Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:51

25 vəzifəli şəxsin cinayət işi məhkəməyə göndərilib


Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində 2009-cu ilin yanvarından 25 vəzifəli şəxs haqqında başlanan 15 cinayət işinin istintaqı başa çatdırılaraq baxılmaq üçün məhkəməyə göndərilib. 37 cinayət işinin istintaqı isə davam etdirilir. Xəbəri Prokurorluğun mətbuat xidməti yayıb.

Araşdırmalar zamanı bəlli olub ki, «Aqroservis»in Ağcabədi rayon filialının rəhbəri Qasım Kərimov əkin mövsümü ərəfəsində sakinlərə gübrə satmaq adı ilə 308 min manata yaxın vəsaiti mənimsəyib. Qasım Kərimov haqqında cinayət işi açılıb.

Korrupsiyaya Qarşı Mübarizə İdarəsi «İnter star» beynəlxalq şirkətinə verilməsi sənədləşdirilən 65 min manatlıq kreditin mənimsənildiyini də üzə çıxarıb. Araşdırmalar zamanı bəlli olub ki, «Kapital Bank»ın Qobustan filialının müdiri Pərvin Kazımov qulluq mövqeyindən istifadə edərək 65 min manat məbləği mənimsəyib. Faktla bağlı Cinayət Məcəlləsinin özgə əmlakını külli miqdarda talama maddəsi ilə cinayət işi açılıb.

Korrupsiyaya Qarşı Mübarizə İdarəsi ilə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin birgə apardığı araşdırma zamanı isə məlum olub ki, «Milli Depozit Mərkəzi» Səhmdar Cəmiyyətinin Departamentləşdirmə şöbəsinin rəhbəri Cavanşir Hacıyev qulluq mövqeyindən sui-istifadə edərək xəzinədə saxlanan 862 min manat dəyərində 49 min ədəd özəlləşdirmə payını mənimsəyib. Bu faktla bağlı da cinayət işi başlanıb.
XS
SM
MD
LG