Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:28

Hökumətlə media arasında dialoqun növbəti raundu başlandı


Səs: Real audio
Onun «Azadlıq» seçki blokunun liderləri ilə görüşü nəzərdə tutulur İyulun 11-də Bakıda hökumətlə media arasında dialoqun növbəti raundu başlanıb.



Avropa Şurası Media Bölməsinin Prezident Aparatı ilə birgə keçirdiyi tədbirdə Avropa Şurasının ekspertləri, Prezident Aparatının şöbə müdiri, ATƏT-in Bakı Ofisinin nümayəndəsi, yerli media qurumlarının rəhbərləri, eləcə də media sahəsiylə məşğul olan QHT-lər iştirak edirlər.



Tədbir üç gün davam edəcəyindən yekun qərar da müzakirələrdən sonra qəbul olunacaq.



Tədbirdə iştirak edən bəzi müstəqil və hakimiyyətyönlü mətbuat orqanları bu ilin aprelində hökumətlə media arasında ilk dəyirmi masadan sonra informasiyanın alınmasında və yayılmasında ciddi irəliləyişlərin olduğunu bildirsələr də, bu, birmənalı qarşılanmadı.



İctimai TV-nin Yayım Şurasının sədri Cahangir Məmmədli müsbət dəyişikliyin olmadığını qeyd etdi. O, aprel görüşündən sonra bəzi mətbuat orqanları əməkdaşlarının məmurlar tərəfindən təhqir olunduğunu bildirdi. Ona görə də dialoqun hakimiyyətlə mətbuat arasında yox, məmurlarla mətbuat arasında keçirilməsini təklif etdi.



Cahangir Məmmədlinin bu iradlarıyla razılaşmayan millət vəkili Rizvan Cəbiyev təhqir dolu məlumat və məqalələrin müxalifət qəzetlərində də dərc olunduğunu bildirdi. Və təklif etdi ki, müxalifət qəzetlərinin bir sayını tərcümə edib avropalı qonaqlara göndərsinlər və onlar özləri bunu qiymətləndirsinlər.



“Yeni Müsavat” qəzetinin redaktor müavini Azər Ayxan isə Prezident Aparatında ictimai-siyasi şöbənin müdiri Əli Həsənovdan dialoqun effektli olması üçün “Lider” telekanalında gedən “Kuklalar” verilişini dayandırmağı xahiş etdi. Fikrini də onunla əsaslandırdı ki, bu veriliş seçkiqabağı vəziyyətin gərginləşməsinə səbəb olacaq.



Azərbaycan Jurnalistlər Konfederasiyasının sədri Azər Həsrətin fikrincə, belə bir dialoqun keçirilməsi görüntü yaratmaq baxımından daha çox hakimiyyətə sərf edir və hakimiyyət bununla beynəlxalq aləmə müxalifət mətbuatına əl uzatdığını nümayiş etdirmək istəyir. Bununla yanaşı o, görüşləri tam nəticəsiz də hesab etmir.



Prezident Aparatında ictimai-siyasi şöbənin müdiri Əli Həsənov isə artıq bu görüşlərin müsbət nəticələrinin olduğu qənaətindədir.



“Ayna” qəzetinin şərçisi Rauf Mirqədirova görə, belə dialoqlar həm müxalifət, həm də mətbuat arasında əvvəllər də bir neçə dəfə keçirilib. O deyir ki, bundan qabaq iqtidar və müxalifət nümayəndələri təsir dairələrində olan kütləvi informasiya vasitələrində “qara piar”a son qoyacaqlarını vəd etsələr də, saziş imzalanandan bir neçə gün sonra buna heç kim əməl etmədi.



Rauf Mirqədirovun sözlərinə görə, etika kodeksinin keşiyində duracağına imza atan şəxslər bu sazişləri çoxdan unudublar. O deyir ki, qanunla tənzimlənməyən məsələlərin hansısa bəyannamə ilə tənzimlənməsi qeyri-mümkündür.
XS
SM
MD
LG