Keçid linkləri

2024, 04 Dekabr, çərşənbə, Bakı vaxtı 10:13

Yeni məşqçi, köhnə futbol


Səs: Real audio
Dekabrın 15-də Parisdə AŞPA-nın Monitorinq Komitəsində də seçkidən sonra Azərbaycanda yaranmış vəziyyət müzakirə olunacaq Azərbaycan komandasına yeni baş məşqçi təyin edilib – bu dəfə yerli mütəxəssis - Şahin Diniyev



Onun təyinatına müsbət yanaşanlar da var, mənfi münasibət bildirənlər də.



Amma ekspertlərin fikirlərinə keçməmişdən əvvəl yeni məşqçinin qısa tərcümeyi-halı.



Şahin Diniyev – futbolçu karyerasına 1984-cü ildə Mingəçevirin «Avtomobilçi» komandasında başlayıb. Daha sonra «Neftçi» və «Kəpəz» komandalarında oynayıb. O, Azərbaycandan kənarda da top qovub – Moldovanın «Nistru», Rusiyanın «Terek», İsrailin «Hapoel» və «Beytar» klublarında oynayıb.



Məşqçiliyə 16 və 18 yaşlılardan ibarət milli komandaya rəhbərliklə başlayıb. Daha sonra Rusiyanın «Terek» klubuna başçılıq edib. Sonra Azərbaycana qayıdıb, «Qarabağ-Azərsun» komandasını çalışdırıb, keçən ildən isə «Gəncə» komandasıyla işləyir.



«Futbol+» qəzetinin baş redaktoru Mahir Rustəmli deyir ki, yığmaya yenə də xarici mütəxəssis gətirilməliydi, çünki Azərbaycanın məşqçilik məktəbi Sovet dövründən qalmadır, köhnədir. Onun fikrincə, hətta Sovet dövründə də Azərbaycanda dünya səviyyəli bir məşqçi yetişməyib.



Onun qənaətincə, Karlos Alberto Torresin simasında ilk təcrübə uğursuz alınsa da, yığmaya yenə də xarici məşqçi gətirilməliydi:



«Yerli məşqçilər adətən hansı klublara yaxındırlarsa, o komandanın oyunçularını milliyə daha çox cəlb edir. Xarici məşqçi gəlsə, heç olmasa, belə şeylər olmaz, oyunçunu qabiliyyətinə görə seçərlər».



Mahir Rüstəmli güman edir ki, xarici məşqçi Azərbayana müasir futbol taktikası, yeni ab-hava gətirə bilərdi.



Amma əcnəbi məşqçilərin əleyhinə olan ekspertlər də var. Şahin Diniyevin «Neftçi» klubunda komanda yoldaşı olmuş İsgəndər Cavadov deyir ki, milli komandada dəyişiklik olacağına ümid edir, amma inanmır. Çünki indiki məqamda – yerli futbolçuların səviyyəsinin yüksək olmadığı hazırkı şəraitdə hətta dünyanın ən yaxşı məşqçiləri də Azərbaycan komandasına kömək edə bilməz.



Onun qənaətincə, hələ ki yerli məşqçilərdən istifadə etmək, uşaq futbolunu inkişaf etdirmək və yalnız bundan sonra əcnəbi mütəxəssislərə müraciət etmək olar. Amma İsgəndər Cavadov futbol məmurları dəyişməyincə, futbolda, o cümlədən milli komandada inkişaf olacağına inanmır.



Şahin Diniyevin özü isə deyir ki, milli komandanı böhranlı vəziyyətdən çıxarmaq mümkündür. O hətta bunun üçün köklü dəyişikliklərə getmək və komandada cavanlaşdırma siyasəti aparmaq niyyətindədir.



Şahin Diniyev deyir ki, milli komandaya pul qazanmaq üçün yox, Azərbaycanı layiqli şəkildə təmsil edə biləcək komanda yaratmağa gəlib. Hətta Azərbaycan Futbol Federasiyaları Assosiasiyası ilə nə qədər qonorar alacağını da danışmayıb.



Yeni baş məşqçi Şahin Diniyev dekabrın 18-də milli çempionat başa çatandan sonra futbolçularla işləməyə başlayacaq. Qarşıda isə 2008-ci ildə keçiriləcək Avropa çempionatının qrup oyunları var.
XS
SM
MD
LG