Keçid linkləri

Təcili xəbərlər
2023, 08 Dekabr, Cümə, Bakı vaxtı 19:50

“Qırğızıstanda inqilab qabağı məşq?”


Səs: Real audio
Putin hakimiyyəti dövründə ən kütləvi etiraz aksiyaları ilə üzləşir --“Eurasia.net”



Yanvarın 7-dən etibarən Qırğızıstan müxalifətinin sarı və narıncı şərfə bürünmüş 150-dək fəalı əvvəlcə parlament, sonra isə hökumət binası qarşısında piket keçirib. Onlar bir qrup keçmiş diplomatın fevralın 27-də keçiriləcək parlament seçkilərində namizədliklərinin qeydə alınmamasına etiraz edirlər.



Bu, nə “qızılgül”, nə də “narıncı” inqilabdır. Amma bir müxalifət fəalının sözlərinə görə, dördgünlük etiraz aksiyası seçicilərin hökuməti azad və ədalətli seçki keçirməyə vadar edəcəyinə bir işarədir.



Buna cavab olaraq prezident Əsgər Akayev yanvarın 11-də televiziya müraciətində qırğız xalqını “inqilab ixracatçıları və təhrikçilərinə qarşı durmağa” çağırıb.



Bəzi analitiklər müxalifət liderlərinin danışmaqdan daha irəli gedəcəklərinə şübhə edirlər. Doğrudur, Qırğızıstanın beş ən iri müxalifət qrupu seçki dövründə əməkdaşlığa dair razılaşma imzalayıb. Amma qırğızıstanlı təhlilçi Aalıbek Akunovun fikrincə, “keçmiş seçkilərdən də göründüyü kimi, müxalifət vahid siyasi qüvvəyə çevrilə bilməyəcək”.



Amma hökumət risk etmək istəmir. Hələlik hakimiyyət nümayişçilərə qarşı heç bir ciddi tədbir görməsə də, onların çadır şəhərciyi qurmaq cəhdi milisin sərt müqaviməti ilə üzləşib.



--“Moskou Tayms”



Qırğızıstan hökuməti küçə nümayişlərinin qarşısını almaq üçün yeni sərt qaydalar tətbiq edir. Bu da Ukrayna və Gürcüstandakı xalq inqilabının həmin ölkədə də təkrarlana biləcəyi ilə bağlı artan narahatlıqdan doğur.



Yeni qaydalara görə, bundan sonra mitinq təşkilatçıları 10 gün əvvəldən hakimiyyəti bundan xəbərdar etməli, icazə aldıqda isə, mitinqləri uzaq meydançalarda keçirməli olacaqlar.



Akayevin sözcüsü Abdil Sergizbayev cümə günü adını çəkmədiyi xarici qüvvələri Qırğızıstanda iğtişaşlara təhrikçilikdə günahlandırıb.



“Yuqoslaviya və Gürcüstanda əsasən, eyni ssenari sınaqdan keçirilib, eyni şeyi Ukraynada da ediblər. İndi Qırğızıstanda baş verənlər “məxməri inqilab” texnologiyasının praktikada tətbiqinin klassik nümunəsidir”.



--“Faynenşl Tayms”



Həftəsonu Rusiyanın müxtəlif regionlarında on minlərlə insan küçələrə çıxaraq imtiyazların pul ödənişləri ilə əvəzlənməsinə etiraz ediblər.



Bu, hakimiyyətdə olduğu 5 il ərzində Vladimir Putinə qarşı ən kütləvi çıxışdır. Ekspertlərin fikrincə, yaxın aylarda etiraz dalğası daha da artacaq.



Güzəştlər sisteminin ləğvində hökumətin bacarıqsızlığı prezident Vladimir Putinin ölkədə populyarlığını sarsıdan siyasi böhrana səbəb olub.



Sabiq baş nazir və Rusiyada bazar islahatlarının memarı Yeqor Qaydar güzəştlərin pulla əvəzlənməsi ideyasını düzgün hesab edir. Amma bununla belə, o, islahatların kifayət qədər yaxşı düşünülmədiyini deyir.



--“Taym”



İmtiyazların ləğvi Rusiyada etiraz tufanına və Putinin ünvanına görünməmiş tənqid axınına səbəb olub.



Politoloq Mixail Delyaqinin fikrincə, öz hərəkətləri ilə Putin Rusiyanı dövlət böhranı və parçalanma təhlükəsi qarşısında qoyub.



Məcmuəyə görə, ola bilsin, bu cür iddialar olduqca şişirdilib. Amma hakimiyyətə bu qədər açıq müqavimət Putinin idarəsi dövründə Rusiyada olduqca nadir haldır. Həm də unutmamaq lazımdır ki, Ukraynadakı xalq dalğasının Rusiyaya da sirayət edəcəyindən qorxan Kreml hazırda möhkəm narahatlıq keçirir.
XS
SM
MD
LG