İyunun 9-da Yazıçılar Birliyinin (YB) 15 nəfərə qədər üzvü bu qurumun rəhbərliyinin istefaya getməsi tələbi ilə piket keçirdilər. Aksiya icazəsiz olsa da, yazıçılar polisin tədbiri kənarda keçirmək tələbinə əməl etdikləri üçün heç bir qarşıdurma baş vermədi.
YB-nin üzvü, piketin təşkilatçılarından olan Mübariz Məsimoğlunun iddiasına görə, bu qurumda maliyyə yeyintiləri var və nizamnamədə qeyri-qanuni dəyişikliklər edilib. Buna görə də birliyin qurultayı keçirilməli və rəhbərlik istefaya getməlidir: «Dövlət bu quruma xeyli pul ayırır. Ancaq birliyini rəhbəri Anar o pulu Azərbaycan ədəbiyyatına deyil, yaxın adamlarının yazılarına xərcləyir. Təmir və digər ad altında da yeyintilər baş verir. Bütün bunları nəzərə alaraq, biz hesab edirik ki, rəhbərlik istefaya getməlidir. Qurultay keçirilib nizamnaməyə dəyişikliklər edilməlidir».
Cənab Məsimoğlu bildirir ki, tezliklə onlar YB üzvlərinin üçdə birinin imzasını toplayıb qurultayın keçirilməsinə nail olacaqlar.
YB-nin sədri Anar Rzayev isə ittihamları rədd edərək deyir ki, bu qurumun 1400 üzvü var. Etiraz edənlər onun heç bir faizini də təşkil etmir: «11 nəfərin şıltaqlığı ilə qurultay keçirmək olmaz. Yeyintilərə gəlincə, istənilən dövlət strukturu Yazıçılar Birliyində yoxlama apara bilər. Qurumun pulları son qəpiyinə qədər təyinatı üzrə xərclənir».
Cənab Rzayev hesab edir ki, aksiya keçirənlər aranı qarışdırıb YB-ni dağıtmaq istəyirlər. Ancaq buna imkan verilməyəcək.
Hazırda ictimai təşkilat statusunda fəaliyyət göstərən, amma əsasən hökumətin maliyyələşdirdiyi Yazıçılar Birliyi 1934-cü ildən fəaliyyət göstərir. Təşkilatın sonuncu - 11-ci qurultayı 2004-cü ildə keçirilib. Növbəti qurultay 2009-cu ildə keçirilməlidir.