Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:19

Stiven Mənn: «Sülh sazişi ya bir neçə aya imzalana, ya da yüz il çəkə bilər»<p align=`left`><br><br>


Səs: Real audio
«Ümid edirəm ki, tezliklə ciddi və davamlı irəliləyiş əldə edəcəyik» Dağlıq Qarabağ münaqişəsinə dair sülh sazişi ya bir neçə aya imzalana bilər, ya da bu, yüz il çəkəcək. Bunu ATƏT-in Minsk Qrupunun (MQ) amerikalı həmsədri Stiven Mənn iyulun 12-də Bakıda keçirilən mətbuat konfransında dedi: «Sülh sazişi liderlərin siyasi iradəsindən və xalqların istəyindən asılıdır. Azərbaycan və Ermənistan hökumətləri münaqişənin həlli üçün gördükləri işə görə beynəlxalq ictimaiyyətin hörmətinə layiqdir. Ümid edirəm ki, tezliklə ciddi və davamlı irəliləyiş əldə edəcəyik».



Cənab Mənn Praqada başlanmış sülh prosesinin müsbət nəticələr verdiyini, «normal vəziyyətin bərpa olunacağı günün uzaqda olmadığını» söylədi.



Rusiyalı həmsədr Yuriy Merzlyakov da Bakıda keçirdikləri danışıqlarda Praqa prosesini davam etdirdiklərini vurğuladı. Onun dediyinə görə, tərəflər gələcək sülh sazişinin mətnini deyil, əsas elementlərini müzakirə edirlər.



Fransalı həmsədr Bernar Fasye isə qarşıdan gələn parlament seçkisinin sülh danışıqlarına mümkün təsiri barədə suala cavab verdi: «Biz ümid edirik ki, seçkilər demokratik olacaq və bu da sülh danışıqlarına müsbət təsirini göstərəcək».



Cənab Fasye MQ-nin fəaliyyətsizliyi barədə deyilənləri təkzib etdi və münaqişənin həll edilməməsini liderlərin kifayət qədər siyasi iradə göstərməməsilə izah etdi.



Rusiyalı həmsədr Yuriy Merzlaykov Azərbaycanla Ermənistan arasında kommunikasiya xəttinin açılması məsələsinin müzakirəsinə toxundu. «Məncə, bu məsələnin danışıqların gündəliyinə salınması hələ tezdir. Çünki bunun üçün gərək Dağlıq Qarabağın azərbaycanlı və erməni icması danışıqlarda iştirak etsin. Onlar bu yolun ehtiyaclarını daha yaxşı bilirlər. Ancaq mən bilmirəm bu nə vaxt baş verəcək».



Cənab Merzlyakov münaqişənin həllində Rusiyanın Ermənistana təsir etmək imkanı barədə deyilənləri təkzib etdi.



Türkiyə və İranın münaqişənin həllində mümkün iştirakına gəlincə, B.Fasye dedi ki, bütün region dövlətlərinin məsələnin həllində iştirakı vacibdir. Amerikalı həmsədr Stiven Mənnsə özünün İranla heç bir məsləhətləşmələrdə iştirak etmədiyini və ümumiyyətlə, ABŞ-ın belə bir fikrinin olmadığını bildirdi: «Türkiyə isə münaqişənin həllində müsbət rolunu oynamalıdır».



«Azadlıq» radiosunun erməni xidmətinin Dağlıq Qarabağda 10-15 ilə referendum keçiriləcəyi barədə yaydığı məlumatı həmsədrlər şərh etməkdən imtina etdilər. Bildirdilər ki, tərəflər danışıqların detallarını açıqlamamaq barədə razılaşıblar.



Həmsədrlər məsləhətləşmələri davam etdirmək üçün Yerevana və daha sonra Dağlıq Qarabağa gedəcəklər. Onların dediyinə görə, ciddi irəliləyiş üçün imkanlar var və Bakını belə bir ovqatda tərk edirlər.
XS
SM
MD
LG