Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:48

«Baku Steel Company» fevralın 1-dən fəaliyyətini bərpa edir


Səs: Real audio
Şirkətin prezidenti Paolo Pərviz: «Hay-küy etməsən bürokratiya aradan qalxmaz» Xammal çatışmazlığı səbəbindən fəaliyyətinə ara verən «Baku Steel Company» fevralın 1-dən işə başlayacaq. Şirkətin prezidenti Paolo Pərviz yanvarın 18-də keçirdiyi mətbuat konfransında dedi ki, fasilə armaturun bahalaşmasına səbəb olmayacaq. Çünki anbarda 10 günlük əlavə xammal var. Cənab Pərvizin sözlərinə görə, zavodu heç kim bağlaya bilməz, fasiləyə baxmayaraq müəssisədə işləyən 2200 nəfərin hamısı yanvar ayının maaşını bütöv alacaq.



«Baku Steel Company»nin siyasi təzyiqlər altında bağlanması və müəssisə prezidentinin Azərbaycanı tərk etməsi ilə bağlı mətbuatda gedən xəbərləri isə cənab Pərviz birmənalı təkzib edir: «Mənə heç bir təzyiq yoxdur. Mən heç yerə getmirəm. Getmək fikrim də yoxdur».



Paolo Pərviz deyir ki, zavodun dövlət müəssisələrinin balansında olan metal qırıntıları ilə təmin edilməsi məsələsi Nazirlər Kabinetində müzakirə olunub. Hətta dövlət başçısı da şirkətin xammalla təmin edilməsi barədə göstəriş verib. Qaldı müəssisənin xammalı dövlət qurumlarından ucuz alıb, baha satması barədə səslənən fikirlərə, cənab Pərviz bildirir ki, hökumət armaturun qiymətinin qalxmasını istəmirsə, onda xammalı ucuz satmalıdır. «Onlar bahalaşdırsa, biz də bahalaşdıracağıq. Hay-küy etməsən bürokratiya aradan qalxmaz» - deyə, o, vurğulayır.



İqtisadçı alim Əli Əlirzayev hesab edir ki, «Baku Steel Company» inhisarçı şirkət olduğundan hökumətə istədiyi qiyməti diqtə edir. Onun sözlərinə görə, bunun qarşısını almaq üçün bazara yeni şirkətlərin gəlməsinə imkan yaradılmalıdır.



«Baku Steel Company» Azərbaycanda 2001-ci ildən fəaliyyət göstərir. Şirkət ildə 350 min ton armatur istehsal edir.
XS
SM
MD
LG