Keçid linkləri

2024, 11 Oktyabr, Cümə, Bakı vaxtı 22:32

«Böyük 20-lər»in sammitindən əksəriyyət razı gedir


«Bu toplantıda qlobal böhranla mübarizə aparmaq üçün dünya bir araya gəlmişdi»
«Bu toplantıda qlobal böhranla mübarizə aparmaq üçün dünya bir araya gəlmişdi»
«Böyük 20-lər»in Londonda keçirilən sammitinə ev sahibliyi edən Böyük Britaniyanın Baş naziri Qordon Braun sammit haqqında deyib ki, bu toplantıda qlobal böhranla mübarizə aparmaq üçün dünya bir araya gəlmişdi.

Onun sözlərinə görə, sammitdə bir araya gələn liderlər nə olursa-olsun iqtisadiyyatı bərpa etmə, iş yerlərini saxlama və bu cür böhranın bir daha baş verməməsi razılığına gəldilər.

«Böyük 20-lər»in liderləri sammitdə iqtisadi böhranla mübarizə aparmaq üçün tədbirlər planıyla bağlı razılığa gəlib. Belə ki, liderlər Beynəlxalq Valyuta Fonduna böhranla mübarizə apara bilmək üçün təcili 1 trilyon dollar ayıracaqlar. Böyük Britaniyanın baş naziri Qordon Braun:

«Bu gün dünyanın ən böyük ölkələri iqtisadiyyatın bərpası və islahatlar aparmaq üçün qlobal plan razılığına gəldilər. Bu da tarixdə faiz dərəcəsinin ən böyük azaldılması, ən böyük maliyyə stimulu və beynəlxalq institutların indiyə kimi şahid olduğumuz ən böyük ehtiyat artımıdır».

Beynəlxalq Valyuta Fondu 1 trilyon dolların yarsını maliyyə çətinliyi yaşayan ölkələrə borc vermək üçün istifadə edəcək. Bu da son zamanlar ehtiyatı tükənən fondun vəsaitlərinin üç dəfə artırılması deməkdir. Bu məbləğdən 250 milyon dollar qarşıdakı iki ildə də təcili məqsədlər üçün istifadə ediləcək. 100 milyon isə yoxsul ölkələrə kömək üçün ayrılacaq.

Qordon Braun bildirib ki, ümumilikdə «Böyük 20-lər» böhranın nəticələrini aradan qaldırmaq üçün 2010-cu ilə qədər dünya iqtisadiyyatına 5 trilyon dollara qədər vəsait xərcləyəcəklər:

«Bu da işsizliklə mübarizə dövründə milyonlarla iş yerini saxlayacaq və yenisini açacaq».

Bank-maliyyə sistemini sağlamlaşdırmaq üçün isə bonuslar və faizlərin ödənilməsi sistemlərində də dəyişikliklər ediləcək. Qordon Braun son olaraq bildirib ki, daha kasıb ölkələrə yardım etmək ehtiyacı yaranarsa, Beynəlxalq Valyuta Fondu qızıl ehtiyatlarını da sata bilər.

Fransa prezidenti Nikola Sarkozi isə bildirib ki, sammitin göstərdiyi nəticə onun gözlədiyindən daha yaxşı olub. Almaniya kansleri Angela Merkel isə bunu tarixi razılıq adlandırıb. ABŞ prezidenti Barak Obama isə deyib ki, «Böyük 20-lər»in görüşünün qlobal maliyyə böhranında «dönüş nöqtəsi» olacağına ümid edir:

«Biz çox məhsuldar bir sammiti başa vurduq. Mən inanıram ki, bu da qlobal maliyyənin bərpasında dönüş nöqtəsi olacaq. London sammiti tarixi sammit oldu. O, kəmiyyət etibari ilə və bu gün üzləşdiyimiz çətinliklər və bizim onları vaxtında çözməyimiz baxımından tarixi bir görüş idi».

Böyük Britaniyanın Biznes və Sahibkarlıq naziri Piter Mandelson isə «Azadlıq» radiosuna bildirib ki, Beynəlxalq Valyuta Fondunun ehtiyatlarının artması Şərqi Avropa və Orta Asiya ölkələrini sevindirməlidir:

«Vacib olan odur ki, biz daha çox yardıma ehtiyacı olan ölkələrə köməklik edirik. Şərqi Avropa və Orta Asiya ölkələri də qlobal maliyyə böhranında daha çox ziyana məruz qalan ölkələrdir».

Amma heç də hamı sammitdən razı getməyə bilər. Belə ki, Rusiya və Çinin yeni qlobal ehtiyyat pul dövriyyəsi üçün etdiyi təklif görüşdə müzakirə olunmayıb.
XS
SM
MD
LG