Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 05:26

Stiven Mann: «Tərəflər fürsətdən bəhrələnə bilməsələr, bu əsl faciə olacaq»


Səs: Real audio
Amerikalı həmsədr «vaxt gedir» - deyir ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri üzrə Baş Məsləhətçisi, Dağlıq Qarabağ münaqişəsi üzrə ATƏT-in Minsk Qrupundakı həmsədri, səfir Stiven Mann «Azadlıq» radiosuna eksklüziv müsahibə verib. Müsahibəni təqdim edirik:



«Azadlıq»: Cənab səfir, Rambuye danışıqlarından sonra, fevralın 17-də Azərbaycan prezidenti İlham Əliyev ABŞ-ın Dövlət katibi Kondaliza Raysla telefon söhbəti edib. Danışıqlardan qabaq da belə bir söhbət olmuşdu. Nəzərə alsaq ki, danışıqlar nəticəsiz başa çatdı, Dövlət katibinin İlham Əliyevə mesajı nə oldu?



Stiven Mann: Dövlət katibinin mesajı, Birləşmiş Ştatların artıq xeyli müddətdir ki, davamlı olaraq verdiyi eyni mesajdır. Xanım Rays sülh razılığının əldə olunmasının vacibliyini vurğulayıb və ABŞ-ın danışıqlar prosesinə dəstək verdiyini bir daha təkrarlayıb. Söhbət zamanı Rambuyedəki danışıqlar hərtərəfli müzakirə olunub. Lakin mən bu müzakirənin detallarına toxunmaq istəmirəm.



«Azadlıq»: İlham Əliyev sülh prosesində irəliyə getmək niyyətindədirmi?



Stiven Mann: Mən Azərbaycan tərəfinin mövqeyini xarakterizə etmək istəməzdim. Bu barədə onların özlərindən soruşun. Ancaq deyə bilərəm ki, telefon söhbətinin təşəbbüskarı İlham Əliyev idi.



«Azadlıq»: Cənab səfir, Azərbaycan mətbuatı məlumat verir ki, Rambuyedəki danışıqların ikinci günü Robert Koçaryan danışıqlar gedən otağı tərk edib, onun ardınca isə, rusiyalı həmsədr Yuri Merzlyakov çıxıb. Bundan sonra danışıqlar pozulub. Rambuyedə belə bir hadisə olubmu?



Stiven Mann: Mən də bu söhbəti eşitmişəm. Mən Rambuyedə idim, belə bir şey görmədim. Düşünürəm ki, bu fantaziya ilə dolu bir əhvalatdır və bilmirəm haradan gəlir.



«Azadlıq»: Rambuyedən qabaq siz daha nikbin görünürdünüz. Rambuyedə nə baş verdi? Bu barədə artıq konkret rəyiniz varmı?



Stiven Mann: Biz hələ də baş verənləri müzakirə edirik. Amma mən bunları bildirmək istəyirəm: 2006-cı il münaqişənin həlli ili olmalıdır. Rambuyedə məsələlər irəliyə getmədi. Lakin vaxt gedir.



«Azadlıq»: Əgər tərəflər razılığa gələ bilməsələr, onda 2006-cı il itirilmiş daha bir il olacaq?



Stiven Mann: Düşünürəm ki, bu, faciə olacaq. Son iki ildə bu qədər müsbət işlər görülüb. Pəncərə açıqdır və razılaşmanın əldə olunması lazımdır. Əgər tərəflər bu fürsətdən bəhrələnə bilməsələr, onda bu əsl faciə olacaq.



«Azadlıq»: Cənab səfir, bir çox müşahidəçilər prezidentlərin Rambuye görüşünü Praqa prosesinin kulminasiyası hesab edirdi. Artıq məlumdur ki, bu görüş nəticəsiz, yəni razılıq olmadan başa çatdı. Praqa prosesinin iflasa uğraması barədə deyilənlərə münasibətiniz necədir?



Stiven Mann: Praqa prosesi hər iki tərəfin sülhə çatmaq səylərinə konfidensiallıq vermək üçün yaradılmışdı. Ona görə də məsələ prosesin uğursuz olmasında deyil. Hər şey gəlir dirənir hər iki prezidentin və onların təmsil etdiyi iki ölkənin siyasi iradəsinə. Məncə, prezidentlər bu məsələyə ciddi yanaşırlar. Mən inanıram ki, hər iki ölkənin ictimaiyyəti sülh sazişi ideyasına dəstək verir. Azərbaycanlılarla və ermənilərlə şəxsi söhbətlərimdən aydın görünür ki, heç kəs yeni müharibənin başlanmasını istəmir. Bu, yaxşı bir faktdır. Lakin irəliyə getmək və fərqləri aradan qaldırmaq üçün iradə olmalıdır və bu iradə hər iki xalqdan gəlməlidir.



«Azadlıq»: Sizcə, tərəflər kompromisə getməyə özlərində güc tapacaqlarmı?



Stiven Mann: Mən bunu deyə bilmərəm. Bircə onu təkrar edə bilərəm ki, 2006-cı il bu kompromisi etmək üçün bir ildir və əgər tərəflər bunu etməsələr, faciə olacaq.
XS
SM
MD
LG