Keçid linkləri

2024, 06 Dekabr, Cümə, Bakı vaxtı 01:22

BVF rəsmisi: «İnflyasiya 10 faizlik həddi keçməyəcək»


Səs: Real audio
Beynəlxalq Valyuta Fondunun Azərbaycandakı daimi nümayəndəsi Bazil Zavoyko «yanacağın qiymətinin iki dəfə artması, yalnız qurumun hökumətə tövsiyəsi idi» - deyir Beynəlxalq Valyuta Fondunun (BVF) proqnozuna görə, 2006-cı ildə Azərbaycanda inflyasiya 10 faizi, yəni idarəolunmayan həddi keçməyəcək. Fondun Azərbaycandakı daimi nümayəndəsi Bazil Zavoyko «Azadlıq» radiosuna müsahibəsində deyib ki, hökumət bu həddi saxlamaq üçün hələ çox iş görməlidir, amma proseslərin gedişatı göstərir ki, bu il Azərbaycanda ciddi inflyasiya təhlükəsi yoxdur.



BVF-nin Azərbaycandakı nümayəndəsi deyir ki, dizel yanacağının qiymətinin iki dəfə artması da bu il ölkədə inflyasiyanı sürətləndirməyəcək, çünki yanacağın qiymətinin artırılması davamlı proses deyil. Amma Bazil Zavoyko bildirir ki, dizelin bahalaşması fondun Azərbaycan hökuməti qarşısında tələbi deyildi. Çünki 2006-cı ildə BVF Azərbaycanda heç bir proqram həyata keçirmir, bu, yalnız qurumun hökumətə tövsiyəsi idi: «Beynəlxalq Valyuta Fondu müntəzəm olaraq Azərbaycan hökumətinə məsləhət görürdü ki, enerji daşıyıcılarının qiymətini dünya qiymətlərinə uyğunlaşdırsın. Lakin bununla bağlı biz tövsiyə edirdik ki, artımın yoxsullara təsiri mütləq nəzərə alınsın. Amma 2005-ci ilin iyulunda BVF ilə Azərbaycan arasında sonuncu proqram başa çatıb və Azərbaycanın fond qarşısında heç bir öhdəliyi yoxdur. Azərbaycan hökuməti dizeli Beynəlxalq Valyuta Fondunun tələbinə uyğun olaraq bahalaşdırmayıb».



Fondun hökumətə əsas tövsiyələrindən biri də enerji sektorunda şəffaflığın təmin edilməsi ilə bağlıdır. Fondun Azərbaycandakı daimi nümayəndəsi Bazil Zavoyko deyir ki, əhali bilsə ki, yanacaq bahalaşanda onun artıq ödədiyi pul nəyə sərf olunur, buna etiraz etməz. Cənab Zavoykonun sözlərinə görə, Azərbaycanda enerji daşıyıcılarının qiymətinin dünya səviyyəsinə çatdırılmasına hələ çox var, odur ki, qiymətlərin bundan sonra da qaldırılması zəruridir, çünki neft tükənən sərvətdir, ondan daha səmərəli istifadə etmək lazımdır.
XS
SM
MD
LG