Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:17

Serialdan uzun reklam


Səs: Real audio
«Mən müxalifətin 26 noyabr aksiyasından sonra bu qərarı verdim. Mən o günün məsuliyyətini bölüşmək istəmədim. Mən heç vaxt başqasının körpəsini şəraiti bilə-bilə təhlükəyə atmazdım» Televiziyada serialdan uzun nə ola bilər? O biri televiziyaları demək çətindir, ancaq Azərbaycan televiziyasında serialın içində göstərilən reklam seriyadan deyəsən, uzun çıxır



Azərbaycanda televiziyaların reklam fəaliyyəti iki - «Reklam haqqında» və «Televiziya və radio yayımı haqqında» qanunlarla tənzimlənir. Sonuncu qanunun 35-ci maddəsinin 7-ci bəndində deyilir ki, reklamın və teleticarətin ümumi həcmi gün ərzində yayımlanan verilişlərin ümumi həcminin 20, ayrılıqda reklamın ümumi həcmi isə gün ərzində yayımlanan verilişlərin ümumi həcminin 15 faizindən çox ola bilməz. Həmin maddənin 8-ci bəndinə görəsə, yayım zamanı teleticarət üçün ayrılmış blokun fasiləsiz həcmi bir saatda 10 dəqiqədən, gün ərzində belə blokların sayı isə 6-dan çox ola bilməz.



Televiziyaların reklam fəaliyyətilə bağlı narazılıq həm reklamın ümumi həcmi, həm onların pərakəndə verilməsiylə bağlıdır. Məsələn, qanunun 35.4-cü bəndinə görə, ayrıca verilişlərdə bir reklam blokunun sonu ilə o biri reklam blokunun əvvəli arasındakı zaman kəsiyi 15 dəqiqədən az olmamalıdır.



MTRŞ bu yaxınlarda telekanalların reklam fəaliyyətinin monitorinqini aparıb. Qurumun İdarə Heyətinin üzvü Qafar Cəbiyev Lider TV-də gündəlik reklamın həcminin ümumi normanı aşdığını deyir.



Reklamların xüsusilə teleseriallarda tez-tez verilməsi tamaşaçıları daha çox qıcıqlandırır. Hətta bəzən baxdıqları seriyanın həcminin onda verilən reklamların həcmindən az olduğunu deyən tamaşaçılar da var.



Telekanallar MTRŞ-ın iradını qəbul edir, ancaq reklam fəaliyyətlərini daha çox qanundakı qeyri-dəqiqliklə bağlayırlar. Yayım Şurası bildirir ki, reklam fəaliyyətində qanunu ən çox pozan Lider, ATV və Space kanallarıdır.



ATV-nin baş redaktoru İkram Əliyev «Azadlıq» radiosuna bildirdi ki, onlar qurumun dedikləriylə razıdırlar, ancaq onun fikrincə, bu məsələdə qanundakı boşluqlardan daha çox danışmaq lazımdır.



Reklam qaydalarını ən az pozan şirkət kimi ANS-in adı çəkilir. ANS TV-nin baş direktoru Fuad Cabbarovsa bildirir ki, qanun «Televiziya haqqında» Avropa Konvensiyası əsasında hazırlanmasına baxmayaraq telekanallar üçün daha çox qadağa qoyur. Cənab Cabbarov həmçinin Azərbaycanda yayımlanan Rusiyanın RTR kanalında günortaçağı pivə reklamının yer almasına baxmayaraq, yerli telekanallara bu qadağanın qoyulmasından gileylənir.



Milli Teleradio Şurasının sədri Nuşirəvan Məhərrəmli isə bildirir ki, «Televiziya və radio yayımı haqqında» qanunun Milli Məclisdə təkmilləşdirilməsinə tərəfdardır.



Prezident İlham Əliyevin sərəncamıyla şuraya qanunu pozan telekanalları cərimələmək səlahiyyəti verilib. Ötən ayın sonunda yerli televiziyalara sonuncu dəfə xəbərdarlıq edən cənab Məhərrəmli indi bildirir ki, görülən iş artıq nəticə verməkdədir. Yəni telekanallar söz veriblər ki, pozuntuları aradan qaldıracaqlar. Ancaq Nuşirəvan Məhərrəmli bir məqamı da vurğulayır: «Büdcədən maliyyələşən AzTV və İTV-dən tələb etmək olar ki, keyfiyyətli veriliş hazırlasın. Ancaq özəl televiziyaların maliyyə mənbəyi reklam olduğundan onlardan bunu tələb etmək çətindir».
XS
SM
MD
LG