Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:26

Jurnalistlər təhlükəsizlik təklifini rədd edirlər


Səs: Real audio
Nizami Rayonu 20-ci Polis Bölməsinin rəis müavini Vidadi Əhmədovsa Elçin Abdullayevin deputatlığa namizədin şərəf və ləyaqətini təhqir etdiyini söyləyir Onlar yürüş-mitinqlərdə bir yerdə dayanmağın əleyhinədirlər



Mətbuat Şurası belə qərara gəlib ki, növbəti yürüş-mitinqlərdə jurnalistlər hadisələrin içərisində olmamalıdırlar. Onlar üçün ayrılmış ərazilərdə işləməlidirlər. Mətbuat Şurasının sədri Əflatun Amaşov deyir ki, bu, jurnalistlərin təhlükəsizliyini qorumaq üçündür.



«Azadlıq» blokunun sonuncu aksiyasında 10-a yaxın jurnalist xəsarət almışdı. «Ayna» qəzetinin müxbiri İdrak Abbasov isə aldığı xəsarətlərdən xəstəxanaya düşmüşdü.



Əflatun Amaşov hesab edir ki, xüsusi yerlərin ayrılması jurnalistləri təhlükədən qoruyacaq.



Ancaq həm jurnalist təşkilatları, həm də müxbirlər və fotoqraflar Mətbuat Şurasının bu qərarına etiraz edirlər.



«Azad Söz» Jurnalistlər Təşkilatının sədr müavini Rəsul Mirhəşimli deyir ki, bu, jurnalistlərin informasiyanı dəqiq və yerində almasına maneə olacaq:



«Mətbuat Şurası jurnalistlərin azad informasiya almaq hüququnu qorumaq əvəzinə maneə yaradır. Jurnalistin hadisənin baş verdiyi ərazidən informasiya almaq hüququ var. Jurnalistlər üçün hardasa yer müəyyənləşdirib orda dayanmağını tələb etmək həm obyektiv informasiya almaq hüququnu pozacaq, həm də polisin onun sərbəst işləməsinə maneə yaratmasını asanlaşdıracaq».



Fotoqmüxbir Zöhrab Zeynalov bu təklifin işə birbaşa maneə olduğunu bildirir:



«Nəinki mitinqdən, heç bayram tədbirindən də şəkil çəkmək üçün hansısa yerin ayrılması düzgün deyil. Təyin olunan yerdə dayanıb işləmək heç cür mümkün deyil. Mitinqçilər, çıxışçılar müxtəlif yerlərdə olur. Təsəvvür edin, biz də bir yerdə dayanmışıq. Həmin vəziyyətdə necə işləmək olar. Polislərin çoxu deyir ki, siz bizə mane olursuz. Bu da onlara işimizi məhdudlaşdırmağa imkan verəcək. Deyəcəklər ki, gedin ayrılmış yerə, hərəkət edəndə də təzyiq edəcəklər».



Jurnalist Pəriviz Həşimli də həmin şəraitdə işləməyi təsəvvür edə bilmir:



«Axı, bu necə olacaq, gördüyümüzü yaza bilməyəndən sonra hansı dəqiq informasiyadan danışmaq olar».



Müstəqil hüquqşünas Ələsgər Məmmədli isə bildirir ki, Mətbuat Şurasının təklif etdiyi bu qayda tətbiq olunarsa, onda həm kütləvi informasiya vastələri haqqında qanun pozulacaq, həm də jurnalistlərin hüquqları tapdanacaq:



«Bəzi tədbirlər var ki, məsələn, stadionlarda jurnlalistlər üçün yer ayrılır, onlar da öz yerlərində olurlar. Ancaq hərəkətli tədbirlərdən yazı hazırlayacaq jurnalistə "sən ancaq bir yerdə dayanmalısan" demək qanuna ziddir».



Həm jurnalistlər, həm də hüquqşünaslar deyirlər ki, Mətbuat Şurası icazəsiz aksiyalar üçün jurnalistlərə fərqləndirici jiletlər ayırıb. Buna görə də KİV nümayəndələri üçün yer ayırıb onlardan orda dayanıb reportaj hazırlamağı tələb etməyə ehtiyac yoxdur.
XS
SM
MD
LG