Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:53

Milli Məclisdə yenə Amerika səfirindən danışıldı


Səs: Real audio
"Azadlıq" radiosunun Norveç Krallığının Azərbaycandakı Səfiri Steynar Gillə müsahibəsi “Azərbaycanda fəaliyyət göstərən bir sıra beynəlxalq qurumlar, Qərb dövlətlərinin səfirləri, o cümlədən də ABŞ səfiri əsasən 3 müxalifət partiyası ilə münasibət saxlayaraq digərlərini saymırlar. Bunun səbəbi cəmiyyətə aydın deyil”.



Milli Məclisin aprelin 12-də keçirilən iclasında Yurddaş partiyasının sədri, millət vəkili Mais Səfərli belə dedi.



Onun fikrincə, Azərbaycandakı beynəlxalq təşkilatlar və diplomatik missiyalar ölkədə çoxpartiyalı sistem olduğunu unutmamalıdırlar.



Azərbaycan Kommunist partiyası sədrinin müavini, millət vəkili Rauf Qurbanov isə deyir ki, «ABŞ-ın Bakıdakı səfiri Rino Harnişin respublikanın bölgələrinə son səfəri zamanı yol verdiyi hərəkət və bəyanatlar ciddi narahatlıq doğurur. O, bölgələrə səfər edərək radikal müxalifətin nümayəndələri ilə bağlı qapılar arxasında görüşlər keçirir, bilərəkdən digər partiyaları bu görüşlərə dəvət etmir.



Görəsən, bu yaxınlığın arxasında nə durur? Radikal müxalifəti dəstəkləməklə Azərbaycanın siyasi hakimiyyətinə təzyiq edib onu növbəti güzəştlərə məcbur etməkmi?»



Rauf Qurbanovun sözlərinə görə, cənab Harniş unudur ki, Azərbaycan xalqı onun siyasi təzyiq vasitəsi kimi nəzərdə tutduğu siyasi qüvvələri artıq çoxdan tarixin arxivinə yollayıb.



«Təəssüflə deyim ki, Rino Harnişin bu hərəkəti ABŞ-ın bəzi post—Sovet ölkələrindəki səfirlərinin hərəkətlərinin eynidir».



Kommunist partiyası sədr müavininin fikrincə, Azərbaycanda heç bir destruktiv qüvvələrlə dialoqa ehtiyac yoxdur. Demokratik seçki proseduru isə hər hansı xarici qüvvənin təsiri olmadan həyata keçirilə bilər.



AXCP-dən olan millət vəkili Qulamhüseyn Əlibəyli isə hesab edir ki, «əgər Azərbaycanda qanunlar işləsəydi, iqtidarla müxalifəti daloqa, hansısa razılaşma imzalamağa kənardan çağırışlar olmazdı. Rino Harnişin rayonlara çıxması və görüşlər keçirməsini heç də şişirtmək lazım deyil. ABŞ səfiri bölgələrə getməzdən əvvəl bunu ölkə rəhbərliyi ilə razılaşdırır».



Cənab Əlibəylinin fikrincə, parlamentdə səfirlə bağlı səslənən iradlar əslində hakimiyyətə ünvanlanmalıdır.



Deputat Elman Məmmədov isə Rino Harnişin yalnız Bakıya yox, bütün Azərbaycana səfir təyin edildiyini bildirdi və səfirin gedib regionları gəzməsində də qeyri –adi bir şey olmadığını dedi.



«Səfir regionlara çıxıb görüşlər keçirsin, ancaq Azərbaycan dövlətçiliyinin əleyhinə təxribat xarakterli fəaliyyətlə məşğul olmasın».



YAP Siyasi Şurasının üzvü, millət vəkili Musa Musayev isə ABŞ səfirinin Azərbaycanda heç bir siyasi gücə malik olmayan müxalifət partiyalarının liderləri ilə görüşüb məsləhətləşmələr aparmasına inanmadığını deyir.



Onun fikrincə, Rino Harniş bütün deyilənlərə aydınlıq gətirməlidir.



«Əhali narahatdır və insanlar elə düşünür ki, səfirin dedikləri Amerika dövlətinin mövqeyidir. Bu, qətiyyən belə deyil. ABŞ Azərbaycanın dostu və müttəfiqidir. O, Azərbaycanda hər hansı bir təxribat törətməyə çalışmaz».



Spiker Murtuz Ələsgərov da ABŞ səfiri ilə bağlı məsələdə deputat həmkarlarının fikirlərinə tərəfdar olduğunu bildirdi. Ancaq o dedi ki, bu cür işlər yalnız Milli Məclisin bəyanat verməsi ilə həll olunmur. Bu məsələ müvafiq orqanlarda araşdırılır.



«Hazırda Xarici İşlər Nazirliyində bu məsələ ilə bağlı ciddi iş aparılır. Güman edirəm ki, hər kəsə öz yeri göstəriləcək və heç kim Azərbaycanda hər hansı bir təxribata, dəyişikliyə nail olmayacaq».
XS
SM
MD
LG