Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:25

Sahibkar məhkəmənin müstəqilliyinə inanırmı?


Səs: Real audio
“Moskvada təcili yardım maşınlarının hərəkəti məhdudlaşdırılıb” Ali və Apelyasiya məhkəmələrinin rəhbərlərinin işdən çıxarılmasıyla sahibkarların problemləri yoluna qoyulacaqmı? Bu suala Bakıda Azərbaycan Sahibkarlar Konfederasiyasının təşəbbüsü ilə keçirilən Dəyirmi masada cavab axtarıldı. Tədbirdə iştirak edən bəzi sahibkarlar buna inanmadıqlarını dedilər. Siyəzən rayonundan olan sahibkar – «Zəmi» kəndli-fermer təsərrüfatının rəhbəri Əhmədşah Zeynalov düşünür ki, məhkəmə sədrlərinin dəyişməsi problemdən çıxış yolu deyil. Əsas problem onun fikrincə, ayrı məsələdədir. «Əsas problem korrupsiyadır, kim rüşvət verirsə, məhkəmələr onun xeyrinə qərar çıxarır».

Biləsüvar rayonundan olan hüquqşünas Gülab Bünyadov isə deyir ki, bölgələrdəki sahibkarlar məhkəmə sistemindəki ədalətsizlikdən daha çox əziyyət çəkirlər. Onun sözlərinə görə, bölgələrdə sahibkarlara ən çox yerli icra hakimiyyəti başçıları problem yaradır. Gülab Bünyadov bildirir ki, bəzi icra hakimiyyəti başçıları həm də qanunsuz olaraq sahibkarlıqla məşğuldurlar və onlara sərf etməyən sahibkarları sıradan çıxarmaq üçün ən müxtəlif üsullara əl atır, o cümlədən yerli məhkəmələrdən istifadə edirlər.

Azərbaycan Sahibkarlar Konfederasiyasının rəhbəri Ələkbər Məmmədov isə deyir ki, sahibkarların məhkəmələrdə üzləşdikləri haqsızlıqların bir qismi, bütün vətəndaşlar üçün ümumi olan problemlərdir – məsələn, korrupsiya və süründürməçilik. Başqa bir qism problemlər isə sırf iqtisad məhkəmələriylə bağlıdır. O deyir ki, iqtisad məhkəmələrindəki hakimlərin sayı çox azdır və bu, orada baxılan işlərin keyfiyyətinin aşağı düşməsinə gətirib çıxarır. Ələkbər Məmmədov hesab edir ki, iqtisad məhkəmələrində dartışılan işlərə sonradan yuxarı instansiya olaraq Ali Məhkəmədə baxılması düzgün deyil. Onun fikrincə, Ali Məhkəmədə də iqtisadi işlər üzrə ixtisaslaşmış hakimlər azdır. Ələkbər Məmmədov hesab edir ki, ölkədə yeni bir ixtisaslaşmış qurumun – Ali İqtisad Məhkəməsinin yaradılmasına ehtiyac var.

Hazırda məhkəmədə bir neçə sahibkarın maraqlarını qoruyan vəkil Aslan İsmayılov isə deyir ki, problem heç də məhkəmə sisteminin quruluşunda deyil. Onun fikrincə, sadəcə, məhkəmələrdə korrupsiyanın qarşısının alınmasına yönələn ciddi tədbirlər görülməlidir. «Məhkəmələr auksiona çevrilib, kim çox pul verirsə, onun lehinə qərar çıxarılır». Aslan İsmayılov deyir ki, sahibkarlarla bağlı işlərə ədalətsiz baxılması iqtisadiyyatda haqsız rəqabətə xidmət edir. Bəzi sahibkarlar öz opponentlərini sıradan çıxarmaq üçün rüşvət verib öz xeyirlərinə qərar almağa çalışırlar. Aslan İsmayılov xüsusilə arxasında böyük məmurların dayandığı şirkətlərin məhkəmələrə təsir imkanlarının geniş olduğunu deyir.
XS
SM
MD
LG