Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 06:43

MTN Fərhad Əliyevə işgəncə verilməsini təkzib edir


Səs: Real audio
Nazirliyin Mətbuat Xidmətinin rəhbəri Arif Babayev: «Ümumiyyətlə, MTN-də bu cür hallara yol verilməsi qeyri-mümkündür» Prezidentin İcra Aparatının keçmiş İşlər müdiri Akif Muradverdiyevin səhhəti yaxşı deyil. Onun vəkili Fuad Ağayev «Azadlıq» radiosuna bildirdi ki, müdafiə etdiyi şəxs mədəaltı vəzinin ağrılarından əziyyət çəkir. Cənab Muradverdiyevin qan təzyiqi də yuxarı qalxıb. Hazırda o, dərmanlar qəbul etsə də, müalicənin tam aparılması mümkün deyil. Fuad Ağayev bildirir ki, A.Muradverdiyevin xəstəxana şəraitində müalicə olunması üçün istintaq orqanına müraciət edib.



Vəkilin sözlərinə görə, işlə bağlı bəzi istintaq hərəkətləri aparılır. İstintaqın yekunlaşıb-yekunlaşmamasına gəlincə isə, Fuad Ağayev dedi ki, başqa təqsirləndirilən şəxslərlə bağlı bir sıra yeni epizodlar ortaya çıxır: «Bu da istintaqın uzanmasına təsir göstərə bilər».



Ötən həftə eyni ittihamla həbs olunan keçmiş İqtisadi İnkişaf naziri Fərhad Əliyevin də səhhətinin kəskin pisləşməsi haqqında yerli mətbuatda məlumatlar yayılmışdı. Sabiq nazirin səhhətinin pisləşməsinə ona işgəncələr verilməsinin də səbəb ola biləcəyinə işarə edilmişdi.



Milli Təhlükəsizlik Nazirliyi (MTN) Mətbuat Xidmətinin rəhbəri Arif Babayevin sözlərinə görə, hazırda Fərhad Əliyevin səhhəti normaldır: «Dekabrın 22-də onun qan təzyiqi aşağı düşmüşdü. Mərkəzi Klinik Xəstəxanada müayinədən keçirildi. Hazırda səhhəti normaldır. Guya burda ona işgəncə verilib, ona görə səhhəti pisləşib. Bu, yalandır. Ümumiyyətlə, MTN-də bu cür hallara yol verilməsi qeyri-mümkündür».



Cənab Babayevin sözlərinə görə, həbsdə olan digər keçmiş məmurlar da həkim nəzarətindədirlər. İşlə bağlı isə istintaq hərəkətləri isə davam etdirilir.



Keçmiş İqtisadi İnkişaf və Səhiyyə nazirləri Fərhad Əliyev və Əli İnsanov, Prezidentin İcra Aparatının İşlər müdiri Akif Muradverdiyev bu ilin oktyabr ayında həbs olunublar. Onlar dövlət çevrilişinə cəhddə ittiham olunurlar.
XS
SM
MD
LG