Keçid linkləri

Təcili xəbərlər
2023, 02 Dekabr, şənbə, Bakı vaxtı 22:50

Bahalaşmanın qarşısı nə vaxt alınacaq?


Səs: Real audio
“Kərimov bugünkü Səddam Hüseyndir” Qənimət Zahidov «Azadlıq» qəzetindəki məqaləsində son günlər kütləvi aksiyalar keçirmək istəyən partiyaların nümayəndələrinə edilən təzyiqlərdən yazır. Müəllif bildirir ki, müxtəlif vaxtlarda davamlı olaraq belə işlərin görülməsi ciddi narazılıqlara gətirəcək. Müəllifə görə, bu, parlament seçkilərində verdiyi səsləri tələb etməmələri üçün sıravi insanların gözünü qorxutmaqdan savayı bir şey deyil. O, hesab edir ki, partiya mənsubiyyəti olan insanlarla belə davranış hakim komandadan gələn xəbərdarlıq kimi də yozula bilər . Bir qədər də dəqiqləşsə, bu, «üzdə olan adamlarla belə davranırıq, görün, sizinlə nələr baş verə bilər» formasında ictimaiyyətə ünvanlanan xəbərdarlıqdır.



«Exo» qəzeti hazırda Ermənistana səfərdə olan Rusiya Dumasının deputatı Konstantin Zapulinlə müsahibə dərc edib. Cənab Zapulin bildirib ki, Azərbaycan artıq bir neçə ildir sərbəst fəaliyyət göstərən Dağlıq Qarabağa müstəqillik verməlidir. Onun fikrincə, istənilən halda Ermənistan bu əraziləri Azərbaycana qaytarası deyil. O, həmçinin 7 rayonun qaytarılması ilə bağlı məlumatlara münasibətini bildirib. Deyib ki, bu, Dağlıq Qarabağa müstəqillik verilməsinin qarşılığı olaraq atılacaq addım ola bilər. Ölkəsinin artıq bu proseslərdən kənarda qaldığını söyləyən Konstantin Zapulin deyib ki, onlar üçün bu ərazilərin kimdə olmasının elə bir əhəmiyyəti yoxdur. Amma gec-tez bu ərazilərin rəsmi olaraq Ermənistana veriləcəyindən də əmindir.



«Ayna» qəzetində Xəqani Səfəroğlunun müəllifi olduğu «Corc Buşdan Qafqaz üçün növbəti inqilab vədi» məqaləsində bildirilir ki, Amerika prezidenti Qafzaq və Mərkəzi Asiyada baş verənləri insanların öz istəklərinin nəticəsi adlandırır. Müəllif bildirir ki, MDB məkanına daxil olan keçmiş sovet respublikalarında belə dəyişikliklərə ehtiyac duyulan ölkələr çoxdur. O, yazır ki, bu cür bəyanatlarda Qafqaz regionunun adı vurğulansa da, nədənsə, həmin dəyişikliklər Azərbaycanda nəzərə çarpmır.

Müəllif hesab edir ki, bunun əsas səbəblərindən biri Qərb iş adamlarının buraya qoyduğu yatırımlarla bağlıdır. İri sahibkarlar öz əmlaklarının toxunulmazlığına qarant olmadığına görə həmin dəyişikliklərin ölkədə baş verməsinə ciddi-cəhdlə mane olurlar.



«Üç nöqtə» qəzetindəki «Bahalaşmanın qarşısı nə vaxt alınacaq» məqaləsində Rəşad Sadıqov yazır ki, hazırda sürətlə davam edən bahalaşma hökuməti ciddi narahat edən amillərdən biri kimi qalmaqdadır. Müəllif hesab edir ki, bahalaşma əhalinin sosial durumu ağır olan təbəqəsinin vəziyyətini bir qədər də çətinləşdirir. Məqalədə bildirilir ki, elə bu səbəbdən hökumət imkansız ailələri bir sıra komunal ödənişlərdən azad etmək üzərində düşünür. Artıq «Azəriqaz» və «Azərenerji» səhmdar cəmiyyətlərinin mütəxəssislərinin sifarişi ilə Dövlət Sosial Müdafiə Fondu bu güzəştlərin hansı təbəqəyə aid ediləcəyinə dair araşdırmasını yekunlaşdırıb. Yazıda bildirilir ki, aylıq gəliri 190 min manatı ötməyən ailələr bir sıra sosial güzəştlər alacaqlar. Müəllif baş nazir Artur Rəsizadəyə istinad edib yazır ki, bu işlər elə görülməlidir ki, nə vətəndaşa, nə də dövlətə ziyan dəyməsin.
XS
SM
MD
LG