Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 23:40

Avropa İttifaqı Qarabağ münaqişəsinin həllində fəal iştiraka hazırdır<p align=`left`><br><br>


Səs: Real audio
Xavyer Solana gələn il münaqişənin həllində dönüş ola biləcəyini deyib Ermənistan, Azərbaycan və Gürcüstanın Xarici İşlər nazirləri dekabrın 13-də Brüsseldə Avropa İttifaqının (Aİ) Xarici Siyasət və Təhlükəsizlik üzrə komissarı Xavyer Solana və digər rəsmilərlə görüşüblər. Görüşdən sonra cənab Solana Aİ-nin regionda «dondurulmuş münaqişələr»in həllində daha fəal iştiraka hazır olduğunu bildirib. O, təfsilatlar barədə məlumat verməsə də, deyib ki, Qarabağ münaqişəsinin həllində Avropa İttifaqının iştirakının növü və dərəcəsini qarşıdakı günlərdə baş tutacaq «mühüm görüşlər» müəyyənləşdirəcək.



Ermənistanın Xarici İşlər naziri Vardan Oskanyanın sözlərinə görə isə, komissar bununla ATƏT-in Minsk Qrupu həmsədrlərinin regiona hazırkı səfərini nəzərdə tutur. Həftənin dördüncü günü həmsədrlər Ermənistan prezidenti ilə görüşüb, Bakıya yollanacaqlar. Nazirin bildirdiyinə görə, onlar danışıqların bəzi elementlərini müzakirə edəcək, prezidentlərin növbəti görüşünün yeri və vaxtını rəzılaşdırmağa çalışacaqlar. V.Oskanyan deyib ki, bu görüş artıq yanvarda baş tuta bilər.



Xavyer Solana isə Dağlıq Qarabağ (DQ) və Cənubi Osetiya münaqişələrində tezliklə irəliləyişin olacağına inamını bildirib. O, DQ münaqişəsi barədə daha nikbindir. Komissarın sözlərinə görə, artıq gələn il münaqişənin həllində dönüş ola bilər.



O, onu da vurğulayıb ki, ATƏT münaqişələrin həllində başlıca vasitəçi olaraq qalır.



Ermənistanın Xarici İşlər naziri Vardan Oskanyan da ölkəsinin Minsk Qrupunun vasitəçiliyini daha üstün tutduğunu bildirib. O, Aİ-nin təkliflərini yüksək qiymətləndirsə də, deyib ki, Ermənistan Brüsselin münaqişənin həllində birbaşa iştirakını gözləmir.



Avropa İttifaqının rəsmisi görüş zamanı həmçinin Azərbaycandakı parlament seçkisi məsələsini də qaldırdığını deyib. ATƏT bu seçkinin beynəlxalq standartlara uyğun gəlmədiyini bildirib. X.Solananın sözlərinə görə, o, narahatçılıqları Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovla «dostcasına» müzakirə edib. «Dostlarımız bizim nə düşündüyümüzü çox yaxşı bilir» - deyə, Solana əlavə edib.



Brüssel görüşündə Avropa İttifaqının "Yeni qonşuluq siyasəti"ndən Azərbaycanın geridə qalıb-qalmayacağına da aydınlıq gəlməli idi. 5 ilə nəzərdə tutulan bu əməli plan Kipr Respublikasının Azərbayan barədə şikayətinə görə ləngiyirdi. Nəticədə müzakirələr rəsmi yox, qeyri-rəsmi danışıqlar formatında keçirildi.



Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov ölkəsinin bu problemi həll eləmnəyə çalışacağını deyib:



"Biz bu məsələni yunan kiprliləri ilə müzakirə edirik. Buna bir sübut mənim Lyublyanada yunan kiprlilərinin xarici işlər naziri ilə görüşməyimdir".



Avropa İttifaqı rəsmiləri isə "Azadlıq" radiosunun müxbirinə bildiriblər ki, Kipr hələ də yekun sazişi blokadaya ala bilər.



Ermənistanın Xarici İşlər naziri formatın dəyişməsinə baxmayaraq, görüşün məzmununa xələl gəlmədiyini deyib. O, Azərbaycanın üzv ölkələrdən biri ilə probleminə görə Ermənistanın zərər görməyəcəyinə və prosesin qaydasında gedəcəyinə ümid etdiyini deyib.
XS
SM
MD
LG