Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:34

Kəmərləri olan ölkələr Bakı neftinə maraq göstərir


Səs: Real audio
Bu, Azərbaycan Seçki Məcəlləsinə dəyişikliklər haqqında qanun layihəsi ilə bağlı Venesiya Komissiyasının açıqladığı rəydə bildirilir İyunun 7-də Bakıda «Xəzər neft-qaz 2005» beynəlxalq sərgisi öz işinə başladı. 29 ölkədən 335 şirkətin iştirak etdiyi bu beynəlxalq sərgi və konfransda Azərbaycanın və başqa ölkələrin dövlət rəsmiləri, yerli və xarici iş adamları ilə yanaşı ölkədəki diplomatik korpusun nümayəndələri və başqa qonaqlar da iştirak edir.



Tədbirdə diqqəti çəkən məqamlardan biri Rumıniya İqtisadiyyat və Əmək Nazirliyinin məsul nümayəndəsi Demetr Atillanın öz ölkəsinin regionun enerji ehtiyatlarına marağından danışması oldu. Çıxışı zamanı o dedi ki, Rumıniya regiondan Avropaya enerji ehtiyatlarının nəqlinə dair iki layihədə iştirak edir. Bu layihələrin birincisi Türkiyə və Gürcüstan sərhədlərindən Rumıniya vasitəsilə Avstriyaya qaz ixracı sisteminin yaradılmasını nəzərdə tutur.



Demetr Atillanın sözlərinə görə, Rumıniya həmçinin Konstansa – Triest neft kəməri layihəsinin iştirakçısıdır. Uzunluğu 1360 km. olan bu kəmər Rumıniya, Serbiya-Çernoqoriya və Xorvatiyadan keçməklə İtaliyaya – Adriatik dənizi sahillərinədək uzanır.



Bir qolu Venesiyada neft emalı zavodlarına istiqamətlənəcək bu kəmər neftin Almaniya və Avstriyaya nəqlinə imkan verən neft kəmərləri sistemi ilə birləşdiriləcək.



İqtisadçı-ekspert İlham Şaban da deyir ki, hazırda Rumıniya neft-qaz layihələrində tranzit ölkə rolunu inkişaf etdirməyi qarşısına məqsəd qoyub. Bu ölkə Azərbaycanın «Şahdəniz» yatağından çıxan qazın Avropa ölkələrinə çatdırılması layihələrinə qoşulmaq imkanı əldə etməyə çalışır.



İlham Şabanın sözlərinə görə, «Rumıniya Rusiyaya belə bir təklif verə bilmir. Çünki, Rusiya əvvəllər olduğu kimi Avropada öz hegemonluğunu saxlamaq istəyir. Ona görə də bir sıra ölkələr Rusiya neft və qazından asılı olmamaq üçün digər hasilatçılara üz tuturlar. Bu baxımdan Rumıniyanın Azərbaycana müxtəlif layihələrlə müraciət etməsi anlaşılandır. Bir neft satıcısı kimi bu Azərbaycan üçün çox önəmlidir».



ABŞ prezidenti Corc Buşun «Xəzər neft-qaz 2005» sərgisinə ünvanladığı təbrik məktubunda isə BTC-nin Şərq-Qərb enerji dəhlizinin reallaşması yolunda nəhəng addım olduğu bildirilir. Amma məktubda Azərbaycanda demokratiyanın inkişaf etdirilməsi məsələsinə də yer ayrılır. Corc Buşun məktubunu tədbirdə ABŞ energetika nazirinin müavini Castin Svift oxudu.



"Biz Azərbaycanın neft və qaz sektorundan olan gəlirlərinin idarə olunmasında şəffaflığı artırmaq səylərini salamlayırıq. ABŞ dünyada enerji təhlükəsizliyini inkişaf etdirmək, Azərbaycan xalqı və bölgə üçün əmin-aman, firavan və demokratik gələcəyə nail olmaqdan ötrü sizinlə birgə çalışmaqda davam edəcək".



Politoloq Rasim Musabəyovun fikrincə, Corc Buşun öz məktubunda demokratiya məsələsinə toxunmasında əsas məqsəd Birləşmiş Ştatların neft ölkələrində təkcə öz xeyrini düşünmədiyini, eyni zamanda həmin dövlətlərin xalqlarının hüquqlarının qorunmasında, onların rifahının yaxşılaşmasında maraqlı olduğunu ortaya qoymaqdır.



Rasim Musabəyov deyir ki, bütün bunlar təsadüfi deyilən fikirlər yox, Birləşmiş Ştatların bölgədəki siyasətinin təzahürüdür.
XS
SM
MD
LG