Keçid linkləri

2024, 12 Dekabr, Cümə axşamı, Bakı vaxtı 17:38

İmişliyə qaz verilib


Səs: Real audio
Vəkil Aslan İsmayılov xarici ölkə səfirliklərinə müraciət edəcəyini deyir Düz 13 il idi İmişli sakinləri qaz üzünə həsrət qalmışdılar



Rayon mərkəzində məşəl yandırma mərasimi dövlət televiziyası ilə də reklam olundu. Ancaq bu iş həmin mərasimin keçirilməsindən o yana getməyib. Mənzillərə qaz paylanılmayıb və necə deyərlər, İmişli sakinləri onun istisini hələ ki, öz evlərində hiss etmirlər.



Deyəsən, qazın mənzillərə paylanılması bir neçə ay çəkəcək. Çünki bu 13 ildə ya qaz kəmərləri sıradan çıxıb, ya da kimlərsə onu bilərəkdən kəsib satıb. İmişlidə danışırlar ki, bu illər kəmərlərin kəsilib satılması müəyyən işbaz insanlar üçün çox sərfəli biznesə çevrilmişdi. Rayonun hüquq-mühafizə orqanları isə bunun qarşısını almaq üçün heç bir tədbir görməyiblər. İmişli Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Səfa Ağayev deyir ki, hazırda üç istiqamətdə bərpa işləri gedir.



İmişlidə işıq fasilələrlə verilir.Yalnız İcra Hakimiyyəti və polis bütün gün ərzində elektriklə təmin edilir.



İmişlidə sadə insanların hakimiyyət orqanlarına inamı o qədər də yüksək deyil. Bu, özünü ən çox onların dediklərinə görə, məmur özbaşınalığı və yerli hakimiyyət orqanlarına edilən şikayətlərin cavabsız qalmasında göstərir. Ancaq ən acınacaqlısı odur ki, bəzən narazı insanlar hakimiyyət orqanlarına münasibətlə dövlətə olan münasibətin sərhədlərini dəqiq müəyyən edə bilmirlər.



Qızılkənd sakini Məhəmməd Abdullayev deyir ki, İmişlidə hakimiyyət orqanları insanların problemlərini həll etmək əvəzinə, özlərinə var-dövlət yığmaqla məşğuldurlar. Ancaq İmişlidə narazı insanların heç də hamısı müxalifətin tərəfdarı deyil. Ölkənin başqa əyalətlərində olduğu kimi, burada da, sosial-iqtisadi narazılıqlar siyasi etirazlar doğurmur. Baxmayaraq ki, İmişli ölkədə yeganə rayonlardandır ki, parlament seçkisində hakim Yeni Azərbaycan Partiyasının təmsilçiləri çox az səs qazanıblar. İmişli dairəsində Müsavat Partiyasının üzvü İltizam Əkbərli, İmişli-Biləsuvar dairəsində isə bitərəf namizəd qələbə qazanıb. Demokrat Partiyası yerli təşkilatının sədri Məhbub Zülfüqarlı deyir ki, noyabrın 26-sı Bakıda, keçmiş «Qələbə» kinoteatrının qarşısındakı meydanda yaşanan qarşıdurmadan sonra, rayon rəhbərliyi sıravi müxalifətçilərə təzyiqlər göstərir ki, onlar öz partiyalarını tərk etsinlər. Məhbub Zülfüqarlının sözlərinə görə, rayon rəhbərliyi bununla seçkidəki məğlubiyyəti bir növ kompensasiya etmək istəyir.



Xalq Cəbhəsi Partiyasının yerli təşkilatının sədri Əli Qasımov isə deyir ki, indi İmişlidə Bakıdakı mitinqlərə gedən müxalifətçilər də təqib edilir. Seçkidən sonra bir neçə dəfə müraciət etmələrinə baxmayaraq kütləvi aksiya keçirmək üçün onlara şərait yaradılmayıb.



İmişli Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Səfa Ağayev isə müxalifət partiyalarına təzyiqlər edildiyini inkar edir. Onun sözlərinə görə, əslində, yerli hakimiyyət orqanlarının başı rayonun sosial-iqtisadi problemlərinin həllinə qarışıb.



İmişliyə sonuncu dəfə 11 əvvəl gəlmişdim. Onda rayondakı mehmanxanada necə deyərlər, quş uçur, qulaq cingildəyirdi. İndi otaqların bir çoxunda qonaqlar var. Xidmətçi bunu İmişli Şəkər Zavodunun işə düşməsiylə izah edir.



İmişli Azərbaycanın aran rayonlarından biridir. Bu rayonda kanal boyu istifadəsiz qalan münbit torpaqlar hələ çoxdur, lap çox…
XS
SM
MD
LG