Keçid linkləri

2024, 06 Oktyabr, bazar, Bakı vaxtı 20:21

Şəkərli diabet xəstələri dərman çatışmazlığına etiraz edirlər


Səs: Real audio
Aksiyanın məqsədi qloballaşmaya qarşı keçirilən tədbirlərlə həmrəylik nümayiş etdirməkdir «Diabetlərə aid kitablar oxuyuram ki, görüm, onlara nə yemək olmaz, nə yemək olar. Qızartma yeməklər olmaz, ancaq qaynanmış. Çox oxumaq istəyirəm, ancaq gözüm zəif görür. Gündüz yaxşı görürəm».



Bir neçə gündən sonra Ruhəngizin 25 yaşı olacaq. İki yaşından şəkərli diabet xəstəliyinə tutulub. 9-cu sinfə qədər məktəbdə əla qiymətlərlə oxuyub. Xəstəlik artanda gözündə cərrahiyə əməliyyatı aparılıb. Bundan sonra məktəbə gedə bilməyib.



O, da başqa şəkərli diabet xəstələri kimi hər ayın 1-ni səbirsizliklə, həm də qorxuyla gözləyir. Həmin gün dispanserdən insulin alır. Qorxusu isə insulin alanda dispanserin qarşısında yaranan basabasdan, gecikəndə «insulin qurtardı» sözündəndir.



«Lazimi qədər qəbul etməyəndə vəziyyətim çətinləşir. Üç dəfə komaya düşmüşəm. Pulumuz olanda aptekdən insulini 30 min manata alırıq».



Rəsmi statistikaya görə, Azərbaycanda 60 minə yaxın şəkərli diabet xəstəsi var. Onlardan 500 nəfəri uşaqlardır. 17 mindən artıq adam insulindən asılıdır. Bu preparatı pulsuz almalı olan xəstələr çox vaxt ala bilmədiklərinə görə iyunun 29-da Mətbuat Mərkəzində bir yerə yığışmışdılar. Səslərini onların problemləri ilə məşğul olmalı adamlara çatdırmaq istəyirdilər.



- Hər ayın 1-də insulin almağa gedirik. Diabet xəstələri az qala bir-birlərini döyürlər.



- İnsulinin çatışmaması faciədir. Orada camaat bir-birini döyür. Çünki, bilir ki, sabah olmayacaq. Xəstələr köhnə insulin vurmağa məcburdurlar.



- Salyandan gəlmişəm. İnsulin yoxdur. Son bir ayda vəziyyət lap pis olub.



- Niyə insulin dispanserə verilmir, aptekdəsə satılır. Dünyanın heç bir yerində insulin pulla verilmir.



- Dörd preparat verilməlidir, verilmir. Xəstəyə əsəb olmaz, ancaq, insulinin olmaması bizi daha çox əsəbləşdirir.



- Bir flakonun qiyməti 30-40 min manatdır. Bu iki həftəyə çatır. Bəs sonrası?



Səhiyyə naziri Əli İnsanov bir neçə ay əvvəl mətbuata açıqlamasında insulin probleminin həll olunacağını bildirmişdi.



«Çox ehtimal ki, şəkərli xəstələr üçün kifayət qədər insulin alacağıq. Çünki, bu saat hamını təmin edə bilmirik. Bu da həqiqətdir. İndi siz istəyirsiniz hər şey olsun, olmur».



Səhiyyə nazirinin müavini Elsevər Ağayevin verdiyi məlumata görə, 2006-cı ilin dövlət büdcəsində ayrı maddə ilə şəkərli diabetə qarşı dövlət proqramının maliyyələşdirilməsinə 45 milyard manat ayrılması nəzərdə tutulur. Bu, Azərbaycanda səhiyyə sahəsində ilk dövlət proqramıdır. Dövlət proqramına xəstəliyin ilk dövründə diaqnozun qoyulması və xəstələrin dərmanlarla təmin olunması daxidir.



Nazirliyin büdcədənkənar tibbi xidmət şöbəsinin müdiri Vəkil Abbasov bildirdi ki, insulin çatışmazlığı maliyyə vəsaitinin azlığı ilə bağlıdır.



Xəstələr dövlət proqramına sevinir, ancaq daha bir il əziyyətlə yaşayacaqlarından kədərlənirlər.



Diabet Liqasının rəhbəri Yeganə Teymurqızı isə dövlət proqramının necə həyata keçiriləcəyindən də narahıtdır.



Ancaq xəstələr yenə ümidlidirlər. 23 ildir bu xəstəlikdən əziyyət çəkən Ruhəngiz sağlam olacağına ümidini itirməyib.



«Sağlam olmaq istəyirəm, hamı kimi gəzmək istəyirəm. Gülməyi çox sevirəm, ağlamağı yox».
XS
SM
MD
LG