Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:51

«Azərbaycan fürsətdən istifadə edib İrandan bəzi iqtisadi güzəştlər qopara bilər»


Səs: Real audio
Rusiya prokurorluğu Timoşankonun işinə xitam verəcək Azərbaycanlı ekspertlər bildirlər ki, Azərbaycan ərazisindən keçməklə Rusiyadan İrana dəmir yolunun çəkilməsində daha çox İran maraqlıdır, bu məsələdə təşəbbüskar da İran tərəfidir, çünki bu, İranın nəqliyyat strategiyasına daxildir, İran istəyir ki, şərqdən qərbə və şimaldan cənuba gedən nəqliyyat yolları onun ərazisindən keçsin. «Trend» agentliyinin eksperti İbrahim İbrahimov deyir ki, istər şimal-cənub dəmiryolu layihəsində, istərsə də başqa iri layihələrdə İranın məqsədi həm də Azərbaycanı iqtisadi baxımdan mümkün qədər çox özünə bağlamaqdır, onun fikrincə, burda siyasi məqsəd də var, İran çalışır ki, Azərbaycanı öz təsir dairəsində saxlasın və bu yolla Qərb ölkələrinin regiondakı təsirini azaltsın. İbrahim İbrahimov deyir ki, şimal-cənub dəmiryolu layihəsi iqtisadi baxımdan Azərbaycana da sərfəlidir, Azərbaycan tranzit ölkə kimi bundan böyük gəlir götürə bilər, amma hələ ki Azərbaycan hökuməti bu layihəyə ehtiyatla yanaşır. Çünki bu layihə Ermənistanın blokadadan çıxmasına gətirib çıxara bilər. İbrahim İbrahimov deyir ki, Azərbaycanla İran arasmda iqtisadi münasibətlərdə Azərbaycana ən çox sərf edən layihələr enerji sektoruyla bağlıdır. Çünki onun fikrincə, nə qədər ki Naxçıvanın blokadası davam edəcək, Azərbaycan muxtar respublikanın qazla və işıqla təminatı məsələsini İranla müştərək layihələr həyata keçirməklə həll edə biləcək.

İqtisadi İnkişaf Assosiasiyasının sədri Orxan Kərimov isə bildirir ki, son 1-2 ildə İranın Azərbaycana iqtisadi sahədə marağının artması müşahidə olunur. Onun fikrincə, bu iqtisadi maraq sırf siyasi niyyətlərdən irəli gəlir. Orxan Kərimov deyir ki, İran Amerika Birləşmiş Ştatlarının mümkün hücumundan və bu zaman Azərbaycan ərazisindən istifadə edilməsi ehtimalından ehtiyatlanır və müxtəlif iqtisadi layihələrlə Azərbaycanı şirnikləndirmək istəyir. Orxan Kərimov hesab edir ki, Azərbaycan bu fürsətdən istifadə edib İrandan müəyyən güzəştlər qopara bilər. Məsələn, Azərbaycan məhsullarının İran bazarına çıxarılması şərtlərininin asanlaşmasına nail ola bilər.

Azərbaycanın İrandakı keçmiş səfiri Nəsib Nəsibzadə isə hesab edir ki iki ölkə arasında iqtisadi münasibətlərin potensialı çox böyükdür. Sadəcə onun fikrincə, ortada bəzi həlli müşkül siyasi problemlər var ki, iqtisadi əlaqələrin genişlənməsinə maneçilik törədir. Nəsib Nəsibzadə xatırladır ki, Azərbaycan müstəqillik qazanandan sonrakı ilk illərdə ən böyük ticarət dövriyyəsi İranla idi. Amma sonradan bir sıra siyasi problemlərə görə vəziyyət dəyişdi və həmin problemlərin bəzisi bu gün də həll olunmamış qalır. «Bu, İran hakimiyyətinin ölkədəki azərbaycanlılara münasibəti və İranla Azərbaycanın fərqli siyasi orientasiyasıdır».
XS
SM
MD
LG