Keçid linkləri

2024, 08 Dekabr, bazar, Bakı vaxtı 16:56

Ekspertlərin fikrincə, Abbas Abbasovun istefası Heydər Əliyev komandasına mesajdır


Ekspertlər deyir ki, İlham Əliyevin komandasının yeniləmək istəməsi təbiidir
Ekspertlər deyir ki, İlham Əliyevin komandasının yeniləmək istəməsi təbiidir

İndiyədək prezidentin hakimiyyətdən kənarlaşdırdığı məmurları iki yol gözləyib: ya həbs ediliblər, ya da səfir təyin olunmaqla ölkə daxilindəki proseslərdən kənarlaşdırılıblar


Ekspertlər baş nazirin birinci müavini Abbas Abbasovun istefasına belə münasibət bildirirlər ki, prezident İlham Əliyev Abbas Abbasovun bu addımıyla vidalaşmaq istədiyi Heydər Əliyev komandasının üzvlərinə mesaj göndərir. Həm onları, həm cəmiyyəti yeni kadr dəyişikliklərinə hazırlayır. Bu faktdır ki, üç il öncə atasının komandasını dəyişdirməyəcəyini bildirən prezident artıq öz komandasını formalaşdırmağa başlayıb.


«Gün səhər» qəzetinin şərhçisi Elxan Şahinoğluna görə, Abbas Abbasovun məktubunda səslənən bir fikir – «müasir düşüncəli kadrların gətirilməsi» haqda deyilənlər hakimiyyətin ona ötürdüyü ideyaya bənzəyir. «Mən Abbas Abbasovun bu sözləri daxili işlər naziri Ramil Usubova və Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyevə ünvanlandığını düşünürəm. Prezidentin yeni komandasının həmin şəxslərlə işləmək istəməməsi haqda məlumatlar dolaşır. Görünür, hakimiyyət onları uzaqlaşdırmağın asan olmadığını başa düşdüyündən fikrini dolayı yollarla çatdırır».


Ötən ilin payızında dövlət quruluşunu dəyişməyə cəhddə və korrupsiyada ittiham olunan iki nazirin həbsindən sonra İlham Əliyev kadr dəyişikliyini sürətləndirib. Bir neçə ay ərzində ona yaxın nazir və komitə rəhbəri dəyişdirilib. Bu addımları atan prezidentin əlavə mesaj ötürməsinə, ehtiyatlanmasına səbəb nədir? Ekspertlərin qənaətinəcə, köhnə komandanın üzvləri onları hakimiyyətə gətirdiyinə görə, məhz keçmiş prezident Heydər Əliyevə borclu idilər. Amma indi situasiya əksinədir. Bu dəfə onlar prezidenti-İlham Əliyevi hakimiyyətə gətiriblər. Bu aspektdən çıxış edən «Ayna-Zerkalo» qəzetlərinin yazarı Azər Rəşidoğlu hesab edir ki, həmin komanda üzvlərinin iddiaları da böyük olduğundan onlarla hesablaşmaq çətiniydi. Odur ki, İlham Əliyev bu komandanı dağıtmalı oldu.


Ancaq prezident köhnə komandanı özünə düşmənə çevirmək niyyətində deyil. İndiyədək prezidentin hakimiyyətdən kənarlaşdırdığı məmurları iki yol gözləyib: ya həbs ediliblər, ya da səfir təyin olunmaqla ölkə daxilindəki proseslərdən kənarlaşdırılıblar. Amma Abbas Abbasov fərqli situasiyadır. Azər Rəşidoğlu: «İlham Əliyev çatdırmaq istəyir ki, mənə qarşı çıxsanız Fərhad Əliyev və Əli İnsanovun aqibəti ilə üzləşəcəksiniz. Əgər könüllü getsəniz mən də sizi unutmayacağam…»


Bəs müxtəlif dövlət vəzifələri alan yeni kadrlar hansı islahatlar aparmaq niyyətindədirlər. Ekspertlərin bir çoxu nazir postlarına iş adamlarının gətirilməsi yaxşı qarşılayır. Düşünmək olar ki, işgüzardırlar, idarəçiliyi bilirlər və üstəlik onların maliyyə resursu olduğundan korrupsiyaya meyllənməyəcəklər. Digər tərəfdən isə onların təşəbbüskarlığı, islahatlara meylli olduğu görünmür.


«Turan» İnformasiya Agentliyinin eksperti Zəfər Quliyevə görə, Azərbaycanda kadr dəyişikliyi müəmmalı, sovet dövründə olduğu kimi qapalı şəkildə aparılır. Hakimiyyət qarşısına hansı məqsəd qoyduğunu, kadr dəyişikliyini hansı məqsədlə apardığını izah etməli idi.


«Hakimiyyət yeni bir istiqamət müəyyənləşdirməli və kadr dəyişikliyini də əsaslandırmalı idi. Görünən budur ki, həmin dəyişikliklər sadəcə, klanlar və qruplar arasında ziddiyyətlərlə bağlıdır». Zəfər Quliyevə görə, İlham Əliyevin komandasının yeniləmək istəməsi təbiidir. Azərbaycan cəmiyyətinə isə bu dəyişiklikləri və onların nə qədər gərəkli olub-olmadığını gözləməkdən savayı heç nə qalmır.


XS
SM
MD
LG