Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:59

Prezident Aparatı qarşısında aksiya keçirildi


«Yeni Müsavat» qəzeti: «Obamanın şəklini Prezident Aparatı qarşısına çıxardılar»

Aprelin 3-ü günün ikinci yarısında işdən azad edilmiş bir qrup neftçi Prezident Aparatı qarşısında etiraz aksiyası keçirib.

Bu barədə «Yeni Müsavat»a aksiya iştirakçılarından biri məlumat verib.

Aksiya iştirakçıları ixtisar olunmalarına etiraz etmək üçün Prezident Aparatı qarşısına toplaşıb.

Əllərində ABŞ prezidenti Barak Obama və onun xanımı Mişel Obamanın şəklini tutan aksiya iştirakçıları ARDNŞ-də baş alıb gedən özbaşınalıqlardan şikayətləniblər.

Qeyd edək ki, bu mənzərəni həmin ərəfədə Prezident Aparatında olan Minsk Qrupunun amerikalı həmsədri Metyu Brayza da müşahidə edib.

«Azadlıq» qəzeti: «Dövlət orqanları dəmir hasarlar əhatəsində»

...Azərbaycanda son çağlar təkcə yaşayış binaları hasarlanmır. Fərdi evlərin kənarında eynən qala divarları kimi səddin ucaldılması mətbuatda vaxtaşırı tənqid olunur. Sosioloqlar-psixoloqlar bu hadisəni insanlarda olan kiçiklik sindromu ilə əlaqələndirirlər. Bu, öz yerində. Kiminsə evinin, villasının tərtibatı bizi düşündürməyə bilər, bəs ictimai binaların dəmir hasarlara alınması necə?

Şəhərdə apardığımız qısa araşdırma ilginc və məyusedici nəticələri ortaya qoydu. Məlum oldu ki, Bakıda nizəyə oxşar dəmir çubuqlardan özü üçün sərhəd düzəltmək nazirliklərimiz, ali məktəblərimiz, xəstəxanalarımız üçün qürur mənbəyidir...

Çox maraqlıdır ki, adıçəkilən dövlət obyektlərinin kənarına çəkilən hasarlar heç də simvolik xarakter daşımır. Ucu itilənmiş dəmir hasarları görəndə adam fikirləşir: bu obyektdə oturanlar özlərini feodal hesab edir, yoxsa kənardakıları. Axı ancaq orta əsr əyyanları öz mülklərini belə - nizəli çəpərlərlə mühafizə edərdi...

Əgər doğrudan da, hökumətin təsisatları xalqın mənafelərini qoruyan, müdafiə edən işlərlə məşğuldurlarsa, onda nəyə görə nizələrin arxasına sığınıblar. Qorxulu heç nə yoxdursa, bəs bu oyunbazlıq kimi gərəkdir?

Ümumiyyətlə, dəmir hasarlar doğrudan da ictimai binaların ətrafında müdafiə məqsədilə ucaldılıbsa, buna doyunca gülmək lazımdır. Birincisi, bu, ölkədə fəxrlə bəyan edilən stabillik siyasətini baltalayır. Əgər qaçaq-quldurları yox edilibsə, dövlət orqanları niyə belə xof içindədir?

İkincisi, elimin, texnologiyanın inkişaf etdiyi bir vaxtda bu cür çəpərlərlə hansı terrorçunun qabağını almaq olar? Bu çəpərlər uzaqbaşı qoyun quzunun qarşısında sipər ola bilər. Şəhərdə də narahatlıq yaradacaq sayda mal-heyvan olmadığından bu çəpərə çəkilən xərcə heyf.

«Yeni Azərbaycan» qəzeti: «Xalq onun mənafeyini qoruyanlara dəstək verir»

... El arasında belə bir deyim var ki, evdə çörək olmamasına görə hər zaman evin böyüyü günahkardır. Elə bu deyimə əsaslanan bəzi dünya xalqları düşdükləri pis vəziyyətlə əlaqədar öz rəhbərliklərini günahlandırırlar. Ermənistanda aləm dəyib bir-birinə. Dram MDB pulları içində dönüb qrama... Qazaxıstan pis vəziyyətdə, Özbəkistan ondan da betər. Ukrayna nə günə qalıbsa özünə düşmən saydığı Rusiyaya da ağız açdı. Ən böyük zərbə isə elə Rusiyanın özünə dəyib. Türkiyədə keçirilən bələdiyyə seçkiləri də iqtisadi böhranın iqtidarın səs faizlərinin enişində rol oynadığını ortaya çıxardı. Ola bilsin ki, elə türklər demişkən, fırsatçı müxaliflər bu situasiyadan istifadə etsin və divident əldə etmək üçün «mən hakimiyyət gəlsəm, bütün problemlər həll olunacaq» desinlər. Amma reallıq başqa şey deyir. Bu iqtisadi böhran üzə çıxardı ki, dəyirmi masalar arxasında mənəm-mənəmlik iddiası ortaya qoyan dövlətlərin iqtisadi dayanıqlılığı bura qədər imiş. Bununla yanaşı, bəziləri, elə bizim müxalifət kimi, konsepsiyasız-filansız iddialar səsləndirməklə məşğul imiş...

Azərbaycan hakimiyyəti dünyaya bir nümunə bəxş etdi... Milli valyutanın dayanıqlılığı, iş yerlərinin bağlanmaması, əksinə, yeni iş yerlərinin açılması, müavinətlərə artımların edilməsi bir daha ortaya qoyur ki, həqiqətən də, bu ekstremal hadisələrə qarşı Azərbaycan hökumətinin hazır konsepsiyası mövcuddur. Bu, Heydər Əliyev tərəfindən əsası qoyulan siyasətdir ki, prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Azərbaycan hakimiyyəti çox danışmır, çox iş görür.

Bəzi müxalifət qəzetləri isə dünyada gedən proseslərə öz prizmalarından yanaşaraq, hadisələrə öz pəncərələrindən boylanaraq iddia edirlər ki, guya xalq özü gəlib müxalifəti tapacaq. Bax, burada həm də maraqlı bir sual yaranır: xalq heç kimi axtarmır, əgər sizlər kimisə guya müxalifət adı ilə xalqa sırımaq istəyirsinizsə, kimləri nəzərdə tutursunuz?...

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG