pərviz Əzimovun Lənkəran Dövlət Universitetindən qovulmasını məsələsinə ictimailəşməsi məsələsinə gəldikdə isə Aqil Familoğlu bunu onun təşkilat üzvü olması ilə əlaqələndirdi.

Universitet rəhbərliyi bildirir ki, Pərviz Əzimov nizam-intizamı pozduğuna görə universitetdən kənarlaşdırılıb, hərəkat rəhbərliyi isə bunu tələbənin ictimai fəaliyyəti, yazdığı məqalə ilə əlaqələndirir.

Aqil Familoğlu: «O yazıda hüquqi cəhətdən araşdırılması vacib olan məsələlər var. Çünki orda konkret şəxslər rüşvət almaqda ittiham olunur. İkincisi, bildiyimə görə, Pərviz əlaçı tələbə olub, indi də universitetin sonuncu kursundadır. Bu gün bu problem ortaya çıxdığı vaxt, onun çıxış yolunu universitetdən qovulmasında görürlərsə, mən bununla razı deyiləm».

Pərviz Əzimovun «14-24»ə dediyinə görə, ona universitetdən xaric olunması ilə bağlı əmr martın 13-də təqdim olunub: «O əmrdə isə qovulma tarixi ayın 5-nə yazılmışdı. Amma 13-nə qədər dərsdə iştirak etmişəm. İşin bu günə qədər uzanmasının və bu gün üzə çıxmasının səbəbi həmin vaxt referendumla bağlı, bayramla bağlı tətil elan olunması idi. Heç bir yer işləmirdi. Ancaq biz dayanmamışdıq. Millət vəkillərinə, Təhsil Nazirliyinə müraciət etdik. Orda da iş uzandı. Hardasa bir həftə əvvəl cavab aldıq oradan. Qovulma əmrindən sonra dərsdə otura bilməməyim isə mənim günahım deyil».

Tələbə mitinqlərdə iştirak edərsə onları hansı aqibət gözləyir? Verilişi dinləsəniz, bundan da xəbər tutacaqsız…

Buna da bax:

XS
SM
MD
LG