Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:08

«Belə mühitdə normal insan kimi yaşamaq çox çətindir»


«Azadlıq» radiosunun «Tanınmışlar» verişinin qonağı Şahbaz Xuduoğlu
«Azadlıq» radiosunun «Tanınmışlar» verişinin qonağı Şahbaz Xuduoğlu
-Şahbaz bəy işləriniz necə gedir ?
-İşlər köhnədə olduğu kimi gedir.

-Köhnədə necə gedirdi?
-Bəzən problemlər olurdu, bəzən yaxşı gedirdi. Mənə elə gəlir ki, iş də əhval kimi bir şeydir. Hər zaman yaxşı olmur.

-Əhval yaxşı olmayanda onu necə yaxşılaşdırmalı?
O 1968-ci ildə Yardımlı rayonunda Baharkənddə anadan olub.
İxtisasca hüquqşünasdır. Bir neçə mətbuat orqanı ilə əməkdaşlıq edib. Sonra «Millətin səsi» qəzetini təsis edib və onun baş redaktoru olub.
2001-ci ildə jurnalist fəaliyyəti ilə bağlı bir müddət həbsdə olub. Hazırda «Qanun» jurnalının baş redaktoru, eni adlı nəşriyyatın (Çap Evi mətbəəsi) rəhbəri, Elmar Hüseynov Fondunun həmtəsisçisidir.

-Mənimçün əhvalın yaxşılaşdırılması və ümumiyyətlə darıxmağı aşırmaqla bağlı hələ ki, iki yol var. Birincisi dostlarla ünsiyyətdə olmaq. İkincisi isə son vaxtlar gəldiyim qənaətdir ki, nə zaman darıxma gəlirsə kitab oxumaq lazımdır. Yəni darıxıb fikirləşməyə sərf etdiyin vaxtı sadəcə kitab oxumağa sərf edəsən. Belə məqamlarda bəlkə də maraqlı bir filmə baxmaq da işə yarayar.

-Təkrar-təkrar hansı kitabı oxumaq olar?
-Təkrar-təkrar bütöv bir kitabı oxuduğumu xatırlamıram. Amma hansısa bir kitabın epizodlarını oxumuşam. Məsələn, bizim yazarlardan epizodlarına təkrar-təkrar qayıtdığım yazar Sabir Əhmədovdur. Darıxdığım vaxtlarda ona müraciət edəndə məndə başqa bir əhval-ruhiyyə yaranır.

-Nə sizinçün daha cəlbedici görünür?
-Məndə həmişə səslər cəlbedici olur. Hansısa görüntülər cəlbedici olur. Gərək o səs fərqli bir səs, o sifət fərqli bir sifət olsun. Bu şeylər məni dinləməyə, baxmağa və oxumağa yönəldir.

-Ya da nəşr edib yaymaq.
-Ya da ki, nəşr eləyib yaymaq.

-Orxan Pamukun «Mənim adım qırmız» kitabını siz öz nəşriyyatınızda çap edib yaymısınız, eləmi ?
-Bəli.

-Sonra gərək ki, müəllif sizə məktub yazmışdı.
-Məktub da yazmışdı və 5 nüsxə də kitabından istəmişdi. Biz o kitabları göndərdik. Əslində biz o vaxta qədər sifarişlə və ya öz təşəbbüsümüzlə 5-6 türk yazarının kitabını çap etmişik. Ancaq Orxan Pamuk məndən ötrü türk dilində ronam oxumaq üçün bir kəşf oldu. Məhz türkcə mütaliə baxımından.

-Başqa kim sizə məktub yazıb ki, yadınızda qalıb?
-Qəzetdə işləyərkən məktublar daha çox olurdu. Jurnalda isə Lənkərandan bir keçmiş polis polkovnikinin məktubu yadımdadır. Bir də bir qaçqın var idi. Əsəb xəstəliyinə tutulmuşdu, ailədən qovmuşdular. Qaçqın düşəndə gətirdiyi «zoporojets» maşınında qalırdı. Sonradan zibil maşını həmin «zoporojets»i də aparmışdı və o küçədə qalmışdı. O Qarabağ probleminin həllinə dair 150 səhifəyə yaxın yazı yazmışdı. Ona elə gəlirdi ki, bu yazı məhz gedib yuxarı dairələrə çatsa, yazının köməkliyi ilə Qarabağ problemini həll etmək olar. Bax o məktub da yadımdadır.

- Yardımlı rayonunun ucqar kəndlərindən birində anadan olmusunuz.
-Bəli.

-Qardaşınız Sabir Rüstəmxanlı bizə müsahibəsində kasıbçılıqla bağlı xatirələrini danşmışdı. Hətta bir bənd şeir də demişdi. Siz kasıbçılığı necə xatırlayırsınız?
-Əvvəla onu deyim ki, doğudan da Yardımlının ucqar bir kənddən olmağıma baxmayaraq kənddən xüsusi bir vurğunluqla danışan adam deyiləm. Mən ümumiyyətlə kəndi o qədər də sevmirəm. Kəndi fetişləşdirən, bütün dəyərlərdən yuxarıda tutan ədəbiyyatı da xoşlamıram. O qaldı kasıbçılığa, mən uşaq vaxtı kənddən ayrılmışam. Ancaq ilk dəfə kasıbçılıqla üzləşdiyim hadisəni xatırlayıram. 4-cü sinifdə oxuyurdum. Biz Bakıya yarışa gəlmişdik. Yola düşəndə atam rayonun komsomol təşkilatı rəhbərinə 10 rubl pul verib demişdi ki, Bakıda bu uşağa kostyum, köynək və ayaqqabı alarsan. Ancaq komsomol rəhbəri ilə dükana gedəndə bəlli oldu ki, atamın verdiyi pula heç ayaqqabını da almaq mümkün deyil. Bu pulun məni tamamilə bəzəyəcəyini xəyal etdiyim halda çıxılmaz bir duruma düşmüşdüm.
Ümumiyyətlə insan mənə elə gəlir ki, o qədər kasıb olmamalıdır. Və o mühitdə yaşamamalıdır.
Kənd yeri, səhər alaqaranlıqda bir də görürsən səni yuxudan oyadıb mal-qaranın dalınca göndərirlər. Nə gecən, nə gündüzün bəllidir. Yediklərin də ki, süd, ayran və s. Düzdü bunların müsbət tərəfləri də var. Amma bu yerlər sivilizasiya və mədəniyyətin gedib çatmadığı yerləridir.
Yaxşı ya pis olduğunu deyə bilmərəm. Amma insanın sağlamlığı və cəmiyyətə uyğunlaşması baxımından problemli məsələdir. Belə yerlərdə tənhalaşmağa meyl ünsiyyət qurmağa həvəsdən daha çox olur. Bu mənada mən buna ziyanlı məsələ kimi baxıram.

- Amma şəhərdə də bəzən tənhalaşmaq, kimsəsiz bir yerə çəkilmək istəyi yaranır. Tapılırmı belə bir yer?
- Ümumiyyətlə şəhərlər tənhalar üçün deyil məncə. Baxmayaraq ki, şəhər tənhaların və tənha olmayanların qurduğu cəmiyyətdir, burada tənhalaşmaq mümkün deyil. Ancaq əslində bəzən adam özü özlüyündə böyük bir məclisdə də tənha qalır. Harasa gedən fikirlərinin dalınca düşür və ətrafdakıları unudur.

-Hamını yığışdırıb qoyursan bir kənara və tək qalırsan.
-Hə. Elədir. Əsas odur ki, insan gərək daxilən rahat olsun. Daxilən rahat olanda kasıbçılığı da, varlılığı da arxayın adlamaq mümkündür. Yəni daxildə sabitlik əsas şərtlərdən biridir.

-Şahbaz bəy, o vaxt pulunuz bir ayaqqabıya çatmadı. Bəs indi nəyə pulunuz çatmır?
-Əslində ehtiyac həmişə var. Məsələn istəyirəm ki, uşaqlarım yaxşı məktəbdə təhsil alsınlar. Mətbəədə yaxşı avadanlıq olsun. Yəni pulun çatmadığı ciddi məsələlərdir. Düşünürsən ki, səndə güc, enerji, kifayət qədər fikirlər, ideyalar var. Amma bütün bunları həyata keçirmək üçün maliyyə lazımdır. Bu əlbəttə ki, həmin o 10 rubl məsələsi deyil. Başqa bir məbləğdir. Amma təqribən eynidir.

-O yaxşı avadanlığı olmasını istədiyiniz mətbəəni neçə dəfə fəaliyyətsiz hala salıblar?

-Ümumiyyətlə yanvar mənim üçün düşərli ay deyil. Hər ilin başlanğıcı sanki mən yenidən doğulub iməkləməli və ayağa qalxmalı oluram. Mart ayında artıq təhlükələr arxada qalır, sabitlik başlayır. Və ilin sonuna yaxınlaşanda həyəcanla gözləyirəm ki, yenə də yanvar gələcək. Yoxlamalar, vergilər, bağlamalar, ən gözlənilməz hadisələr, depressiyalar gətirəcək özü ilə. Bir sözlə hər mənim həyatımda 20 yanvar ən müxtəlif formalarda təkrarlanır.

-İçinizdən belə bir fikir keçirmi həmin ərəfədə, alın, götürün, daha istəmirəm bunu, verib sizə çıxıb gedirəm.
-Olur. Çox zaman fikirləşmişəm ki, bəlkə daha asan bir fəaliyyət növü ilə məşğul olum. Ya ümumiyyətlə heç bir iş görməmək, harasa çıxıb getmək olar. Amma belə fikirlərin ömrü çox qısa olur. Çünki, baxırsan, görürsən, öz ölkəni başqaları ilə müqayisə edirsən və deyirsən, yox ! Sən bu işi davam etdirməlisən. Belə götürəndə isə nəşr işi uğurlu biznes deyil. Bu sadəcə yaşamaq üçün uğurlu bir işdir. Bir az da yazıları seçib çap etmək bir az zövq verir. Və yaxud hansısa qəzetdə maraqlı yazı ilə rastlaşanda belə yazıları yığıb sonradan maraqlı bir kitab hazırlamaq haqda düşünürəm. Yəni hər şeyin məndə artıq kitab həlli var və bu əslində yaxşı deyil. Bu artıq o deməkdir ki, məndə baxışlar stereotipləşir.

-Siz həm də məclislərdə israfçılığa qarşı çıxırsınız hə?
-Bu çox bəlalı bir məsələdir. Bizim dostlarla ən yaxşı oturub yeyib içdiyimiz bir kafe var. Bir onu «svinarnik» adlandırırıq. Çünki ora rahatçılıqdar. Yeməklər ucuz və təmizdir. Yəni gözünün qarşısında hazırlanır. Əgər bu balaca yerdə bir tikə ət və çörəklə doymaq mümkündürsə məclislərdə bu yemək bəzək-düzəyi nədir.
Bax bu məsələdə kəndin üstünlüyü var. Bəlkə də bizim kasıbçılığımızdan irəli gəlir bu düşüncə, deyə bilmərəm. Amma mən həmişə elə fikirləşmişəm ki, yemək masada bir cür olar. Süfrəyə bir neçə şey düzmək artıq bədxərclikdir.
Kimlərsə özünün, qardaşının və ya övladının toyunda buna qarşı getməlidir. Əks halda biz gün-gündən genişlənən toyxanalar şəbəkəsinə xidmət etmiş oluruq. Axı harada yazılıb ki, toylarda bu qədər yemək olmalıdır, musiqi insanların bir birini eşitməyəcək dərəcədə gur səslə verilməlidir. Ümumiyyətlə xeyir-şər məclisləri ilə bağlı qanun qəbul olunmalıdır.

-Şahbaz bəy, başqa hansı iddianız var?
-İddiam çoxdur. Bəzən hər şeydən narazı oluram. Küçə davranışından tutmuş, polisin münasibəti, məktəb, müəllim, hər yerdə özünü çirkli bir mühitə hiss edirsən. Və istər-istəməz belə mühitdə normal insan kimi yaşamaq çox çətin bir məsələyə çevrilir. Səbirli olmaq, hamının üzünə gülümsəmək, hər kəsi bağışlamağı bacarmaq mümkün deyil. Çünki hər yer pula söykənib. Hər yerdə elə bil bir korrupsiya qurdu var və bu qurd bütün cəmiyyətə darışıb onu yeməklə məşğuldur. Belə halda nəinki iddialar, insanda olan barışmazlıq ruhu baş qaldırır və düşünürsən ki, axı bu niyə belə olmalıdır.

-Adamlardan danışanda bəzən deyirlər «keçmiş filankəs». Siz özünüzü keçmiş kim hesab edirsiniz?
-O qədər keçmiş var ki. Son illərə qədər ən çox görmədiyim şey keçmiş idi. Xoşuma gəlmirdi, kimsə oturub keçmişdəki şəkillərinə, disklərə baxsın. Keçmiş çox maraqsız idi mənimçün. İndi-indi məndə keçmişi yalnız sözdə xatırlamaq, ondan danışmaq meyli var. Amma keçmişdə mən kim olmuşam ki,… dəqiq bilmirəm Vallah. Bütün sahələrdə dostlarım, tanışlarım var. Nə zamansa fikirləşmişəm ki, mən yaxşı rəssam ola bilərəm, fotoqraf olaram, başqa nələrsə, belə.
Əgər keçmişə geniş baxsaq köhnə bir kitabdakı hesablamaya görə mən 200-cü illərdə bir dəfə Fransada doğulmuşam, amma çox tez dünyamı dəyişmişəm. Əgər buna inansaq belə bir şey də var keçmişlə bağlı. Çox qəribədir. Bəzən heç vaxt olmadığın bir yerə gedirsən və ora sənə tanış gəlir. Sanki nə vaxtsa orada olmusan. Amma nə vaxt. Bəlkə də ora sadəcə gördüyün bir yerə bənzəyir. Yəni bunlar üzərində düşünüləsi məsələlərdir.

-Həyatınızın müxtəlif mərhələləri olub. Uşaqlıq, tələbəçilik, jurnalistlik və sairə. Daha çox bunların hansı idiniz siz?
- Əslində heç biri. Mən nə uğurlu jurnalist ola bilmişəm, nə uğurlu hüquqşünas, nə də uğurlu musiqiçi ola bilmişəm. Yəni heç birində özümü uğurlu adam görməmişəm. İnsanın tamamilə aludə olduğu bəlkə də bir sahə var. Amma mən belə bir şeyi – yəni aludə olduğum və onsuz yaşaya bilməyəcəyim sahəni özümdə hiss etməmişəm. Və mütləq mənim bağlandığım bir yer də yxdur ki, məsələn mən burada yaşamasam nə olar. Hər hansı bir yerə uyğunlaşmaq mənimçün çətin deyil. Tez uyğunlaşa bilirəm.

Məsələn, Bakı mənim demək olar ki, ən çox sevdiyim şəhərdir. Amma Bakısız da, kəndimsiz də, hətta valideynlərimsiz də mən darıxmırdım doğrusu. Düzdü bəzən bayramlarda gedirdim, həmişə də qapıdan girib anamı görürdüm və ağlayırdım. Amma niyə ağladığımı özüm də bilmirdim. Amma onlarsız da mən o qədər darıxmırdım. Çətindi demək ümumiyyətlə özünü kim hiss edirsən. Bilmirəm. Zaman –zaman məndə müxtəlif məşğuliyyətlər yaranır və heç biri də alınmır. Bax belə parça-parça həyat gedir. Bəzən dişlərini sıxıb baxırsan ki, axı bu hara gedir belə. Yəni mümkündürmü ki, bunu haradasa bir az saxlayıb o işləri görəsən. Amma görürsən ki, mümkün deyil, yox. Bəzən də həm zamanı, həm ətrafı görürsən və adamın içindən bir qışqırmaq da keçir.

-Məsələn…
-Məsələn, bir dəfə hansısa bayramda Heydər Əliyev adına sarayın ətrafını gül-çiçəklə bəzəmişdilər. Mən həmin gün orta məktəbə getmişdim. Oradakı darısqal, uzun siniflər, narahat partalar miskin bir təəssürat oyadırdı. Düşündüm, İlahi, bu dəbdəbə nəyə gərəkdir, əgər uşaqlar bu zülmü çəkirlərsə… Yaraşarmı bu dəbdəbə belə bir dövlətə.

-Amma məktəbləri də təmir edirlər məncə. Olur belə şey?
-Təmir olunan məktəblər var. Amma əgər sənin dərsliyin, o məktəbə girəsi şagirdin, orada dərs deyən müəllimin yoxdursa, əgər o müəllimin maaşı onun şagirddən rüşvət almasına şərait yaradırsa onda nəyə lazımdır o məktəb. Yəni abadlıq, tikinti yaxşıdır, amma bəlkə birinci müəllimdən, təhsildən, təhsilə sərmayə qoymaqdan başlanılmalıdır.

-Şahbaz bəy, əgər siz dediyiniz ki, həyat belə parça-parça getsə, sonda özünüzü kim görürsünüz?
-Belə xüsusi bir nə iddiam, nə arzum var ki, sonda mənimçün nəsə olsun. Həyat gözəldir, həqiqətən də yaşamaq, gəzmək, görmək, müzakirə etmək, işləmək gözəldir. Ümumiyyətlə iş çox əhəmiyyətli bir şeydir. Gecə-gündüz işləmək lazımdır, əgər nəyisə qurmaq, yaratmaq istəyirsənsə. Və iş həmdə xilasdır, xilaskarlıqdır. İş olmasa insan bata bilər. Bu doğrudan da faciədir. Amma sonun necə olacağı haqda düşünməyi də xoşlamıram. Buna ehtiyac da görmürəm. Bu gün biz yaşayırıqsa, bu günçün nəsə eləyək. Axı bu gün də gələcək üçün bir tarixdir. Sadəcə bu gün üçün vicdanlı yaşamaqdan söhbət gedir.

- Nə qazanmısınız həyatda, nə verdi sizə həyat?
-O qədər şey verdi ki. Nə mümkündürsə. Bilirsiniz necədir, axı bu həyatın xüsusi verəcəyi bir şey yoxdur ki, desin bax bunu mən sənə verdim, yaxud verməliyəm. Həyatda yaşayırıq, ətrafımız, dostlarımız, iddialarımız yaranır. Ən nəhayət qurmaq istədiyin bir cəmiyyət var onun uğrunda çalışırsan. Bu şeylər hamısı qazanılıb və ya bəlkə də verilib. Amma mən buna daha çox qazanmaq kimi baxıram. Bizə verilən yalnız vaxtdır. Qalan şeyləri biz bölüşdürürük.

-Dünyanın ən gözəl ölüsü kimdi sizinçün, belə bir təsəvvür formalaşıb artıq?
-Markesin əsəridir. Dəniz onu gətirir və adamlar baxıb görürlər ki, sahildə gözəl bir cəsəd var.
Eyni bir şey Tomas Volfla da olmuşdu. Tomas Volf cüssəli bir adam idi və onun əsas qəhrəmanları öz kəndinin adamları idi. Volf kəndinin adamlarını o şəkildə təsvir edirdi ki, sonra onu kəndə buraxmırdılar. Bir gün o çox da qoca olmadığı halda ölüb geri gətiriləndə (o çox nəhəng imiş) kənd camaatı heyrətlə düşünüb ki, nə böyük adamı daş-qalaq edirmişlər. Necə gözəl, yaraşıqlı bir adamı.

Əslinə baxsan Elmar Hüseynov da həqiqətən elə bir adam idi. Mən heç zaman düşünməzdim ki, onunla belə bir şey baş verər. Ağlıma gəlməzdi. Onunla yoldaşlığımız olmuşdu. Amma dostluğumuz həbsxanada birlikdə yatandan sonra başladı. Bu adam yeriyəndə ayı kimi pəncələrini basa-basa yeriyirdi. Bizim ofisə gələndə pillələrdən qalxmasından bilirdim ki, bu Elmardı. Və bu mənada qətlə yetirilən gün gedib onun qapının ağzında cansız şəkildə qan içində uzandığını görəndə də inana bilmirdim ki, bu nəhəng insan gözlərini yuma bilər. Adam onu canlı görə bilirdi. Amma tabutda heç zaman təsəvvür etmək olmurdu. Və düşünürdüm görəsən bunun tabutunun altına neçə adam girməlidir ki, onu qaldıra bilsin…
…bilirsiniz, dünyanın ən gözəl ölüsü məncə, qalan adamlara, yaşayan adamlara deyilən sözdür.

-Günün hansı vaxtı maraqlıdır sizinçün?
-Mənimçün günün ən pis vaxtı axşam saat 7-dən sonradır. İş qurtarır və fikirləşirsən ki, 7-dən 11-dək nə edəsən, hara gedəsən. Bu müddətdə istənilən bir telefon zəngi mənimçün istiqaməti müəyyən edir.

-Bəs iş qurtaranda ev cəlb eləmir?
-Ev cəlb edir… Mən özümçün dərk edə bilməmişəm niyə bu belədir. Bəlkə də internat məktəbində oxumağıma görə. Həmişə qalxmaq, geyinmək, yemək və sair məsələlərdə bəlli bir rejim olub. Günün o vaxtı saat 11-dək həmişə dostlara ayrılan rejim olub, bəlkə ondandır.
Təbii ki, bəlli günlər var ki, onu ailənə sərf edirsən. Hər halda ev indiki halda məni bir o qədər də cəlb eləmir.

- Hansı halda içmək maraqlıdır?
- Mənimçün söhbət daha maraqlıdır nəinki içki. Sadəcə mən yalnız dostlarla, yaxın adamlarla olanda içməyin tərəfdarıyam. Təklikdə içki məni cəlb etmir. Belə bir vərdişim yoxdur.

- Tanrı ilə rastlaşsanız nə deyərdiniz Ona?
- Ona nəsə demək çətindir… Deyərdim ki, icazə ver, qoy çıxım gedim. Məncə Allahla bağlı söhbət etmək çox çətindir. Onu ümumiyyətlə söz konusu etmək də çox zülmlü bir məsələdir.

-Ağlınız bu söhbətdən nə kəsdi?
-Mən ümumiyyətlə İlqar, həmişə çalışmışam «Tanınmışlar» verilişini dinləyim. Deyirlər ki, radio səsin davamıdır. Mənsə sözləri səslə daha tez qavraya, götürə bilirəm. Daha yaxşı yadımda qalır. Hərçənd inanmıram ki, bizim bu söhbətimiz eşitdiyim digər söhbətlər kimi maraqlı olsun… Bilirsiniz, nəsə Bakıda bir söhbətsizlik mühiti var. Bəzən şəhərdə gəzirsən və düşünürsən ki, kiminlə söhbət edəsən. Bəlkə də heç söhbət eləməyəsən. Sadəcə kiminləsə elə belə, yol gedəsən…

-Kiminlə susasan?
-Hə, həqiqətən. Kiminlə susasan. Bu problem var. Mənə elə gəlir ki, «Tanınmışlar»da adamlarla söhbət də əslində odur ki, bax söhbət etmək, danışmaq lazımdır. Nədən danışmaq önəmli deyil, sadəcə danışmaq lazımdır. Axı bəzən adam yaxşı danışıq, yaxşı sözlər eşitmək istəyir. Bu mənada mən sizin bu verilişi çox istəyirəm. Amma düzü özümün bu söhbətdə iştirak edəcəyimi fikirləşməmişdim…

“AZADLIQ” RADIOSUNUN INTERNET SAYTINA MOBIL TELEFONUNUZLA DA BAXA BILƏRSIZ.
DAHA ƏTRAFLI MƏLUMATI BURADAN ALIN.

Buna da bax:

XS
SM
MD
LG