Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:40

Hüquq-mühafizə orqanları Müsavatı partlayış törətmək cəhdində günahlandırır


Səs: Real audio
Müsavat partiyası isə bunu «qara piar» adlandırır Milli Təhlükəsizlik Nazirliyi və Baş Prokurorluğun iyunun 13-də yaydığı birgə məlumatda bildirilir ki, Müsavat partiyasının rəhbərliyinə yaxın olan Pirəli Orucov ictimai-siyasi sabitliyi pozmaq məqsədilə partlayış törətmək istəyirmiş.



Bəyanatda deyilir ki, «Azad Azərbaycan» Müstəqil Teleradio Şirkətinin prezidenti Tağı İbrahimovunApellyasiya Məhkəməsinin hakimi Bəhram Şükürovun şəxsi avtomaşınlarının partladılmasına cəhddə təqsirli bilinən Bakı sakini Əlimurad Nəhmədov və Rusiya vətəndaşı, milliyyətcə çeçen olan Əli Saqiyev saxlanılıb.



Rəsmi məlumata görə, onlardan biri – Əlimurad Nəhmədov saxlandıqdan sonra MTN-ə Bakıda ictimai-siyasi sabitliyi pozmaq məqsədilə partlayışlar törətmək cəhdləri haqda məlumat verib. Və bu haqda sifarişi Müsavat partiyasının rəhbərliyində təmsil olunan polkovnik-leytenant Pirəli Orucov və Moskvada iş adamı kimi fəaliyyət göstərən Rzabala Quliyev veriblər.



Məlumatda o da bildirilir ki, adı çəkilən şəxslər son vaxtlar «ATV» telekanalı ilə bağlı Apellyasiya Məhkəməsinin qərarlarından guya bu kanalın rəhbərliyinin narazı olması və çəkişmələrin terror yolu ilə həll edilməsi barədə cəmiyyətdə yanlış fikirlər formalaşdırmaq və bundan istifadə etməklə əhalini müxalifətin mitinqlərinə cəlb etmək istəyiblər. Bu məqsədlə də əvvəlcə məhkəmənin hakimi Bəhram Şükürovun, daha sonra «ATV» telekanalının rəhbəri Tağı İbrahimovun avtomobillərini partlatmaq istəyiblər.



Ölkə başçısının siyasətini dəstəklədiyini bildirən «Azad Azərbaycan» teleradio şirkətinin prezidenti Tağı İbrahimov da bəyanat yayıb. Tağı İbrahimovun qənaətincə, bu aksiyanın arxasında duran radikal müxalifət siyasi cəbhədə məğlubiyyətə uğradığından terrora əl atıb. Ölkə başçısının imicinə zərbə endirmək istəyiblər. Amma bəyanat müəllifi hesab edir ki, belə hərəkətlərlə sabitliyi pozmaq mümkün olmayacaq.



Müsavat partiyasının bəyanatında isə partiya ilə bağlı deyilənlər cəfəngiyyat adlandırılır və hakimiyyətin öz opponentlərinə qarşı növbəti «qara piar» kampaniyasına başladığı bildirilir.



Müsavat partiyası başqanının müavini Mehman Cavadoğlu 2000-ci ilin parlament seçkiləri ərəfəsində də oxşar üsuldan istifadə edildiyini, partiya üzvlərinin terrorçu kimi təqdim olunduğunu xatırladır.



Mehman Cavadoğlunun sözlərinə görə, Pirəli Orucov Müsavat partiyasına 3-4 ay əvvəl üzv olub. Və Milli Təhlükəsizlik Nazirliyinin təqdim etdiyi kimi partiyanın rəhbərliyində təmsil olunmayıb, sadəcə sıravi üzvdür.



Bununla belə, Mehman Cavadoğlu hesab edir ki, sözügedən məsələ araşdırılmalıdır. Və bir də istintaq orqanlarının həbs olunmuş şəxslərdən hansı üsulla ifadə aldıqlarını da unutmaq olmaz.



«Borçalı» Cəmiyyətinin rəhbəri Eyvaz Borçalı da bu gün bəyanatla çıxış edərək bildirib ki, Pirəli Orucov onun rəhbərlik etdiyi təşkilatda fəal vətəndaş mövqeli insan kimi tanınıb. Ona qarşı yürüdülən ilkin ittiham qeyri-realdır və gülüş doğurur.



Seçki Texnologiyaları İnstitutunun rəhbəri Şirzad Məmmədli isə hesab edir ki, güc strukturlarının yaydığı bu məlumat şübhə doğurur. Hər halda, bir müddət əvvəl də başqa bir müsavatçı Tofiq Əsədov həbs edilmişdi.



Texnoloqun fikrincə, seçkiyə beş ay qalmış belə bəyanatlar hakimiyyətin xoş niyyətindən soraq vermir. Və əslində, seçki ərəfəsində belə texnologiyaların istifadəsi gözləniləndir.
XS
SM
MD
LG