Milli Məclisin Beynəlxalq Əlaqələr Daimi Komissiyasının sədri, Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri, millət vəkili Səməd Seyidov deyir ki, prezidentin ABŞ-a səfəri birtərəfli və ya hansısa hissələrə bölünərək təhlil edilməməlidir. Bu, çoxşaxəli bir səfərdir. Çünki, həmin səfərdə problemlərin böyük bir hissəsi müzakirə olunub: «Bu, yalnız Azərbaycan-ABŞ münasibətlərinin inkişafına xidmət edən səfər deyil. Bu, Azərbaycanın beynəlxalq münasibətlərinə təkan verən, köməklik göstərən və yerini müəyyən edən bir səfər kimi qiymətləndirilməlidir».
Cənab Seyidova görə, bu səfər təkcə siyasi, iqtisadi, mədəni cəhətdən yox, həmçinin psixoloji cəhətdən də xüsusi əhəmiyyətə malikdir. Belə ki, İlham Əliyevin ABŞ-a dəvət olunması Azərbaycanda aparılan siyasətin, həyata keçirilən islahatların düzgün olduğunun ölkə daxilindən başqa, həm də xaricdən təsdiqlənməsidir.
Politoloq Zərdüşt Əlizadə isə bu məsələdə fərqli düşünür. O, deyir ki, prezidentin ABŞ səfərində yalnız bir müsbət məqam olub. O da İlham Əliyevin İranla ABŞ arasında müharibə istəməməyini, Azərbaycan ərazisindən İrana qarşı istifadəyə yol verilməyəcəyini bəyan etməsidir. Onun fikrincə, bu, Azərbaycan xalqının və dövlətinin mənafeyinə cavab verən mövqedir, qalan bütün məsələlərdə müsbət heç nə yoxdur: «Qalan məsələlər ki, prezident dedi (seçkilərin yaxşı keçməsi, neft məsələsi, anti-terror əməliyyatında strateji əməkdaşıq), bunlar hamısı mənə elə gəlir ki, kifayət qədər riyakar sözlərdir. Rejim antimilli və Amerikanın bütün dünyada müdafiə etdiyi demokratik dəyərlərə ziddir».
Cənab Əlizadə əlavə edir ki, bu dəvətlə Buş adminstrasiyası Azərbaycanda keçirilən saxta prezident seçkilərini legitimləşdirdi. Siyasətini dəyişməsi üçün ABŞ-ın Azərbaycan prezidentinə nə vaxtsa təpki göstərəcəyinə olan ümidləri məhv etdi.
Onu da deyək ki, prezident İlham Əliyevin Birləşmiş Ştatlara səfərinin Azərbaycanda demokratiyanın inkişafına təsiri məsələsində ekspertlərin fikirləri ziddiyyətlidir. Siyasətçilərin bir hissəsi prezidentin səfərinin demokratiyaya olan ümidləri azaltdığını deyirsə, digərləri heç də belə düşünmürlər. Bəzi ekspertlərin fikrincə, ABŞ səfəri həm də Azərbaycanda demokratik islahatların sürətlənməsinə təsir edəcək. Belə fikirlər də var ki, Ağ Ev Azərbaycanda demokratik islahatlara təzyiqlərlə nail olmağın mümkünsüzlüyünü anladığı üçün artıq müəyyən məsləhətləşmələr, müzakirələr yolu ilə bu niyyətini həyata keçirməyə üstünlük verir. Ekspertlər Azərbaycan dövlət başçısının böyük dövlətlərin rəhbərləri tərəfindən qəbul olunmasının da ölkədə demokratik inkişafa təsir göstərəcəyini istisna etmirlər.
Politoloq Rasim Musabəyov da deyir ki, Azərbaycan prezidentinin Birləşmiş Ştatlara səfəri çox vacib və əhəmiyyətli bir hadisədir. Cənubi Qafqazda, Xəzər hövzəsində ABŞ-ın marağı olan bir çox məsələlərin həllində Azərbaycan vacib bir tərəfdaş kimi görsənir: «Prezidentlərin görüşü müsbət dəyərləndirilməlidir. Dağlıq Qarabağ probleminin həllində müxtəlif təkliflərin müzakirə edildiyi, İran ətrafında vəziyyətin gərginləşdiyi, təhlükələrin mövcud olduğu bir vaxtda və digər məsələlərdə ABŞ-la ən yüksək səviyyədə məsləhətləşmələr səhvə yol verməmək baxımından çox vacibdir».
Cənab Musabəyov hesab edir ki, yüksək səviyyədə görüşüb, tərəfləri narahat edən məsələlər barədə fikir mübadiləsi aparmaq, narahatlıqları çatdırıb müəyyən dəstək istəmək vacib idi və işin bu hissəsi həyata keçirilib. Ancaq konkret problemlərlə bağlı dəstəyin nə dərəcədə əldə olunduğunu, hadisələrin inkişafı göstərəcək.